525.Az

Ailə dəyərləri, qadın və uşaq hüquqlarının təbliği üzrə fəal blogerlər mükafatlandırıldı - Foto


 

Ailə dəyərləri, qadın və uşaq hüquqlarının təbliği üzrə fəal blogerlər mükafatlandırıldı - <b style="color:red">Foto</b>

7 dekabr 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə həyata keçirilən “Ailə dəyərləri, qadın və uşaq hüquqlarının təbliği üzrə ən fəal bloger” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

525.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər  və blogerlər  iştirak edib.

Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova tədbir iştirakçılarını salamlayaraq bildirib ki, gənc olmalarına baxmayaraq kifayət qədər dünyagörüşünə malik, ölkədə gedən proseslərə çevik reaksiya verə bilən, vətəndaş mövqeyindən çıxış edərək məsələlərə münasibət bildirən gənclərin müsabiqəyə qoşulması sevindirici haldır. O qeyd edib ki, pandemiya dövründə bütün fəaliyyətlərin sosial media üzərindən aparılması sosial şəbəkələrin həyatımızda yerinin vacibliyini bir daha təsdiqlədi. Dövlət Komitəsinin blogerlər ilə əməkdaşlığa önəm verdiyini bildirən B. Muradova qeyd edib ki, həm ünsiyyət qurmaq, həm vacib mesajları ötürmək, həm də mövcud fəaliyyət sahəsi üzrə görülən işlərə dair ictimaiyyəti düzgün informasiya ilə təmin etmək üçün bir qrup sosial media platformalarında məlumat paylaşan blogerlər ilə Komitədə görüş keçirilmişdir.

Bahar Muradova bu tədbirlərin keçirilməsinin əsas məqsədinin Komitənin gördüyü işi, müqəddəs olan dəyərləri aşılamaq, eləcə də mətbuatın qoyduğu peşəkar normalara, ümumilikdə insan hüquqları baxımından vacib olan qaydalara diqqət etməyin vacibliyini çatdırmaqdan ibarət olduğunu bildirib. Müsabiqəyə müraciət sayının az olduğuna təəssüfləndiyini bildirən sədr, tədbirdən sonra sosial media sahəsində fəaliyyət göstərən hər kəsin bu mövzulara marağının artacağına inandığını söyləyib.

Təqdimatla çıxış edən Azərbaycan Respublikasının Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin məsul əməkdaşı Rahu Şirinova Dövlət Komitəsinin ailə dəyərləri, qadın və uşaq hüquqlarının müdafiəsi ilə  bağlı  sosial mediada təbliğat işini yüsək qiymətləndirib. O bildirib ki, dünyada sosial şəbəkə istifadəçilərinin sayı ilbəil artmaqdadır. Azərbaycanda da 5,20 milyon sosial şəbəkə istifadəçisi olduğunu qeyd edən R.Şirinova, bu rəqəmin artması ilə bir sıra mənfi tendensiyaların da yarandığını bildirib. O, zorakılıq halları daxil olmaqla bu mənfi  tendensiyaların qarşısını almaq üçün aktiv sosial şəbəkə istifadəçiləri və blogerlərlə ünsiyyətin və əməkdaşlığın  vacibliyini vurğulayıb.

Daha sonra Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin sədri Rəşad Məcid çıxış edərəkmüsabiqənin əhəmiyyətini vurğulayıb və təşəbbüsə görə Dövlət Komitəsinə təşəkkürünü bildirib. O, təmsil etdiyi qurumun da blogerlərlə əməkdaşlığa önəm verdiyini bildirərək, bir neçə gün öncə Azərbaycan Mətbuat Şurasının sosial şəbəkə istifadəçilərinə və vətəndaş mediası fəallarına müraciət etdiyini diqqətə çatdırıb.  O, sosial media platformasında etik davranış qaydalarına riayət edilməsinin vacibliyini vurğulayıb.

Münsiflər heyətinin üzvü kimi çıxış edən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev media vasitələrində paylaşılan məlumatların mənfi tərəflərini diqqətə çatdırıb. Vüqar Əliyev sosial medianın insanlara ciddi mesajlar verdiyini, mental dəyərlərə özünəməxsus şəkildə təsir göstərdiyini qeyd edib.  Jurnalistikanın yeni bir istiqaməti olan blogerliyin, özünü peşəkar bir sahə kimi təsdiqlədiyini, insanları məlumatlandırma baxımından mühüm rol oynadığını bildirib.

Çıxışlardan sonra Müsabiqənin nəticələri barədə Təqdimat nümayiş etdirilib. Dövlət Komitəsinin  Analitik təhlil və informasiya təminatı şöbəsinin əməkdaşı Sevil Rəsulzadə cari ilin may ayında blogerlər arasında elan edilən müsabiqənin “2021-2023-cü illər üzrə Kommunikasiya Strategiyası”nın və “Sosial Media Siyasəti Sənədi”nin müvafiq bəndinin icrası məqsədilə təşkil edildiyini vurğulayıb.

Davamında qaliblər elan edilərək, diplom və hədiyyələr təqdim edilib. Münsiflər heyətinin qiymətləndirməsinə əsasən I yerin qalibi Fidan Nizamova, II yerin qalibi Saleh Nəsirov, III yerin qalibi isə Reqina Nemətova seçilib.

Qeyd edək ki, müsabiqəyə qoşulan namizədlərin səhifələri Münsiflər heyəti tərəfindən 5 meyar üzrə - maarifləndirici materiallar hazırlamaq və yaymaq, cəmiyyətə təsir imkanları və mövzu ilə bağlı paylaşım statistikaları, insanların etimad göstəricisi, maraqlı və fərqli kontent hazırlamaq, problemlərin həlli yollarına dəstək göstərmək meyarları üzrə təhlil edilmişdir.

 





08.12.2022    çap et  çap et