525.Az

"Azərkosmos həm yeni peyk istehsalçısı, həm də peyki orbitə qaldıracaq yeni şirkət axtarışındadır"


 

"Azərkosmos həm yeni peyk istehsalçısı, həm də peyki orbitə qaldıracaq yeni şirkət axtarışındadır"<b style="color:red"></b>

"Azərbaycanın AzerSky1 müşahidə peykinin ömrü 2024-cü ildə başa çatacaq. Artıq yeni AzerSky2 -nin istehsalı üçün işlərə başlamaq ərəfəsidir.
Görəsən Azərkosmos bu peykin istehsalı və orbitə qaldırılmasını hansı şirkətlərlə əməkdaşlıq çərçivəsində nəzərdə tutub ?
Azərkosmos rəhbəri Saməddin Əsədov növbəti AzerSky2 peykinin SpaceX ilə orbitə qaldırıla biləcəyini istisna etməyib.
Məlum olduğu kimi , hazırkı Azersky1 peyki Hindistanın “Polar Satellite Launch Vehicle” daşıyıcı raketi ilə orbitə qaldırılmışdı.
Görünür ki, Azərkosmos gələcəkdə Hindistanın bu qurumu ilə əməkdaşlığın davam etdirilməsini nəzərdə tutmur.
Saməddin Əsədov hazırda ən sərfəli şərtlərin İlon Maskın şirkətinə mənsub olduğunu, lakin hələlik hansısa anlaşmaların olmadığını bildirib. Qurumun rəhbəri bununla bağlı tender olacağını açıqlayıb". 

Bunu 525.az-a Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz deyib. O.Gündüz qeyd edib ki,  AzerSky1 peykinin istehsalçısı olan Fransanın Airbus Defence and Space şirkəti ilə Azərkosmosun əməkdaşlığının davam etditrilməsi nəzərdə tutulmur:

"Bir neçə il öncə fəaliyyəti dayandırılan şirkətin bağlandığı da açıqlanıb. Şirkət müqavilə öhdəliklərini başa vuraraq Azərbaycanı tərk edib.
Hələlik Azərkosmos peykin istehsalçısının hansı ölkə, hansı şirkət olacağını açıqlamayıb. 
Amma düşünmək olar ki, qurum yeni peykin istehsalını Azərbaycanın hərbi sahədə ən yaxın əməkdaşlıq etdiyi ölkələrlə birgə nəzərdə tutub.
Qarşıdan isə Azərbaycanın ev sahibliyi edəcəyi 74-cü Beynəlxalq Astronavtika Konqresi gəlir.
Dünyanın kosmos ailəsinin 5000-dən çox iştirakçısı gələn ilin oktyabrında Bakıya toplaşacaq.
Bu tədbirlə bağlı Prezidentin xüsusi sərəncamı var. Baş nazirin rəhbərliyi ilə Təşkilat Komitəsi yaradılıb.
Güman etmək olar ki, Azərbaycan bu beynəlxalq tədbirədək AzerSky2 peykinin istehsalçısı və raketdaşıycısı məsələsini həll etsin və Konqres çərçivəsində müqavilələr imzalansın.
Yeri gəlmişkən, artıq cari ildə Ermənistan da İspaniyan Satlantis şirkəti ilə birgə tələm-tələsik özünün kiçik ölçülü müşahidə peykini hazırlayıb və SpaceX ilə orbitə qaldıraraq kosmos ailəsinə qoşulub.
Bir neçə ay öncə Parisdə keçirilən 73-cü Beynəlxalq Astronavtika Konqresdə ermənilər ilk dəfə olaraq nümayəndə statusunda iştirak ediblər.
Maraqlıdır, görəsən gələn il Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə Ermənistan nümayəndələri qatılacaqmı?".

Sevinc Qarayeva 
 

 

 





06.12.2022    çap et  çap et