525.Az

İranda nə baş verir?


 

İranda nə baş verir?<b style="color:red"></b>

İranın baş prokuroru Məhəmməd Cəfər Montazerinin dekabrın 3-də "əxlaq polisi"nin ləğv olunacağı haqqında açıqlaması Tehran rejimi tərəfindən təsdiqlənmir. İranın rəsmi media orqanları baş prokurorun sözlərinin yanlış anlaşıldığını bəyan etməklə "əxlaq polisi"nin ləğv edilməyəcəyini bildirirlər. Belə görünür ki, İran hakimiyyətində parçalanma olması haqqında fikirlər əsassız deyil. Belə qənaət yaranır ki, Tehranın rəsmi dairələrində fikir ayrılığı yaranmaqda və dərinləşməkdədir.

Aydın görünür ki, İranın rəsmi dairələrində "əxlaq polisi"nin ləğvi, çadranın məcburi geyim olmasını təmin edən qanunvericiliyin dəyişdirilməsinin müzakirə olunacağını təklif edənlər olduğu kimi, heç bir güzəştə gedilməməsində israr edənlər də var.

İranla bağlı yayılan məlumatlarda "əxlaq polisi"nin küçələrdə demək olar ki, görünmədiyi qeyd olunur. Lakin bunun mollaların fəndgirliyi olduğu da istisna edilmir. Çünki etirazların yüksəldiyi, cəmiyyətdə qarşıdurmanın artdığı bir zamanda "əxlaq polisi"nin işbaşında olması prosesləri daha da qızışdıra bilər. Bu mənada baş prokuror Məhəmməd Cəfər Montazerinin açıqlaması gərginliyin azaldılmasına yönəldiyi halda, onun fikrinin təkzibi hadisələrin qızışdırılmasına səbəb olacaq addım kimi də dəyərləndirilə bilər. Baş prokurorun fikirini təkzib edənlər bunu prosesi qızışdırmaq üçün etmirlər. Sadəcə belə vəziyyətlərdə totalitar və avtoritar rejimlər bir qayda olaraq adekvat qərarlar qəbul edə bilmir, əksinə, hadisələri qızışdıran addımlar atırlar. İranda son günlər bu proses müşahidə olunmağa başlayıb.

Etirazçılar da geri çəkilmək niyyətində deyillər. Etirazçılar hökumətə təzyiqləri artıraraq üç günlük tətilə çağırıblar. Dekabrın 16-da, aksiyaların üçüncü ayının başlanması günü isə daha böyük etirazlar gözlənilir. İranın bəzi vilayətlərində qarşıdurma artıq silahlı münaqişə mərhələsinə keçir.

Belə bir vəziyyətdə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli İranın nüvə proqramı ilə bağlı yeni sazişin əldə olunmasında maraqlı olmadıqlarını, digər məsələlərə diqqət yetirəcəklərini bəyan edib. "İran razılaşmada maraqlı deyil və biz artıq başqa şeylərə diqqət yetiririk. Hazırda biz İran xalqının əsas istəklərini dəstəkləməyə çalışmaqla İranın Rusiyaya silah ixracını məhdudlaşdırmağın və onu dayandırmağın üzərində düşünürük". 

ABŞ rəsmisinin bu çoxmənalı açıqlaması İranda baş verənlərin yeni mərhələyə keçmək ərəfəsində olduğunu göstərir. Belə qənaət yaranır ki, tezliklə İranda baş verənlər bu ölkənin daxili işi olmaqdan çıxacaq. Təxminən bir ay əvvəl İran hakimiyyətində parçalanma olduğunu ehtimal etmişdik. Bu ehtimal reallaşıb və artıq hər kəs İran hakimiyyətində parçalanma olduğunu aydın görürür. İndi isə belə ehtimal etmək olar ki, İrandakı hadisələr bu ölkənin daxili işi olmaqdan çıxmaq ərəfəsindədir.

 

 





07.12.2022    çap et  çap et