525.Az

Aqrar sektorda biznes informasiya sisteminin yaradılması başa çatıb 


 

Aqrar sektorda biznes informasiya sisteminin yaradılması başa çatıb <b style="color:red"></b>

Avropa İttifaqının (Aİ) texniki dəstəyi ilə Azərbaycanın regionlarında kənd təsərrüfatı üçün biznes informasiya sisteminin yaradılması tam başa çatıb.

525.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə "Kənd yerlərində biznesin informasiya sisteminin yaradılmasına dəstək" (KYBİS) layihəsinin bağlanış mərasiminə həsr olunmuş tədbirdə deyib. 

O qeyd edib ki, ölkənin regionlarında kənd təsərrüfatı fəaliyyətinin inkişafına yönələn bu layihə bir neçə istiqamətdə əhəmiyyət daşıyır:

"Azərbaycan hökuməti idarəetmədə şəffaflığın artırılması vasitələrindən biri kimi geniş strategiya qəbul edib, əhatəli elektron sistemlər formalaşdırıb. Bu gün elektron olmayan dövlət xidmətləri böyük əksəriyyət üçün təəccüblü görünür. Lisenziyalar, vergi, gömrük ödənişləri və s. elektron sistem üzərindən həyata keçirilir. Biz 2014-cü ildən Aİ ilə birgə kənd təsərrüfatı sisteminin qurulmasına başladıq. Bu gün qürurla deyirik ki, elektron kənd təsərrüfatı sisteminin qurulması uğurla başa çatıb".

F.Fikrətzadənin sözlərinə görə, bu gün kənd təsərrüfatında elə bir subsidiya tətbiqi yoxdur ki, elektron kənd təsərrüfatı üzərindən verilməsin: "İstisnasız olaraq, kənd təsərrüfatı istehsalçları ilə Kənd Təsərrüfatı Nazirliyi arasında münasibətlər elektron sistem üzərindən həyata keçirilir. İnvestorlara Azərbaycanın kənd təsərrüfatı sahəsi haqqında lazımi məlumatları əldə etməyə imkan verən layihə və bir çox digər layihələr də var. Gələcəkdə layihənin elektron imkanlarının genişləndirilməsi, eləcə də digər informasiya sistemlərinə inteqrasiyası nəzərdə tutulur".

Mərkəz direktoru qeyd edib ki, bu gün 500-dən çox fermer dövlət subsidiyalarını elektron formada ala, eləcə də digər güzəştlərdən yararlana bilir.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsinin müdiri Elçin İbrahimov bildirib ki, ölkədə biznes mühitinin yaxşılaşdırılması daim ölkə rəhbərliyinin diqqətindədir. 2015-ci ildən bu sahədə islahatlar daha da dərinləşib. 2018-ci ildən elektron lisenziyaların  verilməsinə başlanılıb.

Onun sözlərinə görə, bu il Azərbaycanda elektron qaydada 23 fəaliyyət növü üzrə 900-ə yaxın lisenziya verilib: "Bu il verilmiş lisenziyalarin əksəriyyəti elektron qaydada təqdim edilib.  Hazırda 10 mindən çox qüvvədə olan lisenziya var. Bunların elektron bazaya inteqrasiyası istiqamətində iş aparılır, artıq 20 %-i elektron bazadadır. Hədəfimiz budur ki, lisenziyalar həm “ASAN Xidmət”, həm də KOB evləri vasitəsilə verilsin”.

O əlavə edib ki, indiyə qədər Azərbaycanın sənaye zonalarına 6,3 milyard manat investisiya yatırılıb, 10 mindən çox iş yeri yaradılıb: "Sahibkarların sənaye zonalarına marağı böyükdür. Zonalara investisiya qoyuluşu üçün güzəştli mexanizm formalaşdırılıb”.Avropa İttifaqı nümayəndəliyinin Əməkdaşlıq Departamentinin rəhbəri Viktor Giner  bildirib ki, layihə Aİ-nin maliyyə dəstəyi, Azərbaycan hökumətinin texniki dəstəyi ilə həyata keçirilib: "Biz Aİ-nin ən yaxşı nümunələrindən istifadə etmişik. Azərbaycanda kənd təsərrüfatına töhfə verməyə çalışırıq. Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı hər zaman mühüm rol oynayıb. Hazırda kənd təsərrüfatı ÜDM-nin altı faizini təşkil edir. Amma bu rəqəm daha böyük ola bilər". 

O bildirib ki, Aİ bu prosesdə iştirakdan məmnundur. Layihə xüsusən qeyri-neft sektorunun inkişafı baxımından vacibdir. Onun sözlərinə görə, bu informasiya sistemi Azərbaycanın aqrar sektorunda şəffaflığı artıracaq. Aİ ilə Azərbaycan arasında birgə layihələrinhəyata keçirilməsi kənd təsərrüfatına investisiyaların həcmini artıracaq. Daha sonra KYBİS-in komanda rəhbəri Henri Yorqensen layihə barədə danışıb. 

KYBİS-in təqdimatı zamanı əsas nəticələrə diqqət çəkilib. Bunlar məlumatların avtomatik ötürülməsi, interaktiv məlumatların təsviri və mobil tətbiqetmə funksiyalarını özündə birləşdirən elektron məlumat sisteminin (KYBİS) yaradılması; məlumatların emalı, analizi, ekonometrik metodlar və modelləşdirmə ilə bağlı İN və KTN-in bacarıqlarının gücləndirilməsi; mövcud kənd təsərrüfatı informasiya sisteminin ən yaxşı Aİ təcrübələri əsasında təkmilləşdirilməsi, məhsul istehsalının erkən qiymətləndirilməsi sistemi üzrə planın hazırlanması və pilot qaydada tətbiqi; Quba-Xaçmaz regionu üzrə informasiya sistemindən götürülmüş məlumatlara əsasən interaktiv CİS xəritəsinin yaradılması və bölgələrin sosial-iqtisadi göstəricilərinin inteqrasiyası vasitəsilə yerli biznes imkanlarının göstərilməsində İN-nin müvafiq şöbələrinin bacarıqlarının artırılmasıdır. 
Əsas məqsəd birinci nəticə çərçivəsində hazırlanmış KYBİS portalına xüsusi diqqət yetirməklə, layihəçərçivəsində əldə edilmiş nəticələri yaymaqdır. Bundan əlavə, diqqət olunan nəticələrin və buraxılışların benefisiarlar tərəfindən necə davamlı olacağına yönəldiləcəkdir. 

Pərvanə

 





06.12.2022    çap et  çap et