525.Az

Təbii möcüzələrlə zəngin Bəsitçay Qoruğu


 

İŞĞAL DÖVRÜNDƏ ERMƏNİ BARBARLIĞININ BU QORUĞA DA AĞIR ZƏRBƏLƏRİ DƏYİB

Təbii möcüzələrlə zəngin Bəsitçay Qoruğu<b style="color:red"></b>

Azərbaycan Respublikasının Nazirlər Kabineti Bəsitçay Dövlət Təbiət Qoruğunun Əsasnaməsi və sanitariya-mühafizə zonası təsdiqləyib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Bəsitçay Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonası 317,26 hektarlıq sahədə təsdiq edilib.

Sənədə əsasən, Bəsitçay Dövlət Təbiət Qoruğu səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini (Şərq çinarı, Qafqaz dağdağanı, Yunan qozu, Qızılxallı forel və s.) təbii vəziyyətdə qoruyub saxlamaq, təbiət proseslərinin və hadisələrinin gedişini öyrənmək məqsədilə yaradılan təbiəti mühafizə və elmi tədqiqat idarəsi statusuna malik ərazidir.

Qeyd edək ki, qoruq Azərbaycan SSR Nazirlər Sovetinin 1974-cü il 4 iyun tarixli 172 nömrəli Qərarı ilə Zəngilan rayonunun inzibati ərazisində yaradılıb və Prezidentin 2021-ci il 20 oktyabr tarixli 2971 nömrəli sərəncamı ilə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun inzibati ərazisində fəaliyyəti bərpa edilib.

Qoruq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Prezidentin fərman və sərəncamlarını, mövcud Əsasnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarlarını, həmçinin, sərəncamlarını, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin normativ hüquqi aktlarını rəhbər tutur.

"Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Qanuna əsasən, Qoruğun təşkili üçün ayrılmış torpaq sahələri onun daimi istifadəsinə verilir. Qoruğun ərazisi respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu əraziyə xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilir.

Məqsədli istifadəsinə və hüquqi rejimin

ə görə Qoruğun torpaqları təbii qoruq təyinatlı torpaqlara daxildir. Qoruğun torpaqlarından, habelə onun hüdudlarında olan sudan, bitki və heyvanlar aləmindən təsərrüfat məqsədləri üçün istifadə edilməsi qadağandır.

Qoruğun torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədilə həmin ərazilərin sanitariya-mühafizə zonaları müəyyən edilir. Bu zonaların müəyyən edilməsi və rejim qaydaları "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsi ilə müəyyən olunmuş formada həyata keçirilir.

Qoruq dövlət büdcəsi, büdcədənkənar vəsaitlər, ətraf mühitin mühafizəsi üzrə fondların vəsaitləri və qanunla qadağan edilməyən digər maliyyə mənbələri hesabına maliyyələşdirilir.

Qoruğun pasportu Nazirlik tərəfindən hazırlanır. Pasportda Qoruğun əhəmiyyəti, adı, yerləşdiyi yer, yaranma tarixi, torpaqdan daimi istifadə hüququnu təsdiq edən sənədin qeydiyyat nömrəsi və tarixi, mühafizə olunan ərazinin xüsusiyyətləri, onun ümumi görünüşünün sxemi, qorunan nadir fauna və flora növləri, fəaliyyət prosesində aparılan dəyişikliklər barədə qeydlər aparılır. Qoruğun pasportu Nazirlikdə dövlət qeydiyyatına alınmaqla Qoruqda saxlanılır.

Qoruqda təbiət qoruq fondunun vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, bu ərazinin perspektiv inkişafı şəbəkəsinin müəyyən edilməsi, mühafizə rejiminə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı aparılır.

Qoruğun fəaliyyət istiqamətləri genetik fondun, bioloji müxtəlifliyin, ekoloji sistemlərin, təbiət komplekslərinin və obyektlərinin təbii şəraitdə bərpa edilərək sağlamlaşdırılmasını və təbii vəziyyətini qoruyub saxlamaq məqsədilə təbiət ərazilərinin mühafizəsini həyata keçirməkdir. Həmçinin, qoruğun ərazisində ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi çərçivəsində ekoloji monitorinqini həyata keçirmək, müasir yanaşmaların tətbiqi əsasında unikal meşə fondunun və mühafizə olunan təbiət komplekslərinin bərpasını təmin etməklə regionun "yaşıl zona"ya çevrilməsinə töhfə vermək. Elmi tədqiqatları təşkil etmək və aparmaq, "Təbiət Salnaməsi"ni tərtib etmək, təsərrüfat obyektlərinin və digər obyektlərin yerləşdirilməsi layihələrinə və sxemlərinə dair dövlət ekoloji ekspertizasında iştirak etmək, ətraf mühitin mühafizəsi sahəsində elmi kadrların və mütəxəssislərin hazırlanmasına kömək etmək.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva  Zəngilan rayonuna səfər çərçivəsində Zəngilan rayonundakı Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində olublar. Dövlət başçısı, birinci xanım və qızları Bəsitçaya balıq buraxıblar. Prezident İlham Əliyev deyib ki, Bəsitçay qoruğu 1974-cü ildə Ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılıb: "Burada 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu. Bu, nadir çinar ağacları meşəsi idi. İşğaldan sonra mənfur düşmən çinarların böyük hissəsini kəsib, doğrayıb, talayıb və yandırıb. Bu, erməni vandalizminin növbəti əlamətidir. Burada kəsilmiş ağacların yaşı təqribən 200-300 ilə bərabər idi".

Ərazilərin 30 ilə yaxın işğal altında qaldığı müddət ərzində tarixi torpaqlarımızda təbiətə, bioloji müxtəlifliyə və su hövzələrinə qarşı ciddi ekoloji fəsadlar törədilib. Azərbaycanın "Qırmızı Kitabı"na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı"na daxil edilmiş nadir təbiət inciləri məhv edilmiş, flora və faunaya külli miqdarda ziyan vurulmuşdur. Ətraf mühitin fiziki və kimyəvi çirklənməyə məruz qalması bütövlükdə regionda ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb.

İşğaldan azad edilən ərazilərə Böyük Qayıdış çərçivəsində qarşıda duran əsas vəzifələrdən biri də məhz həmin ərazilərdə təbii və keyfiyyətli ekosistemin, bioloji müxtəlifliyin, habelə nadir və itməkdə olan bitki növlərinin bərpa edilərək sağlamlaşdırılmasıdır. Bu ərazilərdə müasir yanaşmaların tətbiqi əsasında unikal meşə fondunun və mühafizə olunan təbiət komplekslərinin fəaliyyətinin bərpa edilməsi bütövlükdə regionun "yaşıl zona"ya çevrilməsinə şərait yaradacaqdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev deyir ki, azad edilən ərazilərdə iki dövlət təbiət qoruğu və dörd dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Otuz il ərzində məhv və talan edilən xüsusi mühafizə olunan təbiət ərazilərinin bərpası tədbirlərinə ilkin olaraq Bəsitçay Dövlət Təbiət Qoruğundan başlanılıb. Növbəti mərhələlərdə də digərlər xüsusi mühafizə olunan təbiət ərazilərinin bərpası ilə bağlı tədbirlər görüləcək.

Bəsitçay Dövlət Təbiət Qoruğu  Azərbaycanın cənub-qərbində, Zəngilan rayonu ərazisində Bəsitçayın dərəsində yerləşir. Qoruq ərazisinin landşaft kompleksini, xüsusilə nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil edilib.

Qoruğun adı dərəsində yerləşdiyi çayın adı ilə bağlıdır. Bəsitçayın adı isə monqol mənşəli olub, beysut tayfasının adını daşıyır. Görünür, həmin regionda vaxtilə beysut tayfası məskunlaşıb.

Qoruğun yerləşdiyi ərazi əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600-800 m-ə qədərdir. Sağ sahil dik yamaclı dağlardan, sol sahil isə təpəliklərdən ibarətdir. Əsasən Üçüncü dövr çöküntüləri yayılıb. Çay dərəsi boyunca ensiz allüvial düzənlik uzanır. Buradakı dağlar Bəsitçayın qolları ilə xeyli parçalanıb.

Qoruq ərazisi qışı quraq keçən mülayim-isti iqlim tipinə aiddir. Yayının isti olması səciyyəvidir. Havanın orta illik temperaturu 130-dir. İllik yağıntının miqdarı 600 mm-dir. Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir.

Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində əsasən allüvial-meşə torpaqları yayılıb. İşğaldan əvvəl qoruqda əsasən bir meşə tipi - müxtəlif otlu çinar meşələri formalaşmışdır. Çay dərələrinin yamaclarında, qoruğun ətraf sahələrində qəhvəyi dağ-meşə torpaqları inkişaf etmişdir. Çayın yatağı boyu və kiçik terraslarda inkişaf etmiş allüvial torpaqlar əsasən çinar meşələri altındadır. Burada daşlı-çınqıllı (yüksək skeletli) ərazilər də müəyyən sahəni tutur. Bunların hamısında çinar bitir və inkişaf edir. Çünki o torpağa tələbkar deyil. Lakin çinar meşələri gillicəli, yaxşı su-fiziki xassəli və münbit torpaqlarda yüksək məhsuldarlığa və bonitetə malikdir.

Dünyada çinarın 7 növü vardır. Azərbaycanda isə onun yalnız bir növü - şərq çinarı inkişaf edir. Şərq çinarının  çoxsahəli əhəmiyyətini, dünyada az yayılmasını, nadir bitki olmasını və son əsrlərdə xeyli azalmasını nəzərə alaraq, onun adı Azərbaycanın  "Qırmızı Kitabı"na yazılıb.

İşğaldan öncə Bəsitçay Dövlət Təbiət Qoruğunun 100 hektarını çinar meşələri tutur. Onlar Bəsitçayın və onun qolu Şıxauzçayın dərəsində yerləşir. Burada həm təmiz, həm də qarışıq çinar meşəliyi yayılmışdır. Qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq, və s. ağac, yemişan, itburnu, murdarça, qaratikan, və s. kollar inkişaf edib. Qoruqdakı çinar  ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 m, orta diametri isə 1 m-dir.

Qoruğun ətraf sahələrində, bəzən də özündə canavar, çöl donuzu, porsuq, cüyür, dovşan, müxtəlif gəmiricilər və sair məməlilərə, kəklik, turac, göyərçin və sair  quşlara rast gəlinib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, 30 ilə yaxın müddət ərzində erməni təcavüzkarlarının nəzarətində olan Şərq çinarlarının qorunduğu unikal Bəsitçay Dövlət Təbiət Qoruğu işğaldan azad edilib.

Qoruğun mövcud vəziyyətinin qiymətləndirilməsi üçün işğaldan azad olunan ərazilərə ezam olunan monitorinq qrupunun verdiyi məlumatlara əsasən, Qoruğa aid olan 85 hektar meşə ilə örtülü sahəsinin 42 hektardan çox hissəsi tamamilə məhv edilib. Çox yaşlı, qiymətli Şərq çinarı ağacları kəsilmiş, köklərinin itirilməsi üçün müxtəlif partladıcı maddələrdən istifadə edilmiş, ərazidə yanğınlar törədilib və Qoruğun inzibati binası dağıdılıb.

Sevinc QARAYEVA

 

 





06.12.2022    çap et  çap et