525.Az

Görünən işıqdır, yoxsa qaranlıq? - Yəhya Paşazadədən poetik nümunələr


 

Görünən işıqdır, yoxsa qaranlıq? - <b style="color:red"> Yəhya Paşazadədən poetik nümunələr</b>

Oxunmur

 

Görünən işıqdır, yoxsa qaranlıq?

Nə qədər baxırsan, qarşı oxunmur...

İrəli getməyə çəkinir zaman,

Səhərmi, gecəmi - yaxşı oxunmur...

Tələssən, nahaqdan kəsilər heyin,

Yeriyə bilməzsən əcəldən yeyin...

Ünvanı tapılan bəxtin, taleyin

Yazısı pozulub, daşı oxunmur.

 

Mənzili qısadır uzun əllərin,

Binası tez uçur səhv təməllərin.

Nədənsə həmişə pis əməllərin

Ayağı oxunur, başı oxunmur...

 

Artıbdır sayı qəlb təlaşlarının,

Ağılla duyğunun savaşlarının...

Kim anlar dilini göz yaşlarının?

Gözlərin yaşları daşır, oxunmur.

 

Deyən yox: günlərim tamam xoş keçib,

Keçsə də, hamısı ancaq borc keçib...

Həyatda o qədər ömür boş keçib,

Məzarda çoxunun yaşı oxunmur...

 

Gözünün yaşı qalmadı...

 

Şam kimi titrəmə əcəl yelindən,

Yarıldı bağrının başı qalmadı.

Bu qədər ağlama, ağlama, bəsdir,

Tükəndi gözünün yaşı, qalmadı...

Bu qədər qəmlənib-kədərlənmə də,

Saçınla dərdlərə hörməyim səni.

Bir qədər yeyinlət addımlarını,

Bir daha ağlayan görməyim səni...

 

Çoxları bilinmir ağlayanda da,

Baxırsan, çoxunun gözü ağlamır.

Səni ağladan var, adam balası,

Adam yıxılanda özü ağlamır...

 

Həmişə nədənsə tikan sayıram

Özgənin əlində gül olanları.

Arxadan atılan çamur görmüşəm,

Qarşımda bir ovuc kül olanları...

 

Ömürdən seçdiyin hər məqam keçməz,

İş elə tək ancaq ağlamaq olmur.

Həyatda açılan çox qapıları

Tək sənin adınla bağlamaq olmur...

 

Yaxşısı budur ki, kədərlənmə heç,

Saçınla dərdlərə hörməyim səni.

Bir qədər yeyinlət addımlarını,

Bir daha ağlayan görməyim səni...

Dünya çoxdan qocalıbdır...

 

Mənə baxma təəccüblə, kədərlə,

Bu dünyada hamı elə qocalır.

Kimlər ancaq müdrikləşir, ay oğul,

Kimlər isə elə-belə, qocalır.

 

Günlərini kimi əkir bağ edir,

Kimi vaxtı seçib, tamam ağ edir.

Öz adını kimi uca dağ edir,

Kimi ömrü verir yelə, qocalır.

 

Tutmaq olmur zamanları bir çində,

Zəmanənin günü keçir biçində.

Adam var ki, tək özünün içində,

Adam var ki, çöldən-çölə qocalır...

 

Çoxusunu gözündəki yaş əyir,

Çoxusunu qəfil gələn daş əyir,

İnsan haçan zalımlara baş əyir,

Zülmə, dərdə olur kölə - qocalır...

 

Gəl, Tanrıdan gözəl dövran dilə sən,

Səhv eləyib, düşmə dildən-dilə sən.

Dünya çoxdan qocalıbdır, biləsən,

Atan isə indi hələ qocalır...

 





07.12.2022    çap et  çap et