525.Az

“Ən çox ziyanı Fransanın özü çəkəcək və çox peşman olacaq”


 

“Ən çox ziyanı Fransanın özü çəkəcək və çox peşman olacaq”<b style="color:red"></b>

“Demokratiyadan dəm vuran Fransa Milli Assambleyasının tarixi gerçəkliyə və reallığa zidd olan belə bir iyrənc qətnaməni qəbul etməsinin başlıca səbəbi müdafiə etdiyi işğalçı Ermənistan üzərində Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəni qəbul edə bilməməsi, Cənubi Qafqaz regionunda yürütdüyü ədalətsiz, qərəzli siyasətinə, ermənipərəst mövqeyinə görə Azərbaycan dövlətinin sol əlinin arxa tərəfi ilə qovulmasıyla bağlıdır. Fransanın belə davranışında başlıca məqsədi qovulduğu regiona yenidən düşmənçilik və qarşıdurma yaradaraq burnunu soxmaq və Azərbaycana təzyiq etməkdir”.

525.az xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı deyib. O qeyd edib ki, bu qətnamə bizim üçün sənəd deyil, heç bir hüquqi qüvvəsi yoxdur, qəbul edildiyi andan cırılıb atılıb və istifadəyə yararsız tualet kağızıdır:

“Belə bir kağız parçasından onu qəbul edənlər gecələr Parisin Şanze Lize küçəsində istifadə edə bilərlər.
Kağız parçası Azərbaycan ictimaiyyətində kəskin etiraz yaradır. Hər şeydən əvvəl, ona görə ki, bu kağız parçası Fransanın özünün də imzası ilə qəbul edilmiş BMT nizamnaməsinə, beynəlxalq hüquq normalarına və beynəlxalq adətlərə ziddir, onların ayaq altına atılmasıdır. Fransa qanunvericiləri həddlərini aşaraq dövlətimizin daxili işlərinə qarışmağa cürət etməyə uğursuz cəhd ediblər və kobud səhv eləyiblər. Belə bir cəhdi qətiyyətlə rədd edirik. Heç bir ölkə daxili işlərimizə qarışa bilməz. Bənzəri hərəkətlər gələcəkdə də uğursuz olacaqdır. 
İkincisi, bu kağız parçası göstərir ki, 30 ilə yaxın müddətdə ərazilərimizin təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanılmasında, günahsız insan qanlarının tökülməsində, tarix və mədəniyyət abidələrimizin dağıdılmasında artıq dəfn edilmiş Minsk qrupunun həmsədri kimi bilavasitə Fransa da məsuliyyət daşıyır. Fransanın əli günahsız azərbaycanlılarının qanına batıb”.

Millət vəkili qeyd edib ki, özünü tamamilə gözdən düşürmüş, beynəlxalq normaları pozan Fransa ilə qarşılıqlı münasibətlər kompleksinə yenidən baxılmalı, rəsmi Parisə özünün layiq olduğu yer bir daha göstərilməlidir:

“Bu kağız parçasını qəbul edənlər görünür, Azərbaycanı yaxşı tanımırlar. Belə hərəkətinə görə ən çox ziyanı Fransanın özü çəkəcək və çox peşman olacaq. Onun rəhbərləri Azərbaycan dövlətinin qapısında boyun büküb qəbul üçün gözləyən zaman heç kim təəccüblənməyəcəkdir”.

Sevinc Qarayeva 
 

 





06.12.2022    çap et  çap et