525.Az

Rusiya-neft sektoru üçün sonun başlanğıcı - Xaqani Cəfərli yazır


 

Rusiya-neft sektoru üçün sonun başlanğıcı - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Avropa İttifaqı, G7 ölkələri və Avstraliya Rusiyadan dəniz yolu ilə neft daşınmasının yuxarı qiymətini bir barel üçün 60 dollar olaraq müəyyən edən qərar qəbul etdi. Lakin bu da son deyil. Əgər dünya bazarlarında neftin qiyməti ucuzlaşsa, Rusiya nefti üçün yuxarı hədd qiyməti də aşağı salınacaq. Avropa İttifaqı ölkələrinin bəziləri daha aşağı qiymət qoyulmasında israrlı idilər. Polşa və Baltikyanı ölkələr Rusiya neftinin bir barelinin qiymətinin 30 dollara qədər məhdudlaşdırılmasını tələb edirdilər. Gəmiçilik sənayesinin ölkə iqtisadiyyatında önəmli yerə malik olan və neft daşımalarından böyük gəlir əldə edən Yunanıstan isə bir barel üçün 70 dollardan aşağı düşmək istəmirdi. Buna görə də noyabrın 23-də qərar qəbul edə bilməyən Avropa İttifaqının energetika nazirləri daha sonra ortaq məxrəcə gələ bildilər və Rusiya neftinin bir barelinin yuxarı qiymətinin 60 dollar olmasında razılaşdılar. Avropa İttifaqının ardınca G7 ölkələri və Avstraliya da müfaviq qərar qəbul etdi. Beləliklə də, Rusiya dəniz yolu ilə daşınan neftini bundan sonra 60 dollardan yuxarı qiymətə satmaqda çətinliklə üzləşəcək. Çünki bundan sonra Avropa İttifaqı, G7 ölkələri və Avstraliya ərazisində yerləşən sığorta şirkətləri 60 dollardan yuxarı qiymətə satılan Rusiya neftini sığortalamayacaq. Sığortalanmayan neft tankerinin hərəkəti isə çox çətin olacaq.

Qeyd edək ki, dənizlə daşınan Rusiya neftinin alınmasına qiymət həddinin qoyulması ideyası ABŞ-ın maliyyə naziri Cannet Yellenə məxsusdur. Bu ideyanın mahiyyəti Rusiyanı Ukraynaya qarşı müharibənin əsas maliyyə mənbəyi hesab edilən neft gəlirlərindən məhrum etməklə yanaşı, qlobal neft bazarında qiymətlərin kəskin bahalaşmasına da imkan verməməkdən ibarətdir. Qeyd edək ki, ötən il Rusiya neftinin təxminən 70 faizini məhz dəniz yolu ilə ixrac edib. Bu isə onu deməyə əsas verir ki, 76 yaşlı xanım nazirin ideyası məqsədinə çatacaq.

Rusiya rəsmiləri Avropa İttifaqı, G7 ölkələri və Avstraliyanın bu qərarı ilə razılaşmaq istəmirlər. Moskvada keçirilən 4-cü Rusiya-Çin enerji biznes forumunda jurnalistlərin suallarını cavablandıran baş nazirin müavini Aleksandr Novak bildirib ki, onlar yalnız bazar şərtləri əsasında işləmək niyyətindədirlər. "Bizim kifayət qədər sərt mövqeyimiz var. Qiymətin yuxarı həddi nə olur-olsun, qəbuledilməzdir. Yüksək olsa belə, bu, prinsipcə qəbuledilməzdir". Aleksandr Novak Rusiya neftinə yuxarı qiymət həddi təyin edən ölkələrə neft satmayacaqlarını bəyan edib. Rusiya Baş nazirinin müavini hesab edir ki, Rusiya kömürünün ixracına qoyulan embarqo kimi, neftin qiymətinin də yuxarı həddinin müəyyən edilməsi düşünülməmiş və iqtisadi cəhətdən əsassız tədbirdir. Rusiya neftinə yuxarı qiymət həddi təyin edən ölkələrə neft satmayacaqları haqqında Aleksandr Novakın açıqlaması isə onun özünün şəxsi mövqeyi deyil. Rusiya Prezidenti Vladimir Putin dəfələrlə bəyan edib ki, Rusiya neftinə yuxarı qiymət həddi təyin edən və "tavan"a qoşulan ölkələrə neft satmayacaqlar.

"The Financial Times" qəzeti gəmiçilik brokeri "Braemar" və enerji konsaltinq şirkəti "Rystad"ın hesablamalarına istinadən yazır ki, Rusiya 2022-ci ilin əvvəlindən bəri 100-dən çox neft daşıyan gəmi alıb. Rusiya bu əməliyyatı gizli həyata keçirməyə çalışıb. Lakin naməlum tanker alıcılarının əhəmiyyətli dərəcədə artması "Braemari" şübhəyə salıb. Araşdırma zamanı məlum olub ki, nəməlum alıcı 12-15 yaşı olan və istifadə üçün tam yararlı olmayan gəmiləri alır. Analitiklərin fikrincə, həmin nəməlum alıcı bu gəmiləri Rusiya üçün alır. Rusiya isə bu gəmilərdən Hindistan, Çin və digər Asiya ölkələrinə neft çatdırmaq üçün istifadə edəcək. Lakin bu, o qədər də mümkün görünmür. Çünki dekabr ayına kimi Rusiya neftinin ən böyük alıcıları olan Hindistan və Çin şirkətləri artıq Rusiyadan neft idxal etməkdə tərəddüd edirlər. Digər tərəfdən, Hindistan şirkətləri Rusiyadan nefti 30-40 faiz endirimlə alırdı. Bu gün də Hindistan şirkətləri Rusiyadan ən azı 30 faiz endirim tələb edir. Bu isə o deməkdir ki, Hindistan şirkətləri də dolayısı ilə Rusiya neftinin yuxarı qiymət həddinə qoşulub. Yuxarıda qeyd etdik ki, ABŞ-ın maliyyə naziri Cannet Yellenin dənizlə daşınan Rusiya neftinin alınmasına qiymət həddinin qoyulması ideyasının məqsədi Rusiyanı neft gəlirlərindən məhrum etməkdir. Əgər Hindistan şirkətləri Rusyadan nefti 30-40 faiz endirimlə alacaqsa, bu, Moskvanın yüksək gəlirlər əldə etməsinə səbəb olmayacaq. Digər tərəfdən, bu zamana kimi Hindistan və Çinə neft satan ölkələr, xüsusilə də Səudiyyə Ərəbistanı öz neftini Qərb bazarlarında satmalı olacaq. Bu isə qlobal neft bazarında qıtlığın yaranmasına imkan verməyəcək. Çox maraqlıdır ki, Hindistan Rusiyadan neft idxalatını dəfələrlə artırmasına baxmayaraq, Dehli Moskvanın ticarəti dollarla deyil, rublla aparmaq təklifin qəbul etməyib.

Avropa Rusiyanın ən böyük enerji bazarı idi. Rusiya qaz, kömür və neftinin önəmli hissəsini Avropaya ixrac edirdi. Dünyanın ən varlı bazarı Rusiyanın böyük gəlirlər əldə etməsinə imkan verirdi. Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullinanın bir neçə il öncə açıqladığı bir məlumatda deyilirdi ki, 2000-2018-ci illər ərzində qaz, kömür və neftin satışından Rusiyaya 7 trilyon dollar daxil olub. Rusiyanın belə böyük gəlirlər əldə etməsində Avropa və bütövlükdə Qərb dünyasının önəmli payı vardı. İndi isə Rusiya Qərb bazarlarını itirib, Şərqdə isə zəngin bazarlar tapa bilmir. Bu isə o deməkdir ki, qaz və kömür sənayesi kimi Rusiyann neft sektoru üçün də son artıq başlayıb.

 

 

 

 





08.12.2022    çap et  çap et