525.Az

"İran rejimi Bakıdakı görüşlərimizə görə öz mediasında əleyhimizə xəbərlər yaydı"


 

"İran rejimi Bakıdakı görüşlərimizə görə öz mediasında əleyhimizə xəbərlər yaydı"<b style="color:red"></b>

İranda molla rejimi əleyhinə etirazlar davam edir. Rejimin etirazları səngitmək üçün bəzi addımlar atacağına dair xəbərlər yayılsa da, bunlar öz təsdiqini tapmayıb. Eyni zamanda güneydə də azadlıq, ədalət uğrunda mübarizə davam edir. Güney Azərbaycan Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvü, güneyli fəal Elyar Türker "525"ə müsahibəsində hadisələrə münasibətini bildirib. Eyni zamanda Bakı səfərindən, keçirilən görüşlərdən bəhs edib. 

 

- İran İkinci Qarabağ müharibəsindəki qələbədən sonra Azərbaycana qarşı riyakar, təhdid siyasətini daha da aktivləşdirdi. Sizcə molla rejimi qorxudan nə idi?

- İran rejimi illərdir ki, Ermənistana dəstək verməkdədir. Birinci Qarabağ müharibəsindən keçən otuz ilə yaxın müddət ərzində İran bu dəstəyi davam etdirib. Ermənistana dəstək vermək İrana görə iki strateji önəm daşıyırdı. Birincisi, Güney Azərbaycan türklərindən qorxduğu üçün Ermənistan vasitəsilə Azərbaycan Respublikasına təzyiq göstərmək, onu aşağılamaq, insanların özgüvənlərinin zədələnməsi. İkincisi, ABŞ, Fransa, Avropada olan erməni lobbisinə yaltaqlanaraq, "biz burda Ermənistana dəstək veririk, siz də beynəlxalq lobbiçilikdə bizə dəstək verin" düşüncəsi idi. Başqa bir məqam budur ki, Şimali Azərbaycan Cümhuriyyətinin güclənməsi, bölgədə və beynəlxalq aləmdə gücə çevrilməsi istər-istəməz İran adlanan coğrafiyada yaşayan 35 milyondan artıq Güney Azərbaycan türklərində "bizim dövlətimiz var, inkişaf edir, qabaqcıl bir ölkədir, İran rejimindən ayrılıb, Şimali Azərbaycan dövləti kimi bir dövlət quracağıq" kimi böyük özgüvənə səbəb olub. Bunu İran bilir və qorxduğu üçün istəyirdi ki, hər zaman Azərbaycanı aşağılasın, daxili işlərinə müdaxilə edib, qarışıqlıq yaratsın ki, Azərbaycan inkişaf edə bilməsin.

- Sizin də vurğuladığınız kimi işğal dövründə və ondan sonra Tehran Ermənistana çox yaxın münasibətdə olub. Rejimin siyasətinə, addımlarına nəzər saldıqda, onu İslam dövləti adlandırmaq mümkündür?

- İran İslam Respublikası deyil və yalnız sözdə İslam adı daşımaqdadır. Orda olan sistem fars irqçiliyinə dayanan məzhəbdir. Yəni yeni bir bir məzhəbdir. Ancaq bundan öz mənafeləri üçün istifadə etsinlər deyə, İslam və şiə adı veriblər. İran fars hökumətinə İslam və şiə adı verib. Lakin bu yalandır, İranın İslama yaxından uzaqdan heç bir aidiyyatı yoxdur. Ona görə də islam düşmənləri, xüsusilə də Ermənistanla çox rahat şəkildə bir araya gəlir və sıx əlaqə qurur.

- İranda üçüncü aya keçib ki, rejim əleyhinə etirazlar davam edir. Bu, İranın tarixində uzun müddətli etirazlar hesab olunur. Sizcə, proseslər artıq inqilaba doğru gedir?

- Düzdür, İran son 43 ildə bu dərəcədə uzun davam edən etirazlara şahid olmayıb. Amma 43 ilin işgəncəsi, təzyiqləri, ədalətsizlikləri, insanların hüquqlarının əlindən alınması bu gün xalqı artıq bu yerlərə gətirdi. Bütün insanlar narahatdır, artıq bu rejimin qalmasını istəmirlər. İnsanlar rejimin getməsini istəyirlər və başda Güney Azərbaycan türkləri öz azadlıq və müstəqilliklərinə doğru hərəkət etməkdədirlər. Bu hadisələr, proseslər inqilaba gedəcək ya yox? Təbii ki, proseslər istər-istəməz rejimin yıxılmasına səbəb olacaq. Amma bu, bəlkə də neçə ay, 1 il davam edər. Lakin bu, gec-tez baş verəcək, fars molla rejimi yıxılacaq.

- Azərbaycan Prezidenti Cənubi Azərbaycandakı soydaşlarımızla bağlı bir neçə dəfə bəyanat verdi. Onların müdafiəsi üçün əlindən gələni edəcəyini söyləyən dövlət başçısı, xüsusilə dil məsələsinə toxundu. Bu barədə fikirlərinizi eşitmək istərdik.

- Möhtərəm Prezident İlham Əliyev son günlərdə üç dəfə Güney Azərbaycan türklərinə dəstək verib, onların mədəni, siyasi, xüsusilə ana dili ilə bağlı hüquqlarının qorunması və təhlükəsizlikləri ilə bağlı məsələlərin diqqətdə olduğunu açıqlayıb. Bu, Güney Azərbaycana tarixi bir dəstəkdir. Dövlət rəhbərinin beynəlxalq arenada, türk dünyası liderlərinin toplantısında Güney Azərbaycana dəstək verməsi böyük bir məmnuniyyətlə qarşılandı. Prezident bununla Güney azərbaycanlılara mənəvi güc verdi, onların könüllərində taxt qurmuş oldu. Güneylilər bundan sonra daha surətli şəkildə bu işi davam etdirməlidirlər. Çünki bilirik ki, artıq hörmətli Prezident Güney Azərbaycan məsələsini hər bir siyasi arenada dilə gətirəcək, bizə dəstək verəcək. Bu, artıq İkinci Qarabağ müharibəsindən sonra güneyli quzeyli, o taylı bu taylı böyük bir özgüvənə, qürura təkrardan sahib olmaq deməkdir. Bu qürur bizi birləşdirəcək və müstəqilliyə doğru aparacaq.

- İran hakimiyyəti yalnız orda yaşayan azsaylı ermənilər üçün bütün şəraiti yaradıb. Digər millətləri əzməklə məşğuldur. Azərbaycan Prezidenti də bildiridi ki, İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, ancaq Azərbaycan dilində tədrisin olduğu məktəb yoxdur.

- İran illərdir ki, burda yaşayan az sayda ermənilər üçün bütün hüquqları təmin edib. Hər bir rahatlıqları var, ana dili, məktəbləri, geyimlə bağlı hansısa problem yaşamırlar. İran həm erməni olduqları, həm də beynəlxalq lobbiçilik üçün orda yaşayan ermənilərdən faydalanmaqdadır. Bunu da Azərbaycan türklərinə qarşı düşmənçilik siyasəti aparmaqla bəlli etməkdədir. Xüsusilə İran içərisində yaşayan 35 milyondan çox  Azərbaycan türkünə və Azərbaycan dövlətinə qarşı bundan istifadə edir. Ancaq artıq bunun sonu gəlmişdir. Güney və Quzey azərbaycanlıları oyanıblar, molla rejiminin bu oyunlarına son verəcəklər.

- İranın indiki hakimiyyəti Azərbaycana qarşı daha aqressiv, düşmənçilik siyasəti sərgiləyir. Sizcə, buna səbəb nədir?

- İranın indiki hakimiyyəti dedikdə, son 43 ildə ölkəyə rəhbərlik edənlərin sadəcə adı olub. Onların ölkə siyasətinə hər hansı təsiri olmayıb. Çünki siyasi xətt İranın dini lideri tərəfindən aparılır. Və həmin dini liderin də siyasəti Azərbaycan və türk düşmənçiliyi istiqamətidə qurulub. Bu günə qədər belə olub və bu rejim olduğu müddətdə belə də davam edəcək. Məsələn, 20 ilə yaxındır ki, Azərbaycana qarşı "Səhər TV" kanalı gecə-gündüz yayınlanmaqdadır. Bu kanal sadəcə Şimali Azərbaycan coğrafiyasında yayılır. Yəni Güney Azərbaycanın şəhərlərində kimsə Səhər TV-ni izləyə bilməz. Amma açıq şəkildə Azərbaycanın içini qarışdırmaq, düşmənçilik etmək, kin qusmaq istəyirlər. Mən əminəm ki, bunlar qarşılıqsız qalmayacaq. Azərbaycan, Türkiyə dövləti zamanı gələndə və şərait yarandıqda bunun cavabını verəcək.

-Elyar bəy, bu günlərdə siz Bakıda səfərdə oldunuz. Keçirilən görüşlər, səfərin əhəmiyyəti barədə soruşmaq istəyirdim.

-Bilirsiniz ki, illərdir Güney Azərbaycan türkləri olaraq müstəqillik və azadlıq mübarizəsi aparırıq. İranın mövcud rejiminə müxalif olanlar, yəni Qərbdə bəzi ölkələr, o cümlədən, Fransa, ABŞ, Almaniya molla rejimindən sonrakı dövrə hazırlaşırlar. Onların proqramlarına baxdıqda hər birisi ya fars mərkəzli və ya kürd mərkəzli bir sistem düşünürlər. Onun üzərindən yenə Güney Azərbaycan millətinin haqlarını görməzdən gəlirlər. Biz də son 43 ildə milli mücadiləmizi aparmaqla Güney Azərbaycan türklərinin haqlarını bərpa etmək, azadlığımıza, müstəqilliyimə qovuşmaq istəyirik. Bu məqsədlə bir çox milli fəal bir araya gəlib, müzakirələrdən sonra Güney Azərbaycan Keçiçi Milli Məclisinin qurulmasına qərar verdik. Məclisi qurmaq üçün Təşkilat Komitəsi yaratdıq. Komitənin iki toplantısı Ankarada, üçüncüsü Azərbaycanımızın patyaxtı Bakıda keçirildi. Biz Ümid Partiyasının dəvəti ilə Bakıda olduq. Milli Məclisdə sədrin müavini və 17 millət vəkili, parlamentdəki partiya təmsilçiləri, parlamentdən kənar partiyaların liderləri ilə görüşdük, Güney Azərbaycanın son durumunu müzakirə etdik. Bundan başqa, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradovla görüşümüz oldu. Onunla da Güney Azərbaycan məsələsini müzakirə etdik. İran rejimi bu görüşlərə görə öz mediasında əleyhimizə xəbərlər yaydı. Amma biz bunda qərarlıyıq və əminik ki, bacaracağıq. Yaxın zamanda, bəlkə 1-2 ay ərzində 120-yə yaxın Güney Azərbaycan milli fəalını bir araya gətirib Güney Azərbaycan Keçici Milli  Məclisini qurub, güneylilərin mövqeyini dünyaya çatdırıb, zamanı gələndə və şərait yarandıqda Güney Azərbaycanda Milli Məclisimizi və dövlətimizi quracağıq.

- Yeri gəlmişkən, rejimin əxlaq polisini ləğv etməsi, qadınların məcburi baş örtüsünün aradan qaldırılması ilə bağlı hansısa addımlar ata biləcəyinə dair xəbərlər var. Sizcə islahat adı ilə bu cür yumşaldıcı addımlar etirazları səngidə bilər?

- Rejim gah deyir ki, əxlaq polisini ləğv etdilər, hicabla bağlı hasısa addım atacaq, amma sonra bunlar təkzib olunur. Rejimdəki bəzi səlahiyyətlilər bildirir ki, etirazları dayandırsanız, islahatlara gedəcəyik. Amma bunlara inanmaq olmaz. Molla rejimində kimsə deyir ki, geriyə bəzi addımlar atılsın, amma başqaları deyir ki, buna getmək olmaz. 43 ildir qadınların baş örtüsü rejimin mahiyyətinə çevrilib. Özləri də bilirlər ki, qadınların, gənclərin azadlığı məsələsində bir addım geri atsalar, bu, molla rejiminin çöküşə doğru getməsi olacaq. Bu gün qadınların başını açması molla rejiminin bitməsi deməkdir. Buna görə də bu baş verməyəcək. Geri addım atmaqdan danışsalar belə, başını bir az açan qadınları həbsə atıb, işgəncə verirlər, təhsilli insanları repressiyaya məruz qoyub, təhsilsizlərə iş imkanı yaradırlar. Bu rejim nə etsə belə artıq bitib və çöküşə doğru gedir. Onlar milləti əzsələr də, öldürsələr də insanlar artıq qorxmur və geri çəkilməyəcək. Rejim etirazların önündə gedən 5 gənci edam edəcəyini açıqlayıb. Edamla bağlı qərar insanların etirazlarını daha da yüksəldəcək, gərginliyi artıracaq, insanlar tutduqları yolda daha qərarlı olacaqlar. Rejimin 43 ildə insanlara etdiyi təzyiqlərin, ədalətsizliklərin, işgəncələrin sonunda cavabı belə olmalı idi. 35 milyondan çox azərbaycanlının gözü açıqdır, rejimin mahiyyətini yaxşı bilirlər. Şimali Azərbaycandakı inkişafdan, azadlıqdan qorxan İran ölkə əleyhinə bir sıra addımlar atdı, sərhəddə hərbi təlim keçdi. Amma Azərbaycan və Türkiyə birgə hərbi təlimi ilə molla rejiminin 10 qat artıq cavabını verdi. Bununla molla rejimi Güney azərbaycanlıların yanında olmayan etibarını daha da yox etdi. Düşünürəm etirazlar davam edəcək, gənclik rejimi istəmir və deyir ki, get. Hər bir türk gənci də buna hazır olmalıdır.

Bayaq vurğuladığım kimi, Qərbdə bəzi ölkələr fars mərkəzli, kürd mərkəzli hökumətlər düşünsələr də, biz 35 milyonluq azərbaycanlı Təbriz mərkəzli, Bakı mərkəzli, Ankara mərkəzli millətimizin birləşməsi ilə müstəqil olmasına doğru hərəkət  etməkdəyik. Əminik ki, yaxın günlərdə müstəqilliyimizə qovuşacağıq.

 





08.12.2022    çap et  çap et