525.Az

Elektron vasitələrin insana psixologiyasına mənfi təsirləri


 

PSİXOLOQ ORXAN ORUC: "ELEKTRON VASİTƏLƏR İNSANLARDA AQRESİYA YARADIR"

Elektron vasitələrin insana psixologiyasına mənfi təsirləri<b style="color:red"></b>

Elektron vasitələrin geniş yayılması əmək bazarının inkişafında böyük rol oynayıb. İnformasiya emalının avtomatlaşdırılması əvvəllər həftələrlə davam edən işləri indi bir neçə saniyə ərzində yerinə yetirməyə imkan verir. Bu vasitələr insanın həyatını asanlaşdırsa da, eyni zamanda ciddi asılılıq yaradır. Virtual aləmə qərq olan insan, sanki özünü reallıqdan kənarlaşdırır və ətrafı ilə maraqlanmağı dayandırır. Bu baxımdan xüsusilə həssas olan təbəqə zərərli təsirləri asanlıqla qəbul edən uşaqlar və yeniyetmələrdir.

Psixoloq Orxan Oruc "525"ə açıqlamasında mobil cihazların insanlara olan zərərli vərdişlərindən söz açıb: "Mobil cihazların təsirlərini müsbət və mənfi olmaqla iki yerə bölmək olar. Texnoloji vasitələ insan beynindən daha az istifadə olunmasına gətirib çıxarır, insanın öz potensialının daha azından istifadə etməsinə səbəb olur. Məsələn, əgər keçmişdə insanlar xüsusi hesablama qabiliyyətlərindən istifadə edirdilərsə, indi daha rahat yollardan istifadə olunur. Üzərimizdə gəzdirdiyimiz mobil telefonla beynimizin həyata keçirdiyi bir çox funksiyaları daha tez və rahat şəkildə həll edirik. Məsələn, əzbərdən öyrəndiyimiz coğrafi obyektlərin adlarını bir toxunuşla öyrənə bilirik. Yəni insan öz yaddaş imkanlarından daha az istifadə edir. Eyni zamanda paradoksal haldır ki, beynimizə özümüzdən asılı olmayaraq çoxlu informasiyalar yüklənir. Bizə lazım olmayan informasiyalar da şüuraltı mənimsənilir və bu da beynin həddindən artıq yorulmasına gətirib çıxarır. Digər tərəfdən, ünsiyyətlə bağlı müəyyən boşluqlar yaradır. Heç kəsə sirr deyil ki, müasir dövrümüzdə yaranmış ünsiyyət qıtlığının əsas baiskarı mobil cihazlardır. Eyni zamanda mobil cihazlar insanlarda müəyyən aqressiyanın formalaşmasına gətirib çıxarır. Uşaqlarda bu təsirlər özünü daha aktiv şəkildə büruzə verir. Onların ünsiyyətində, diqqətli olmasında, aqressiv davranışlarında bunu aydın hiss etmək olur. Bu gün valideynlərin ən çox şikayətləndiyi mövzu uşaqların nitq bacarıqlarının məhdudlaşması ilə bağlıdır. Uşaqların gec danışması əvvələr gecikmiş nitq sayılırdısa, bu gün normal hal kimi qəbul edilməyə başlanıb. Bunun səbəbi isə daha çox elektron vasitələrə birtərəfli bağlılıqdır. Şəbəkə ünsiyyətlərdə daha çox dinləyici tərəf olduğundan uşaqların nitqində müəyyən gecikmələrin yaranmasına yol açır. Uşaqlarda enerji bolluğu olduğuna görə, həmin enerjini mütləq hansısa istiqamətə yönəltməlidir. Bu isə həm yuxu, həm də qida rejiminə təsir göstərir".

Araşdırmalar göstərir ki, yeniyetmələrin 23 faizində smartfondan asılılıq siptomu var, onlar smartfon ekranı qarşısında keçirdikləri zamana nəzarət edə bilmirlər və bu, uşaqları daha faydalı məşğuliyyətlərdən uzaqlaşdırır. Buna görə də alimlər mobil cihazların sağlamlığa mümkün uzunmüddətli təsirini azaltmaq və psixi pozuntuların sonrakı nəsillərə keçməsini önləmək üçün smartfonlardan psixi asılılığı qiymətləndirmə metodlarını hazırlamağı təklif edirlər.

Havar ŞƏFİYEVA

 





07.12.2022    çap et  çap et