525.Az

Elektrik cərəyanından necə qorunmalı?


 

Elektrik cərəyanından necə qorunmalı?<b style="color:red"></b>

Bu günlərdə sosial mediada rayonlardan birində bir nəfərin elektrik cərəyanı vurması nəticəsində xəsarət alması barədə xəbər yayılmışdı. Hadisə vətəndaşın yaşadığı evdə, təmir işləri görən zaman baş vermişdi. Ümumiyyətlə, son zamanlar buna bənzər hadısələrin baş verməsi ilə bağlı vaxtaşırı xəbərlər eşidirik. Bəs belə halların qarşısının alınması üçün hansı tədbirlərin görülməsi zəruri və vacibdir?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev qabaqlayıcı tədbirlər görməklə baş verə biləcək belə hadisələrin qarşısını almağın, yaranacaq fəsadları minimuma endirməyin mümkün olduğunu bildirib: "Qabaqlayıcı tədbirlər görməklə insanların belə hadisələrdən daha az zərərlə qurtulmasını təmin etmək mümkündür.  Həm də təkcə istehsalat sahələri, iş yerləri, xidmət sektorlarında yox, evlərdə, ictimai yerlərdə, iaşə müəssisələrində, bir sözlə, insan faktoru olan bütün yerlərdə təhlükəsiz mühit olmalıdır".

Ekspert ilk növbədə elektrik xətlərinin keyfiyyətinin vacibliyini vurğulayıb: "EIektrik təhlükəsizliyi ilə bağlı istər istehsalat müəssisələrində, istərsə də fərdi yaşayış evlərində və çoxmənzilli yaşayış binalarında elektrik təsərrüfatının sazlığına əmin olmaq lazımdır. Nəzərə alaq ki, yanğınların böyük əksəriyyəti məhz elektrik qısaqapanması nəticəsində baş verir. Ev yeni alınıbsa, yaxud təmir olunursa, mütləq keyfiyyətli elektrik naqillərindən istifadə etmək lazımdır. Köhnə evlərdə isə hökmən əvvəlki xətlər yoxlanılmalı, sınaq protoklu tərtib olunmalıdır ki, gərginliyə görə gələcəkdə fəsad yaranmasın. Elektrik gərginliyinin normativləri düzgün hesablanmalı və evdə, yaxud iş yerində istifadə olunan, elektriklə çalışan avadanlıqların həcminə uyğunlaşdırılmalıdır. Həddən artıq yüklənmə naqillərdə qızmaya, alışmaya və qısaqapanmaya gətirib çıxarır".

E.Nurəliyev əhalinin təhlükəsizlik təlimatından məlumatlı olmasının zəruriliyini də qeyd edib: "İnsanlar elektrik gərginliyi ilə bağlı təhlükəsizlik təlimatlarından məlumatlı olmalıdılar. Elektrik gərginliyi ilə təmasdan yarana biləcək fəsadların nəticələri barədə ən azı ilkin bilgiyə sahib olmaq mütləqdir. Ümumiyyətlə, elektrik paylayıcılarında hansısa avadanlığı, qurğunu işlək vəziyyətdə qoyub otağı tərk etmək yolverilməzdir. Elektrik xətlərinin mütləq qoruyucu örtüyü, izolyasiyası olmalıdır. Baxımsız və nasaz vəziyyətdə olan elektrik xətləri vaxtında aşkarlanıb təmir edilməlidir".

Ekspert belə hadisələrin əsasən səhlənkar yanaşmadan qaynaqlandığını da istisna etməyib: "Baxırıq ki, idarələrdə, təşkilatlarda, yaxud evlərdə elektrik xəttində nasazlıq baş verir, aylarla nəzarətdənkənar, açıq vəziyyətdə qalır. Təbii ki, məlumatsız bir adamın onunla təması bədbəxt hadisəni qaçılmaz edir. Uşaqlar elektrik qurğularının nə qədər təhlükəli olduğunu dərk etmirlər və bilmədən toxunmaqları xoşagəlməz hadisələrin yaşanması ilə nəticələnir. Buna görə mütləq qaydada təhlükəsizlik təlimatlarını uşaqlara da aşılamaq və onları nəzarətsiz qoymamaq lazımdır".

Ekspert elektrik xətlərinin vaxtında yoxlanılması, yenilənməsi məsələsinə də toxunub: "Nəzərə almaq lazımdır ki, elektrik cərəyanı ilə çarpma halları adətən cərəyandan düzgün istifadə olunmadıqda, yaxud elektrik cərəyanında təmir işləri həyata keçirilərkən baş verir və çox zaman acınacaqlı sonluqla nəticələnir. Elektrik cərəyanı insan həyatı üçün olduqca böyük risk daşıyır. Bütün idarə və müəssisələrdə elektrik xətləri bir ildən gec olmayaraq yoxlanılmalı və nasazlıq varsa, dərhal aradan qaldırılmalıdır. Bəzən elektrik şitlərində, yaxud transformatorlarda qoruyucu çəpərlənmə olmur, qapısı açıq vəziyyətdə qalır və bədbəxt hadisələr baş verir. Ona görə də bu cür gərginlikli ərazilərə kənar şəxslərin girişi qadağandır. Hətta elektriklər belə ora daxil ola bilməzlər. Belə təhlükəli yerlərə yalnız rəsmi akkreditasiyadan keçmiş, icazəli şəxslərin girişi təmin olunur. Bəzən orada hansısa yanğın hadisəsi baş verəndə onu qeyri-peşəkar şəxslər söndürməyə cəhd edirlər ki, bu da yolverilməzdir. Belə yüksək gərginlikli transformatorlarda baş verən yanğının söndürülməsi yalnız peşəkar yanğınsöndürmə qruplarına həvalə olunmalıdır. Buna görə də gərginliklə və elektrik qurğuları ilə bağlı həm idarə və müəssisələrdə, həm də fərdi yaşayış evlərində böyüklər və uşaqların müəyyən biliklərə malik olması gələcəkdə baş verə biləcək xoşagəlməz halların qarşısını ala və ya minimuma endirə bilər".

Jalə QULİYEVA
BDU Jurnalistika fakültəsinin tələbəsi

 





06.12.2022    çap et  çap et