525.Az

Eyni sonluq, fərqli talelər...


 

BOŞANMALARIN ARTMASINA SƏBƏB NƏDİR?

Eyni sonluq, fərqli talelər...<b style="color:red"></b>

Dünyada boşanmaların sayı zaman-zaman artmaqda davam edir. Sosioloqlar isə boşanmaların bir çox fərqli səbəbləri olduğunu düşünürlər.

İstənilən ölkədə demoqrafik vəziyyət onun əhalisinin həyat keyfiyyətinin əsas ölçüsüdür. Demoqrafik vəziyyətin göstəricilərindən biri də nikahların və boşanmaların statistikasıdır. Bu göstərici insanların ailə qurmağa, oğul-uşaq sahibi olmağa, yeni nəsil yetişdirməyə nə qədər istəkli olmalarını görməyə imkan verir.

Dünya Əhali icmalına görə, boşanmaların ən yüksək olduğu Avropa ölkələri siyahısına Belçika başçılıq edir - hər 100 nəfərə 3,7 boşanma. İkinci yerdə hər 100 nəfərə 2,7 boşanma olmaqla Danimarka, Litva və Latviya qərarlaşıb. Ölkəmizdə gəldikdə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,2-dən 6,1-ə qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,5-ə düşüb.

Psixoloq Gövhər Məmmədova "525"ə açıqlamasında boşanma hallarının başlıca səbəblərindən danışıb: "Cütlüklər boşanma düşüncəsi ilə evlilik qərarı almasalar belə, boşanma da evlilik kimi təbii haldır. Bəzən illər, bəzənsə evlilikdən qısa müddət sonra ortaya çıxan dəyişikliklər cütlüklər tərəfindən qəbul edilməyə bilir və münasibətlərini mənfi yönə aparır. Boşanma səbəbləri hər bir cütlük üçün müxtəlif olsa da, bir çox səbəblər var ki, mütəmadi olaraq önə çəkilir. Cütlüklərin bir-birini düzgün anlaya bilməməsi, onları narahat edən hər bir mövzuda lazımi qədər danışılmaması, qarşı tərəfi dəyişdirmək istəyi, karyerasında uğurlu olan yoldaşına qarşı özünü yetərsiz hiss etmək, qarşı tərəfi həmcinslərilə müqayisə etmək, həm iş həyatının stressi, həm də uşaqlı ailələrdə uşaqların ehtiyacları səbəbindən cütlüklərin bir-birinə yetəri qədər vaxt ayırmaması, maddi sıxıntılar, intim münasibətlərin arxa plana atılması, hörmətsiz davranışlar və bir çox bu kimi hallar münasibətin qırılmasına səbəb olan nüanslardır. Zamanla tərəflər arasında yadlaşma meydana gəlir və ən sonunda boşanma qərarı alınır. Daha bir nüans erkən qurulan evliliklərdir ki, çox zaman düşünülməmiş halda evliliyə qərar verilir, yaxud valideynlər tərəfindən məcburi şəkildə ailə həyatı qurulur və beləcə, gələcək boşanma üçün zəmin yaranır. Müasir gənclər bəzən yanlış "Avropa modeli" hesab edilən evliliklərə can atır və təəssüf ki, nəticə ürəkaçan olmur. Bunun əksinə, müasirlik digər tərəflərdə axtarılarsa, məsələn, münasibətdə yuxarıda qeyd etdiyimiz hallar aşkar edildikdə ailə psixoloquna müraciət edilə, cütlük terapiyası alına bilər. Terapiya zamanı hər iki tərəfin istək və iradları müzakirə olunur, bəzən heç bir zaman dilə gətirə bilmədikləri fikirləri açıq şəkildə danışılır, yalnış anlaşılmalar ortadan qalxır və bir çox başqa problemin həlli tapılaraq gənclərə xoşbət cütlük olmağın yolları aşılanır. Nəticədə isə boşanma ehtimalını arada qaldırmaq mümkün olur. Unutmayaq ki, hər bir insan ailə qurduğu gündən öz "kiçik dövlətini" qurur və onu qorumağa çalışmalıdır. Evliliklərdə bəzi səbəblərdən aldatma müşahidə oluna bilər, aldatma isə öz növbəsində boşanmağa səbəbdir. Lakin aldatma yaşanıldığı halda cütlüklər evliliyi davam etdirmək qərarı alıblarsa, psixoloq dəstəyi almaq tövsiyə olunur, əks halda aldadılan tərəf güvən əskikliyi yaşadığı müddətdə bağışlanan tərəfdə bu davranışı təkrarlama halı baş verə bilər. Alkoqol və qumar kimi vərdişlər yarandıqda tərəflər bir-birini idarə etməyə cəhd göstərir, şiddətə məruz qalmaq halları baş verir. Təəssüf ki, son illər gənc ailələr arasında narkotik alüdəçilərinin sayı da get-gedə artmaqdadır. Belə halların uzun müddət davam etməsi cütlüklər arasında hörmət və etibarln itməsinə gətirib çıxarır".

Hüquqşünaslar isə diqqəti məsələnin başqa tərəflərinə yönəldir, boşanma ilə bağlı mövcud qanunvericilikdə ciddi boşluqlar olduğunu düşünürlər. Məhkəmələrdə olan mülki işlərin statistik göstəricilərinə diqqət etsək, görərik ki, nikahın pozulması, aliment və uşaq tələbi üzrə iddialar daha çox üstünlük təşkil edir və bu istiqamətə hər il artım müşahidə olunmaqdadır. Həm də bu hala təkcə erkən nikah dövründə olan gənc nəslin nümayəndələri arasında yox, orta, hətta bəzi hallarda yaşlı nəslin nümayəndələri arasında da rast gəlinir.

Bəs bunun qarşısını qanunvericilik baxımından necə almaq olar? Bildiyimiz kimi, qanunvericilik cəmiyyətdə insanlar arasında olan ictimai münasibətləri nizama salan normaların məcmusudur. İnsanlar arasında bu və ya digər münaisbətlər məhz həmin normaların imperativ göstərişlərinə əsaslanaraq tənzimlənir.

Qanunvericilik nikahın (nikaha daxil olmanın) könüllülük prinsipinə və nikaha daxil olan hər iki tərəfin (ər və arvadın) istəyi və razılığına əsaslanaraq mümkünlüyünü bəyan edir. Həmçinin, qanunvericilik, həmin nikahın gələcəkdə tərəflərdən birinin sadəcə istəyi ilə, maneəsiz şəkildə (buna ciddi əsaslar olmadan) məhkəmə qaydasında pozulmasına imkan verir. Yəni nikahda olan tərəfin biri istənilən formal əsas və səbəb göstərməklə (münasibətlərin pozulması, xasiyyətlərin uyğun gəlməməsi və sair), digər tərəfin istəyi olmadan nikaha məhkəmə qaydasında xitam verilməsinə nail ola bilər. Hətta səbəb göstərməsə belə, şəxsin sadəcə nikahın pozulması ilə bağlı iradə ifadəsi buna kifayətdir. Qanun bununla bağlı heç bir maneə müəyyənləşdirmir. Bir sözlə, qanunvericilik nikahın pozulması ilə bağlı nikahı pozmaq istəyən şəxsin qarışısında hər hansı ciddi səbəb və əsasların mövcud olması barədə məhdudiyyət qoymur. Hüquqşünaslar bu halın doğru olmadığını qeyd edirlər. Bu baxımdan hər bir ailənin qorunması və nikah münasibətlərinin ciddi əsaslar olmadan pozulmasına yönələn hərəkətlərin qarşısının alınması üçün qanunvericiliklə sərt qaydaların müəyyənləşdirilməsinin zəruriliyi vurğulanır. Bu zaman tərəflərin nikaha daxil olmazdan öncə daha məsuliyyətli olmalarına zəmin yaranmaqla yanaşı, həm də gələcəkdə heç bir ciddi əsas olmadan boşanmaların qarşısı alınar.

Hüquqşünas və psixoloqların dediklərindən belə qənaətə gəlmək olar ki, tərəflərin vəzifələrinin düzgün müəyyənləşdirilməməsi üzündən bu gün baş verən boşanmaların əksəri onların ailə qurmaq məsuliyyətlərini dərk etməmələrinə yol açır.

Havar ŞƏFİYEVA

 

 





07.12.2022    çap et  çap et