525.Az

Bakıda Özbəkistan Kinosu Günləri başlayıb 


 

Bakıda Özbəkistan Kinosu Günləri başlayıb <b style="color:red"></b>

Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi, Özbəkistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Özbəkistan Kinosu Günlərinin açılışı olub.

525.az xəbər verir ki, əvvəlcə çıxış edən kinoşünas, ssenarist, Əməkdar incəsənət xadimi Ayaz Salayev deyib ki, Azərbaycanla Özbəkistan kinosu arasında hər zaman bağlılıq, birlik və müştərək əməkdaşlıq olub: "Azərbaycanla Özbəkistan arasında nəinki sənət mübadiləsi, həmçinin tarixən dostluq və qardaşlıq münasibətləri olub. Biz mədəniyyət, kino sahəsində birlik, əməkdaşlıq baxımından çox gözəl zamanda yaşayırıq. Hələ qarşıda bizi yeni layihələr gözləyir və bunun da sayəsində iki yaxın, dost dövlət olaraq bir-birimizi daha da kəşf etmək imkanımız olacaq.

Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev özbək kinematoqrafiyasının əhəmiyyətindən  söz açıb.

Bildirib ki, uşaqlıqdan özbək filmlərinə çox baxıb: "Özbək kinematoqrafiyası Şərq kinosunda, ümumiyyətlə, keçmiş postsovet məkanında müstəsna xidmətləri olan kinematoqrafiyadır. 

Özbək filmləri sovet kinosunun ən öndə filmləri olub. Həqiqətən də unikal filmlərdir. Bu gün Azərbaycan Dövlət Film Fondunda 50 özbək filmi kino lentində qorunub saxlanılır".

Mədəniyyət Nazirliyinin audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov Azərbaycanda kino ilə bağlı bu cür görüşlərin, tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. O bildirib ki, son 2 il ərzində keçirilən Daşkənd Beynəlxalq Film Festivalında Azərbaycan kinematoqrafçıları da böyük şövqlə iştirak ediblər. Bildirib ki, builki festivalda Azərbaycan Kino Günləri çərçivəsində bir neçə film də nümayiş olunub.

Daha sonra Özbəkistandan ölkəmizə gələn incəsənət xadimləri və kinematoqrafçılar çıxış ediblər. Onlar belə bir tədbir çərçivəsində Azərbaycanda olduqlarından məmnunluqlarını ifadə ediblər, iki dost ölkə arasındakı sənət mübadiləsindən söz açıblar.

Sonda “Əbədi dostluq və qardaşlıq” filmi nümayiş etdirilib.

Qeyd edək ki, dekabrın 8-də “Maksud Şeyxzoda” və “Reys 101” filmlərinin, dekabrın 9-da “Baron 2” və “Qadın taleyi” adlı ekran əsərlərinin nümayişi gözlənilir.

 





07.12.2022    çap et  çap et