525.Az

Gəmidə oturub gəmiçi ilə dava eləməyin axırı - Sosial şəbəkədə yazılanlar


 

Gəmidə oturub gəmiçi ilə dava eləməyin axırı - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Aytəkin Alxaslı, jurnalist:

- DTX-nın son günlər Naxçıvanda keçirdiyi xüsusi əməliyyatları diqqətlə izləyirəm və dəstəkləyirəm. İllər öncə Naxçıvanda gördüklərimü, məruz qaldığım haqsızlığı heç vaxt unutmaram.

HAQQ qiyamətə qalmır, həqiqətən.

 

Elçin Əlibəyli, jurnalist:

- Onu alim kimi, sonra dramaturq, yazıçı və insan kimi tanıdım, bütün statuslarda öz ifadələri ilə seçildi! Çox az adam Kamalın əsl mahiyyətini bilir! O, göründüyü kimi güclü deyil, içində olduqca kövrək, hamını anlayacaq, həmişə gənc olan bir yazarı gəzdirir. İllər keçsə, kreslolar dəyişsə də, içində olan o azad ruhlunun yaşı belə, dəyişmir. Bu gün mən Kamal Abdullanı və içində daşıdığı yaşı bilinməz azad ruhu təbrik edirəm, doğumunuz mübarək! Kamal Abdulla çağdaş mədəniyyətimizin fədəkarı olduğunu bildiyimdən, təşəkkür edib, yolun davamlı olmasını diləyirəm!

 

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- Bizim sakit, mərifətli, böyük-kiçik tanıyan Beyləqan Azərbaycanda vendettanın (qan düşmənçiliyi) mərkəzinə çevrilib. Çox təəssüf! Niyə insan öldürmək (həm də dörd nəfəri birdən!) cücə başı kəsməkdən asan olub? Cəmiyyətdəki bu nifrət və dözümsüzlük haradan qaynaqlanır?

P.S. Mənim üçün eyni dərəcədə doğma olan Buzovnada üç nəfərin qətli ilə bitən müdhiş cinayətdən də eyni dərəcədə üzgünəm...

 

Əli Məhərrəmli, bloger:

- Azərbaycan ilk dəfədir Laçın dəhlizini təktərəfli qaydada bağlayıb, bir neçə saat ərzində dəhlizdə kilometrlərlə uzanan tıxac yaranıb. Əslində bu, Rusiya sülhməramlıları və Qarabağın erməni əhalisi üçün açıq mesajdır. İndiyədək sülhməramlıların müvəqqəti nəzarət zonasına münasibətdə Azərbaycan tərəfi yetərincə dözümlü davranırdı. Ancaq son günlər rusların ardıcıl təxribatçı davranışlarına bir şəkildə cavab verilməli idi və verildi. Erməni əhalisi anlamır ki, rusların arxasında gizlənərək azad yaşamaq mümkün olmayacaq. Gəmidə oturub gəmiçi ilə dava eləməyin axırı yaxşı olmur...

 

Elçin Hüseynbəyli, yazıçı-dramaturq:

- Özünə güvənməyən insanlar ətrafının (həmkarlarının, qonşularının, bəzən ən yaxınlarının da) uğursuz olmasını istəyir, özünə güvənənlər isə, əksinə. Səbəbi? Məncə, ikinci qrupa daxil olanlar nikbindirlər və hamıdan güclü olduqlarını düşünürlər...

 

Əsəd Cahangir, tənqidçi:

- Əlisa Nicata edilən yardımlar gözəldir, amma çox abartdılar. Yaxşı görünmür! Gərək sağ əlin vediyini sol əl bilməsin! Amma deyəsən, kişi özü heç belə şeylərin umurunda deyil, soyuqdan o qədər əziyyət çəkib ki, hələ sadəcə istinin sevincini yaşayır.

 

Asif Nərimanlı, jurnalist:

- Laçın dəhlizində əslində nə baş verdi?

Ermənilər Azərbaycanın Laçın dəhlizini bağladığı, Qarabağdakı erməni əhali üçün "həyati əhəmiyyət" kəsb edən yolun qarşısını kəsdiyi yöndə kampaniya aparır: bununla göstərmək istəyirlər ki, "Qarabağdakı erməni əhali Azərbaycanın tərkibində yaşaya bilməz", "separatçı-terrorçu rejim, eyni zamanda, onların müdafiə edən tərəflər olmasa, erməni əhali çətin vəziyyətdə qalacaq".

Azərbaycanın ümumiyyətlə Laçın dəhlizini bağlamaq planı yoxdur: Bakının tələbi budur ki, humanitar məqsədlər üçün nəzərdə tutulan yoldan təxribat və hərbi məqsədlər üçün istifadə edilməsin; son olaraq, Sarıbaba yüksəkliyinə basdırılan minaların Laçın dəhlizindən gətirilməsi, o cümlədən, İran vətəndaşlarının Qarabağa qeyri-qanuni olaraq keçidinə icazə verildiyinə dair məlumatlar da bunun zəruriliyini bir daha ortaya çıxardı.

Bu gün Xankəndi-Gorus yolunda baş verənlər də Azərbaycanın öz suveren ərazilərində hərəkət etməsidir. Son məlumatlara görə, azərbaycanlı mütəxəssislər Xankəndiyə yollanıblar. Orada Qarabağ iqtisadi rayonunda regionunda ekoloji monitorinqin təşkili ilə bağlı müzakirələr aparılacaq. Bu o deməkdir ki:

Birincisi, Azərbaycan Qarabağ iqtisadi rayonunda ekoloji monitorinqlərə start verir;

İkincisi, Azərbaycan öz suveren ərazisində istədiyi addımı ata biləcəyini nümayiş etdirir;

Bu, həm də Bakının sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə ekoloji monitorinq üzərindən daxil olması deməkdir. Artıq proses başlayıb və şübhəsiz ki, davamlı olacaq.

lll

Volkov Azərbaycan toponimlərinin erməni adlarla göstərilməsinin günahını Rusiya Müdafiə Nazirliyinin üzərinə yıxıb: deyir ki, sülhməramlılar Azərbaycan tərəfinin göndərdiyi adlardan istifadə edir; hətta təəssüflə qeyd edir ki, Moskvadakılar bu adlara düzgün əməl etmir.

Andrey bununla bizi sadəlövh yerinə qoyur, "biz yaxşıyıq, Rusiya Müdafiə Nazirliyi pisdir" deyir. Təbii ki, sülhməramlıların komandanı tabe olduğu yuxarıdakıların əleyhinə getmir, sadəcə ona verilən təlimata uyğun olaraq günahı tabe olduqlarının üzərinə yıxır, "yaxşı polis" rolunu icra edir.

Və bu, Rusiyanın hələ çar dövründən mövcud olan "yaxşı polis, pis polis" siyasətinin tərkib hissəsidir.

Əvvəl də qeyd etdiyimiz kimi, Azərbaycan adların doğru yazıldığı xəritəni Rusiya Müdafiə Nazirliyinə göndərməli, buna əməl edilmədiyi müddətdə hər dəfə dərc etməli, o cümlədən, sovetdən qalma xəritələrin dəyişdirilməsi məsələsini diplomatik kanallarla da Moskvanın qarşısında qaldırmalıdır.

Buna paralel olaraq, Qarabağda bu gün atılan addımları da intensivləşdirməliyik. Çünki problemlərin həlli gücdən, diktədən keçir, bir az hərəkətə keçən kimi hətta Volkov da "imana gəldi".

 

Fərid Pərdəşünas, texnobloger:

- Feysbukun 2 ildir eləmək istəyib, eləyə bilmədiyi avatar xidmətini bir süni zəka ilə başqa bir şirkət həll elədi ("Prisma Lab"). İndi feysbukda hamının avatarı "Lensa" ilə hazırlanıb. Ehtimal edirəm ki, feysbuk bu tətbiqi almaq istəsin. Bu süni zəka həqiqətən mükəmməl çalışdı və bizə bir şey barəsində qorxulu mesaj verdi.

Biz düşünürdük ki, süni zəkalar ənənəvi işləri zamanla əlimizdən alacaq, amma görünən odur ki, əksinə, süni zəkalar elə rəqəmsal peşələri aradan çıxarmağa başlayıblar. Məsələn, artıq bir avatar üçün dizaynerə ehtiyac yoxdur. Bəsit sayt yığmaq üçün proqramçılara gərək yoxdur. Musiqi bəstələmək? AI bacarar. Siz sadəcə onlara nümunə göstərin, onlar lazım olanı verəcək. Rəqəmsal işlərin əvəzlənməsi onlar üçün daha rahatdır. Çünki bu peşələr onların başa düşdüyü dildə hazırlanıb. Necə deyərlər, süni zəkalar sağ göstərib, sol vurdular.

 

Orxan Cəbrayıl, həkim:

- Mənim Laçına ilk səfərim Laçının işğaldan azad edilməsindən 10 ay sonraya təsadüf edir. AzTV telekanalı kəndimizdə çəkilişlər edirdi, sağ olsunlar məni də dəvət etmişdilər.

Sonrakı səfərlərim isə Kənd Təsərrüfatı Nazirliyinin layihəsi əsasında olub, bir çox fermerlər kimi, biz də Qax rayonunda olan arıçılıq təsərrüfatımızı Laçına köçürmüşdük. Ona görə tez-tez gedib-gəlirdim.

Ən son səfərim isə bir neçə gün öncə Laçının işğaldan azad olunmasının 2-ci ildönümü ilə bağlı oldu. Yenə AzTV-nin təşkilatçılığı və dəvəti ilə gedib çəkilişlərdə iştirak etdik.

Laçına səfər etmək hər bir laçınlının arzusudur. Allah hamını arzusuna yetirsin.

Ancaq nə yazıq ki, Laçına gedə bilməyən bəzi insanlar gedənlər haqqında xoş olmayan ifadələr, tənəli sözlər yazırlar. Belə yazıları tanıdığın, hörmət etdiyin, dəstək olduğun insandan görmək isə çox üzücü bir haldır.

Laçın işğaldan azad olunandan sonra 10 ay müddətində mən də gedə bilməmişdim, amma heç vaxt gedə bilənlərin nə paxıllığını çəkmişəm, nə də onlar haqqında pis bir fikirdə olmuşam. Tam əksinə, onların adına sevinmişəm.

Nə bilim vallah, Laçına pis niyyət və xəbis duyğularla getməkdənsə, getməmək daha yaxşıdır. Əvvəlcə bir az arınmaq daha yaxşı olar.

 

Ərşad Hüseynov, hüquqşünas:

- Dünən axşam Beyləqanda törədilən ailə qətliamı, bundan bir neçə gün əvvəl Buzovnadakı bənzər cinayət və son zamanlar tez-tez rast gəldiyimiz başqa bu kimi dəhşətli hadisələr çətin suallar doğurur: Bu cəmiyyətdə nə baş verir? Bu qədər aqressiya haradan qaynaqlanır? İnsanlıq münasibətləri niyə bu qədər tükənməkdədir?

Beyləqanda az qala bütöv bir ailənin məhvinə gətirən cinayət barədə ilkin xəbərlər çox ciddi mənəvi-psixoloji, hüquqi, sosioloji və s. böhrandan, elementar insanlıq münasibətlərinin deqradasiyasından xəbər verir. Özü də bu aşınmanın dairəsi genişlənməkdə, məzmunu isə zənginləşməkdədir.

Beyləqandakı qətliamın ilkin səbəblərində deyilir ki, iki qonşu arasında son mübahisə birinin o birisinin evinə gedən yolu naqillə kəsməsi üstündə olub. Bu məzmunlu mübahisə niyə belə amansız cinayətə gətirib çıxarır? Məncə, ona görə ki:

- birincisi, insanlar min illər boyu formalaşan normal birgəyaşayış qaydalarına riayət edə, qonşuluq münasibətləri saxlaya, fikir və maraq ayrılıqlarını həll edə bilmirlər. Bu o deməkdir ki, elementar insani münasibətlər aşınıb, adamlar bir-birinə dözə bilmirlər, empatiya yoxdur, əvəzində nifrət var;

- ikincisi, insanlar öz aralarındakı maraq toqquşmalarını hüquq çərçivəsində məhkəmə yolu ilə, hüquq-mühafizə sistemi vasitəsilə ədalətlə həll etməyə inanmırlar, buna ümid itib. Bu, həm də məhkəmə-hüquq sistemimizin ciddi böhranıdır;

- üçüncüsü, insanlarda aşırı aqressiya var. Aqressiya o həddə çatıb ki, 50, 100 il əvvəl bir ağsaqqalın (ağbirçəyin) öyüd-nəsihəti ilə həll edilən, həmin ağsaqqalın (ağbirçəyin) müdaxiləsinədək uzaq başı saçyolduyla və ya çomaq davası ilə bitən fikir ayrılığı tüfəngdən açılan atəşlə, özü də bütöv ailəni tək-tək hədəfə alan atəşlə nəticələnir.

Çox şey yazıb, sizi yormaq istəmirəm. Amma bu dəhşətə son qoyulmalıdır. Dövlət qurumları sosioloqları, kriminoloqları, psixoloqları, hüquqşünasları cəlb etməklə dərin araşdırmalar aparmalıdır. Bunu yaradan mühit aydınlaşdırılmlıdır. Konkret addımlar müəyyən edilməli və əməli iş görülməlidir.

Bir daha təkrar vurğulamaq istəyirəm: bir insanın hansısa mübahisəyə görə bir ailənin az qala bütün üzvlərini qətlə yetirməsi, bunun bir neçə gündən sonra başqa biri tərəfindən törədilməsi üstündən sükutla keçiləcək kriminal xəbər deyil. Dəyişmək və dəyişdirmək lazımdır.

 





06.12.2022    çap et  çap et