525.Az

Rusiya sülhməramlarının komandanlığına xəbərdarlıq edildi


 

QARABAĞDA TƏBİİ EHTİYATLARIN QANUNSUZ İSTİSMARINA İMKAN VERİLMƏYƏCƏK

Rusiya sülhməramlarının komandanlığına xəbərdarlıq edildi  <b style="color:red"></b>

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupu dekabrın 3-də keçirilmiş görüşün davamı olaraq dünən Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri davam etdirib.

APA-nın Şuşaya ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, monitorinq qrupunun Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovla danışıqları sülhməramlıların Xocalıdakı qərargahında baş tutub. Danışıqlarda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində aparılan qeyri-leqal iqtisadi fəaliyyətlər çərçivəsində faydalı qazıntıların qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı yataqlarda və müvafiq digər məntəqələrdə monitorinq, əmlakın inventarizasiyası və ekoloji araşdırma işlərinin aparılmasının vacibliyi diqqətə çatdırılıb.

Qeyd edək ki, dekabrın 3-də Xocalıda, Rusiya sülhməramlı qüvvələrinin qərargahında keçirilmiş müzakirələrin nəticəsi olaraq qeyd olunan fəaliyyət istiqamətləri üzrə ərazidə işlərin aparılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə yol xəritəsinin hazırlanmasına başlanılıb.

Danışıqlarda Rusiya sülhməramlılarının komandanlığına təbii ehtiyatların qanunsuz istismarına yol verilməyəcəyinə dair xəbərdarlıq edilib.  
"Monitorinq qrupunun Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri normal şəraitdə baş tutdu". Bunu APA-nın Şuşaya ezam olunmuş xüsusi müxbirinə İqtisadiyyat Nazirliyinin nümayəndəsi Məsim Məmmədov bildirib.
Onun sözlərinə görə, monitorinq qrupu aidiyyəti üzrə fikirlərini bildirib və təkliflərini təqdim edib.

Nazirlik nümayəndəsi qeyd edib ki, təbii ehtiyatların qanunsuz istismarına, yataqların qeyri-qanuni işlənməsinə imkan verilməyəcəyi Rusiya sülhməramlılarının komandanlığının diqqətinə çatdırılıb.

 

 





07.12.2022    çap et  çap et