Həftənin əvvəlində Rusiya sərhədlərindəki iki hərbi bazaya edilən hücumlardan sonra üçüncü hərbi hava bazası da pilotsuz təyyarələrlə vurulub.
525.az xəbər verir ki, Ukrayna birbaşa məsuliyyəti üzərinə götürməsə də, hücumların Kiyev tərəfindən həyata keçirildiyi və bununla da uzaq məsafədən hücum imkanlarını artırdığını göstərməyə çalışdığı bildirilir.
Ukrayna sərhədindən 90 km şimalda yerləşən Rusiyanın Kursk şəhərinin rəsmiləri çərşənbə axşamı hava bazasından çıxan tüstünün fotolarını paylaşıblar. Şəhərin qubernatoru neft çəninin partladığını və tüstünün bu səbəbdən qalxdığını bildirib. O, hadisə nəticəsində ölən və yaralananların olmadığını qeyd edib.
Bazar ertəsi Rusiya, bombardmançı eskadrilyasının bazası olan, Ukraynadan yüzlərlə kilometr uzaqlıqda yerləşən Engels aviabazasını Ukraynanın pilotsuz təyyarələr ilə vurduğunu açıqlamışdı. Eyni pilotsuz təyyarələrin vurduğu digər hədəf isə Moskvadan bir neçə saatlıq məsafədə yerləşən Ryazan bazası olub.
Hələlik heç bir Ukrayna rəsmisi hücumlara görə məsuliyyəti üzərinə götürməyib.
Lakin, görünür ki, Ukraynanın bu ehtimal edilən hücumları ona hərbi dəstək və silah verən Qərb ölkələrində də təəccüb yaradıb.
ABŞ dövlət katibi Antoni Blinken ABŞ-ın özünü müdafiə etmək üçün Ukraynanı silah və sursatla təmin etməyə davam edəcəyini, lakin ABŞ-ın Ukraynanı Rusiya sərhədləri daxilində hücum etməyə təşviq etmədiyini və bunu dəstəkləmədiklərini bildirib.
Fərid Sançar