525.Az

Florensiya şəhəri və Mediçi sülaləsi - Telman Orucov yazır


 

Florensiya şəhəri və Mediçi sülaləsi - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən çərşənbə sayımızda)

 

Şəhər təkcə öz rəssamlıq əsərlərinin möhtəşəmliyi ilə seçilmirdi, həm də Renessans adamlarının mədəni zəkasına da güclü təsir göstərmişdi.

Bir mürəkkəb idraka malik olan insan kimi, həm də geniş incəsənət maraqlarının sahibi olan bir adam kimi, Lorentso əvvəlcədən rəssamlıq əsərləri barədə sifarişlər verirdi və bu, şəhəri hətta daha böyük yüksəkliklərə qaldırırdı. Üstəlik, özündən əvvəlkilərin sifarişlərini qüvvədə saxlayırdı. Bəzi rəssamlar Piero de Mediçi ilə işləmişdilər. O, Herkulesin igidliklərinə həsr olunmuş üç məşhur tablonu almışdı. Bunlar mifik qəhrəmanın Anteyə, Nikey şirinə və Hidraya qarşı olan mübarizələrinə həsr olunmuşdu.

Culiano da Sanqallo Lorentsonun sevimli arxitektoru idi. Hamisinin tapşırığı ilə o, Pratoda Santa Mariya delle Karseri kilsəsini tikmişdi, axı o, məşhur Brunelleskinin ardıcılı idi. Həm də o, bir mühəndis kimi şəhərin istehkamının layihəsini vermişdi. Bottiçelli məktəbinə məxsus olan Filippino Lippi də Möhtəşəm Lorentsonun sevimlisi idi. Vazari yazırdı ki, onun öldüyü gün bütün mağazalar bağlanmışdı, elə bil ki, rəssam deyil, hökmdar ölmüşdür.

Lorentso, həqiqətən, çoxtərəfli hökmdar idi. O, fəlsəfədə və dünya ədəbiyyatında fəal iştirak edirdi. O, diskussiyalarda iştirak edir və özü də yazırdı. O, geniş mənada insan ləyaqətinin bilicisi idi. İnsan təbiətinin ona verdiyi bütün imkanlardan istifadə edirdi ki, təkcə özünün deyil, öz sirdaşı olan vətəndaşların həyatının keyfiyyətini yaxşılaşdırsın. Ona universal qaydada ehtiram göstərilir və ona vurulurdular. Onun ardıcılı olan bir ziyalı ona xas olan dəyərləri cəmləşdirərək yazırdı: "Lorentso Kozimodan çox cəsarətli qərar verən bir adam idi. Onun düşüncəsi, incəsənət adamına xas olan təbiəti və hökmdar kimi köklü fəaliyyətin çox geniş sahələrində özünü ifadə edirdi. O, sona çatan gözəl eranın böyüklüyünün sonuncu təcəssümü idi".

O, təkcə öz həyatının ləyaqətli anlarına sevinmirdi, həm də öz əzablarında da nəcibliyini qoruyub saxlayırdı. O, bayramları və qonaqlıqları, karnavalları və rəqsləri unutdu və çox hallarda qayğılı vəziyyətə düşürdü, bunu vaxtilə Fra Ciralamo Savaparola öz öncəgörməsində söyləmişdi. O, Renessansın yaratdığı pozğun hakimiyyətin xristian səltənəti ilə əvəz ediləcəyini israrla bildirmişdi.

Lorentso görəndə ki, ölümünə yaxınlaşmaqdadır, istədi ki, Savanarola onun yanına gəlsin. Təklifi öz mükafatını aldı. Ona yüksək dərəcədə hörmət bəsləyirdi, o, şərəfləndirilirdi və təriflənirdi, özü də təkcə doğma şəhərində deyil, hətta İtaliyanın hər yerində və bütün dünyanın yaxın guşələrində.

 

Bədbəxt Piero

 

Sonra hakimiyyətlə Bədbəxt Piero gəldi. O, 1492-ci ildən etibarən iki il ərzində dövləti idarə etdi. Onun bu ləqəbi çox sayda fəaliyyət səhvlərinə görə yaranmışdı. O, bu səhvləri həqiqətən etmişdi və onlar da onu bütün sahələrdə uğursuzluğa aparmışdı. Faktiki olaraq o, bu uğursuzluqlar üçün, əlbəttə ki, həyasızlığına və aşağı səviyyəsinə görə şəxsən məsuliyyət daşıyırdı.

Lorentso öləndə 20 yaşındakı oğlu Piero onun qanuni varisi olacaqdı və baxmayaraq ki, konstitusiya nöqteyi-nəzərindən o, heç də şahzadə deyildi, ancaq atasını əvəz edəcəkdi. Pieronu Yetmişilər Şurasına gətirdilər və cavan yaşına baxmayaraq, onu magistrat təyin etdilər.

O, yüksək dərəcədə mədəni bir adam idi, çünki Mediçi təhsili ilə belə tərbiyə almışdı, atasının poeziyaya olan maraqlarına tərəfdar olmaqla, onun əlyazmalarının toplanmasını həyata keçirdi. Üstəlik, o, özünü siyasət sahəsində də sınamışdı. Milanda Sfortsanın sarayında və papa VIII İnnosentin sarayında olmuşdu.

O, ailə bankının işlərinə də müəyyən ölçüdə maraq göstərirdi, lakin bu bank həmin dövrdə heç də inkişaf etmirdi. Faktiki olaraq o, ağır bank əməliyyatları irsinə sahib olmamışdı, lakin o həm də "müştəriləri" cəlb etməyə qadir deyildi. Buna bamayaraq, o, yüksək prestij və uğur qazandı.

Siyasətdə o, özünə güvənməklə davranırdı. Lorentso hakimiyyətdə olanda bütün hər şeyi edirdi ki, Milan-Florensiya-Neapol qrupunun tarazlığını dəstəkləsin, Piero isə açıq şəkildə Neapola üstünlük verirdi, bu, Milan hökmdarı Lüdoviko il Moronu təşvişə saldı və o, həmrəylik üçün Fransa kralı VIII Şarla tərəf döndü. Axırıncı onun Neapol krallığına irs hüquqlarını xeyli irəli apardı. Lüdoviko öz qüvvələrini toplayıb, Milanla birlikdə İtaliya ərazisi üzrə yürüşə başladı. Bu müdaxilə nəticəsində Piero vətəndaşların rəğbətini itirdi, onun bu davranışı Fransa və Florensiyanı bir-birinə düşmən etdi. İki dövlətin qüvvələri heç də bərabər deyildi və zəif olan tərəf üçün heç bir çıxış yolu yox idi.

Bədbəxt Pieronun xarakterinin daha narahatedici cəhətləri də üzə çıxdı, bu vaxt müxtəlif şəraitlərdə atasının yaxşı jestlərinin ağıllı tərəfləri özünü göstərirdi. Pattsi qəsdindən sonra Kozimo, yuvasında olan şirin üstünə cəsarətlə getdiyi halda, Pieronun isə kral Şarlla yalnız sərhəddə görüşmək istəyinə cəsarəti çatdı.

Fransız kralı Şarl Florensiyanı işğal etməkdə maraqlı deyildi, əvəzində özü üçün strateji mövqelər tələb etməyi seçdi, bu isə ona Şimaldan Cənuba keçməyə imkan verəcəkdi. Piero bu tələb əsasında nəyəsə nail olmaq üçün danışıqlar aparmağa borclu idi, bunun əvəzində isə dinməzcə həmin tələbləri qəbul etməyə məcbur oldu. Bu yolla o, həm özünü, həm də şəhərini olduqca aşağıladı.

Belə təxribatla ilə üz-üzə gəldikdə, vətəndaşlar Sarayın qapılarını bağladılar. Zənglər çalındı ki, xalq qiyama çağırılsın və qəzəblənmiş kütlə Mediçi sarayını qarət etmək üçün ora hücum etdi. Piero qardaşları Covanni və Culiano ilə birlikdə Boloniyaya tərəf qaçdı.

3 noyabr 1494-cü ildə o, Florensiyanı tərk etdi, özünün bu hərəkətinin nəticələrinə isə tam laqeydlik göstərdi. Piero Venetsiyaya çatdı. Bu, Mediçilərin hökmranlıq etdiyi uzun dövrdə ikinci və daha ciddi sürgün idi. Piero hərbi əməliyyat vaxtı çaydakı qəza hadisəsində 1404-cü ildə öldü. Ümumiyyətlə, kiçik istisna nəzərə alındıqda, Mediçilər 50 ilə qədər yaşamırdılar.

Piero intellektual təhsil almışdı və Mediçilərə xas olan xarakterə malik idi. Qardaşı Covanni isə Leo adı altında papa olmuşdu.

Piero sürgünə getdikdə Florensiya zəruri olaraq mədəni bədbəxtliyə də düçar oldu. Piero və Covanninin üzərinə müvafiq olaraq 4 min və 2 min florin məbləğində təzminat qoyuldu. Onların qaçması, talelərinə ehtiram bəsləməyən ailədən qisas almaq istəyən qəzəblənmiş kütləni mərhəmətsizlik hissindən asılı vəziyyətdə qoydu. Mediçilər sarayını qarət edən xalq Kozimo və Möhtəşəm Lorentso tərəfindən 50 il ərzində toplaşmış xəzinəni də dağıtdı. Böyük qiymətə malik olan kolleksiyalar oğurlandı. Xəzinələrin uzun siyahısının yoxa çıxması mədəniyyətə edilən bir hücum idi.

 

Florensiya Mediçilərsiz (1494-1512-ci illər)

 

Mediçilər ailəsinin getməsi və VIII Şarlın ordusunun şəhərə girməsi ilə Florensiyanın Avropa siyasətindəki mövqeyi xeyli zəiflədi.

1494-cü ilin noyabrında ilk daimi ordu Avropanın kənarı ilə hərəkət edərək, kralın komandanlığı altında Florensiyaya girdi. Təxribat xarakterli bir lovğalıqla Şarl şəhərə daxil oldu. O, qızılla bəzənmiş və bahalı parçadan paltar geyinmiş mühafizəçilərlə və cəngavərlərlə əhatə olunmuşdu. Onlar, əsasən, İsveçrə və Qaskoniyadan olan mühafizəçilər idi. Florensiya tarixinin müəllifinə görə, şəhəri 20 min adam işğal etmişdi. Şarl, Mediçi sarayında yerləşdi, tələb etdi ki, florensiyalılar vaxt itirmədən təslim aktını imzalasınlar. Bunu etməyəcəkləri təqdirdə isə şəhərin, Florensiyanın öz əsgərləri tərəfindən bütünlüklə qarət etdirəcəyi ilə hədələdi.

Ona nifrət dolu və hədələyici bir cavab verildikdə, şəhərlilər Şarlı zəngləri çaldıracaqları ilə qorxutdular və bu qorxu ona güclü təsir etdiyindən, tələbinin icrasını gecikdirmək yolunu seçdi.

Müqavilə xeyli sonra imzalandı, bu, heç də Bədbəxt Pieronun imzaladığı skandal xarakterli sazişdən yaxşı deyildi. Bir sıra istehkamlar Neapol alınana qədər Şarlın nəzarəti altında olacaqdı.

Şarl 20 min dukat məbləğində təzminat aldıqdan sonra, məmnun qaydada cənuba tərəf getdi. Papa VI Aleksandr ordunu görəndən sonra qorxub, hər cür səbəb üzündən cəbhəni Şarla açıq qoyub, Romadakı Sant Ancelo qəsrində istirahətə yollandı.

Kral Neapola tərəf irəliləyirdi, 1495-ci ilin fevralında həmin şəhərə girdi. Şarl ordusunun bir hissəsini orada qoyub, qayıtmaq üçün Fransaya tərəf döndü. Bu vaxt o, İspaniya kralı Ferdinand Araqonlunun, papanın, imperator Maksimilianın və köhnə müttəfiqi Lüdoviko Sfortsanın düşmənçiliyi ilə üzləşməli oldu.

Qanlı döyüş İtaliyada artıq 200 il ərzində getmişdi. Şarl özünümüdafiəyə keçdi, bu vaxt o, hətta öz silah ehtiyatlarını xilas etməyə qadir deyildi. Müharibə "daimi" adlanan orduları sınaqdan çıxarırdı. Şarl ona qarşı olan 40 min əsgərlə vuruşurdu, onlar əsas mövqeləri işğal etmişdilər.

Bədbəxtlikdən, Florensiya lidersiz və komandansız qalaraq, özünü digər italyan dövlətləri kimi, təcrid olunmuş qaydada dünyadan kənara düşmüş şəkildə gördü. Bu vaxt qonşuluqlarındakı dövlətlər isə Avropada ali hakimiyyəti ələ keçirmək üstündə bir-birilə mübarizə aparırdılar. Florensiya isə daxili narazılıqlardan əziyyət çəkməsini davam etdirirdi. Heç biri digərlərinə üstün gəlməyə qadir deyildi.

Bu vaxt dünyanın qalan hissəsində isə əsl inkişaf prosesi gedirdi. Amerika qitəsi bu yaxınlarda kəşf edilmişdi, Afrikanın şərqdəki ətrafına dəniz yolu işə salınmışdı. Xristofor Kolumb Amerikanı Hindistan hesab edərək açmışdı, Vasko da Qama isə Afrikanın cənubundakı Xoş Ümid Burnundan keçərək Hind okeanı ilə üzüb, Hindistana dəniz yolunu kəşf etmişdi. Bu kəşf əslində türklərin Konstantinopolu işğal etdikdən sonra, Avropa ilə Şərqin ticarət yolunun bağlaması nəticəsində yeganə çıxış yolu idi. Əvvəllər dünyanın tanış olmayan digər hissələri də yeni dəniz yollarının öyrənilməsi hesabına Atlantik okeanından keçməklə Qərbi İndiyalara kimi açılmışdı.

Florensiyadakı hakimiyyət boşluğu rahib Savonarola kimi şəxsiyyətlərin meydana gəlməsini mümkün etdi. Xalqın daha çox demokratiya tələbinin cavabı kimi o, Böyük Şura yaratdı, bu orqan ən azı 27 yaşı olan min adamdan təşkil olunmuşdu, onların vəzifədə olmaları müddəti altı ay olacaqdı. O, adamları həvəsləndirdi ki, dəbdəbəyə və pozğunluğa qarşı mübarizə aparsınlar. 1497-ci ilin karnavalı ərzində məşhur tonqalını yandırmağı təşkil etmişdi, bu vaxt başlıca vəzifə dünyadakı şirniklənmənin və lovğalığın oda verilməsi idi. Həmin dövrün xronikaları yazırdı: "Saxta saç, saxta saqqallar, maska kostyumları, dodaq boyası qabları, oyun kartları və zər, güzgü və ətirlər, bütün geyim və bəzək qaydaları, kitablar və rəsmlər, Florensiya gözəllərinin büstləri və portretləri alovla birgə göyə qalxdıqca, adamlar trubaların və çalınan zənglərin səsinin müşayiəti ilə Allahı mədh edən "Te Deum" mahnısını oxuyurdular. Savonarola deyirdi ki, gözəllik-formadır, onda onun bütün hissələri, bütün rəngləri birləşir. Pozğunluğa, dəbdəbəyə qarşı mübarizə aparmaqla yanaşı, onun əsas məqsədi teokratik bir dövlət yaratmaq idi.

Savonarolanın susmaq bilməyən şəxsiyyəti, həmçinin, az sayda kübarlara da təsir edirdi. Bəziləri Dominikan rahibliyini qəbul edib, monastıra getmişdi.

Savonarola əvvəlcə yalnız Florensiyanı və onun pozğun adətlərini tənqid edirdi, sonra isə başlıca mübarizəsi Romaya və papanın əxlaqi pozğunluğuna qarşı çevrildi, həm də o, islahat aparılmasına çağırırdı. Papa VI Aleksandr özünə qarşı böyük təhlükəni hiss etmişdi. Ona görə də Savonarola edam edilərək, yeretik kimi yandırıldı. Bu, papaya və rahibin yerli əleydarlarına göstərilən bir güzəşt idi. 

(Ardı var)

 





07.12.2022    çap et  çap et