Kamal ADIGÖZƏLOV
Qərbin diplomatik dairələrinin Cənubi Qafqazda xeyli fəallaşması və bölgədə cərəyan edən hadisələrin doğurduğu yeni reallıqların da daha çox onların maraqlarına uyğun dəyişməsi regional proseslərin inkişafına yeni məzmun çalarları gətirib. ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerin region ölkələrinə hay-küylü səfəri bu baxımdan ekspertlərin diqqətini cəlb edib. Amerikalı diplomatın bütövlükdə bölgə dövlətlərinin "konsensus yaratmalı" olduğu fikrini qəbul etdirməyə çalışdığı ehtimal olunur. Bununla Vaşinqton Rusiyanın regiona təsirini, xüsusilə Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında aparıcı rol oynamasını qəbul etmədiyini ifadə edir. Burada mürəkkəb və ziddiyyətli yeni bir geosiyasi oyun başlamış olur. Həm region dövlətlərinin, həm də böyük güclərin hansı məntiqlə davrandığının aydınlaşdırılmasına ehtiyac yaranır. Biz bu məqamı nəzərə alaraq məsələnin geosiyasi təhlili üzərində geniş dayanmaq istərdik.
Siyasətdə mümkün olan: Cənubi Qafqazda yeni diplomatik addımlar fonunda
İkinci Qarabağ müharibəsindən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev postmünaqişə mərhələsində Ermənistanla münasibətlərin normallaşdırılması və iki ölkə arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasının xarici siyasətdə prioritetlərdən biri olacağını bəyan etdi. Azərbaycan dövləti siyasət və hərb meydanında əldə etdiyi qələbəni tamamlamaq üçün siyasi-diplomatik potensialını regional miqyasda barış, sülh və əməkdaşlıq üçün yeni səviyyədə səfərbər etdi. Artıq iki ildən çoxdur ki, rəsmi Bakı bu istiqamətdə yorulmadan davamlı fəaliyyət göstərir. Bir çox uğurlar əldə edilib və onların daha da artması üçün yeni təşəbbüslər irəli sürülür. Azərbaycan Otto fon Bismarkın bir zamanlar ifadə etdiyi məşhur fikri böyük məharətlə həyata keçirir. Almaniyanı vahid dövlət altında birləşdirən "dəmir kansler" demişdi ki, "siyasət mümkün olanı, əldə ediləni, sonrakı daha yaxşı olanı həyata keçirmək məharətidir!"
Ancaq regionda marağı olan bir sıra böyük güclərin fəaliyyəti, İranın Ermənistanı birtərəfli müdafiəyə qalxması, Rusiyanın regional siyasətində bəzi qaranlıq məqamların yer alması mövcud vəziyyəti xeyli mürəkkəbləşdirib. Xüsusilə ABŞ və Aİ-nin böyük dövlətləri prosesləri çoxməchullu duruma sürükləməyə çalışırlar. Onların diplomatik təşəbbüsləri ilk baxışdan dialoqa çağırış kimi görünür, lakin məsələnin dərinlərdə olan siyasi və geosiyasi aspektlərinə baş vuranda, xeyli fərqli mənzərə yaranır.
Bunları diqqətə alaraq son zamanlar Cənubi Qafqazla bağlı və birbaşa Azərbaycanla Ermənistanın sülh müqaviləsi imzalaması ilə əlaqədar olan siyasi-diplomatik gedişlərə nəzər salaq. Öncə qeyd edək ki, ABŞ və Avropa son dövrlərdə daha fəal olmağa çalışırlar. Onların regional situasiyaya başlıca olaraq siyasi-diplomatik və ideoloji istiqamətlərdə ciddi təsir etməyə cəhd göstərdikləri aydın görünür.
Burada hətta zahirən "qəribə məntiq" kimi görünən bir fakt diqqəti çəkir. Əslində isə burada heç bir qəribəlik yoxdur. Otto fon Bismark deyərdi ki, "siyasət məntiqə əsaslanan elm deyil, bu, hər bir məqamda, daim dəyişən situasiyada ən az zərərli olanı, ən çox faydalı olanı seçmək qabiliyyətidir!" Lakin əsas məsələ ondan ibarətdir ki, siyasətçi real situasiyaya adekvat olan "ən az zərərli olanı, ən çox faydalı olanı seçməli"dir. Bu şərt ödənilməyəndə, siyasətçi özünü də, dövlətini də, dünyanı da həm fikrində, həm də reallıqda aldatmış olur. Bu iki aldatma aspekti bir yerdə olanda isə siyasət real müsbət nəticə vermir.
Otto fon Bismarkın "dünyanı aldatmaq istəyirsənsə, həqiqəti de" kəlamı da bu kontekstdə əhəmiyyətlidir. Yəni siyasətçi əsl niyyətini gizlədə bilər, lakin dünyanı inandırmaq üçün həqiqəti söyləməlidir. Hazırda əksər böyük güclər "dəmir kansler"in bu möhtəşəm tövsiyəsini sanki unudublar - onlar həqiqəti deməkdən qorxurlar! Bu səbəbdəndir ki, dünyanı qan-qada bürüyüb və həqiqətin üzə çıxmasına mane olurlar.
Yuxarıdakı fikirlərin Fransa ilə ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması aspektində öncüllüyü bir-birini əvəz etməklə əldən vermək istəmədiklərinin məntiqi ilə əlaqəsi vardır. Bu, zahirən bir-biri ilə bağlı olan prosessual əvəzetmə təsirini bağışlamır. Lakin məsələnin siyasi mahiyyətinə nüfuz edəndə başqa faktları duymaq mümkündür. Birincisi, Fransa bu məsələdə aktivləşəndə Amerika bir qədər geri çəkilir və əksinə. Məsələn, Azərbaycan Fransanın sülh danışıqlarında iştirakını arzuolunmaz hesab edən kimi, Amerika diplomatik fəallığını artırdı.
İkincisi, Fransa diplomatiyasının Cənubi Qafqazda həm ayrıca geosiyasi oyunçu kimi iflası, həm də Parisin ATƏT-in Minsk qrupunu "diriltmək" istiqamətində fəaliyyətinin uğursuzluğu ekspertlərin diqqətini çəkir. Belə görünür ki, Fransa nə təkbaşına, nə Frankofoniya vasitəsi ilə, nə də ATƏT xətti ilə Cənubi Qafqazda real situasiyaya təsir edə bilir. Buna heç rəsmi İrəvan da inanmır, çünki Nikol Paşinyan candərdi Parisin ünvanına mədhiyyələr səsləndirir, ortada isə konkret heç nə yoxdur. Hətta Fransa Senatı və Milli Assambleyasının qəbul etdiyi antiazərbaycan xarakterli ittihamlarla dolu qətnamələr də Ermənistan rəhbərliyinin könlünü açmadı. Çünki bunlar formal hoqqabazlıqdır, böyük siyasətə aidiyyəti yoxdur. Bu reallıqların fonunda Vaşinqtonun diplomatik təşəbbüsü ələ almaq cəhdi heç də təsadüf təsiri bağışlamır.
Üçüncüsü, ABŞ və Fransanın "təşəbbüskarlığı dəyişmə" taktikasında bir məqam dəyişməz qalır: hər iki dövlət regionda Rusiya və Türkiyənin üstün mövqedə olmasına əngəl olmağa çalışırlar.
Dördüncüsü, düşmən elan etdikləri İranın pozuculuq fəaliyyəti ilə bağlı real və konkret addım atmırlar. Tehranın erməni sevgisi sanki Qərbi tamamilə qane edir. Bu da Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması imkanlarını qeyri-konstruktiv siyasi-diplomatik mühitə sürükləmək kimi görünür.
Maraqlıdır, bütün bunların fonunda Qərb diplomatik addımlarını dayandırmır və belə təsir bağışlayır ki, onun Rusiya ilə qarşıdurması getdikcə daha inadkar məzmun kəsb edir. Təbii ki, bu fikir qətiyyən Rusiyanın haqlı, Qərbin haqsız olması nəticəsini çıxarmağa əsas vermir, sadəcə olaraq, iki böyük geosiyasi gücün regionda maraqlarını təmin etməkdə apardıqları mübarizənin yeni siyasi məntiqi daha önəmlidir.
Ekspertlər məhz bu prizmadan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerin regiona səfərinin başlıca geosiyasi və siyasi məqsədini anlamağa çalışırlar. Burada başlanğıc tezis kimi F.Rikerin ifadə etdiyi fikirləri götürmək olar. Amerika rəsmisi deyib ki, Vaşinqton regional sülhün əldə olunmasında Cənubi Qafqazdakı potensiala inanır. Buna imkan vardır. Amerika onu da bilir ki, bu coğrafiya dünya siyasəti üçün çox vacibdir. Hətta "bu bölgədə coğrafiya və tarix görüşür".
Amerikanın "bildikləri" və reallıq: Riker-Lavrov "dueli"nin bir sıra məqamları
ABŞ rəsmisinin sözlərinə görə, Amerika onu da bilir ki, "...münaqişə hər iki tərəfdə illər boyu böyük çətinliklərə və əzaba səbəb olub". Lakin Vaşinqton ona da inanır ki, "...sülh danışıqları zamanı əldə edilən impuls qorunub saxlanıla və daha parlaq gələcəyin təminatı üçün tarixin yeni səhifəsi açıla bilər". Maraqlıdır, Amerika həm regionun potensialının açılması, həm də "əldə edilmiş impuls"u qoruyub saxlamaq üçün hansı dialoq formatına üstünlük verir?
F.Riker bunu da açıqlayır. O bəyan edib: "Dövlət katibi Blinkenin qeyd etdiyi kimi, hər iki dövlət Cənubi Qafqazda daha firavan, dinc gələcəyi təmin etmək naminə çalışır. Birləşmiş Ştatlar Ermənistan ilə Azərbaycan arasında birbaşa dialoqu dəstəkləyir və əldə olunan impulsun yeni ildə də saxlanılmasına çağırır. Real proqres əldə olunub və sülh daha yaxşı və parlaq gələcək vəd edir. Mən sülhün əldə olunması üçün nümayiş etdirilən zəruri cəsarəti və qətiyyəti alqışlayıram".
Etiraf edək ki, Qərb siyasətçiləri Bismarkın bir tövsiyəsinə əməl edirlər - "nəzakətli olun, diplomatik danışın və yazın". Azərbaycan isə bu cür "nəzakətliliy"in arxasında nələrin dayandığını çox gözəl bilir. Bu bağlılıqda biz sual etmək istərdik: əcəba, ABŞ son 30 il müddətində hansı səbəblərdən eyni "nəzakətlilik"lə BMT TŞ-nin Azərbaycan-Ermənistan münaqişəsinin həlli ilə bağlı qətnamələrinə rəsmi İrəvanın əməl etməsini tələb etmədi və bu istiqamətdə addımlar atmadı? Hansı səbəblərdən bu cür "nəzakətlilik" məhz Azərbaycan münaqişəni təkbaşına və BMT Nizamnaməsinə tam uyğun olaraq, siyasi-hərbi yolla həll edəndən sonra özünü göstərdi? Burada Rusiyanın münaqişənin həllində başlıca vasitəçi olmasının təsiri yoxdur ki?
Əgər bu suallara cavab axtarsaq, onda Azərbaycanın da öz milli və dövlət maraqlarına uyğun davranmaq haqqının olduğunu qəbul etməliyik. Digər tərəfdən, Qərblə Rusiyanın geosiyasi mübarizəsi özlərinə aid olmalıdır və bunun altını müstəqil Azərbaycan çəkməməlidir. Bu prizmadan baxanda, Vaşinqtonun Gürcüstanı Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasında əsas vasitəçi kimi görmək istəyi birmənalı qiymətləndirilmir. Təbii ki, Azərbaycan real olaraq sülh istəyir, eyni dərəcədə Gürcüstanın strateji tərəfdaşlığına yüksək qiymət verir.
Ancaq bu məsələləri qlobal liderlik uğrunda geosiyasi mübarizənin bir elementinə çevirmək cəhdləri birmənalı qarşılanmamalıdır. Həmin kontekstdə də F.Rikerin regionda konsensusa nail olmaq və tərəflər arasında birbaşa danışıqları təşkil etməklə bağlı ifadə etdiyi fikirlərin nəyə xidmət göstərdiyi üzərində düşünmək gərəkdir.
Bu təklifə Gürcüstan və Ermənistan necə yanaşır? Rəsmi Tbilisi məmnundur, çünki onun regionda geosiyasi əhəmiyyətini Vaşinqton yüksəltmək istəyir - Gürcüstan regional sülhün yaranmasında əsas vasitəçi kimi təqdim edilir. Etiraz etmirik!
Ermənistana gəldikdə isə, rəsmi İrəvan həmişə olduğu kimi, "sülh və barışın tərəfdarıdır", həm də Qərbə "yaxınlaşmağa" üstünük verir. Reallıqda isə ermənilərin siyasi hiyləsi ortadadır. Onlar nə Qərb, nə də Rusiyanı real olaraq qəbul edirlər. Çünki öz xudbin və qeyri-real, absurd istəklərinin təmin olunması onlar üçün əsasdır. Bunu kimin təmin edəcəyi ikinci dərəcəli məsələdir. Bu səbəbdən F.Rikerin İrəvanda N.Paşinyanla müzakirələr aparması formal xarakter daşıyır.
Həm də ona görə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da F.Rikerlə demək olar ki, eyni vaxtda Moskvanın mövqeyinin bəzi məqamlarına aydınlıq gətirib. Oradan aydın görünür ki, Kreml də eyni "nəzakətlilik"lə erməniləri xəbərdar edir. Bu bağlılıqda S.Lavrovun illərdir demədiyi və məhz indi dilə gətirdiyi məsələlərə Azərbaycanda ekspertlərin şübhə ilə yanaşması tam əsaslıdır.
Qısa şəkildə qeyd edək ki, Moskva Ermənistan hakimiyyətini onu dinləməməkdə və gah Rusiya, gah da Qərbə üz tutmaqda ittiham edir. Moskva tələb edir ki, İrəvan onun mövqeyini birmənalı və real olaraq qəbul etsin. S.Lavrov bu mesajı diplomatik ibarələrlə İrəvana bir daha F.Rikerin səfəri kontekstində çatdırdı. Erməni əsilli rusiyalı nazir dedi ki, Moskva təklif etmişdi ki, Qarabağın dağlıq hissəsinin statusu məsələsi gündəmdən çıxmasın, lakin "gələcək nəsillərə saxlansın". Yəni Kremlin təklifində Qarabağ ətrafındakı beş rayonun Azərbaycana qaytarılması şərtinə qarşılıq, rəsmi Bakı üç şərti qəbul edə bilərdi: birincisi, Rusiyanın aparıcı vasitəçi rolu tanınır, ikincisi, Azərbaycan beş rayonu alır, lakin Kəlbəcərlə Laçının taleyinin Qarabağın statusu ilə bağlı olaraq müəyyən edilməsinə razılıq verir, üçüncüsü, Bakı qəbul edir ki, ermənilərə Qarabağda konkret siyasi status verilsin.
S.Lavrov bu şərtlərin aradan qalxmasının başlıca günahkarının Ermənistan olduğunu da ifadə edir. Onun dediyinə görə, Ermənistan Azərbaycanla birlikdə Qərbin layihəsi üzrə məsələni həll etmək istəyini ifadə etdi. Bununla da Rusiyanın "statusu sonraya saxlamaq" planı pozuldu.
Ekspertlər S.Lavrovun məhz indi bunu açıqlamasının başlıca səbəbi kimi ABŞ və Avropanın Ermənistana havadarlığı gücləndirib, təşəbbüsü Rusiyanın əlindən almaq planlarını göstərirlər. Moskva erməniləri bir daha xəbərdar edir ki, Ermənistanın baş nazirinin günahı ucbatından "çar xeyirxahlığı" həyata keçmir. Digər tərəfdən, Moskva Ermənistanı hədələyir və deyir ki, məndən uzaqlaşarsan, başqa günahlarını açıqlayaram. Nəhayət, Rusiya Qərbə çatdırır ki, Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasının "açarı" məhz onun əlindədir və istədiyi zaman "qapını bağlaya" bilər. Bu da Rusiyanın Qərbin Cənubi Qafqazdakı davranışlarından getdikcə daha çox qıcıqlandığının əlamətidir.
Belə görünür ki, Cənubi Qafqazda geosiyasi mənzərə daha mürəkkəb xarakter alıb. Qərblə Rusiyanın nüfuz uğrunda mübarizəsi faktiki baxımdan yeni səviyyəyə yüksəlib. Bu cür vəziyyət bütövlükdə regiona qeyri-müəyyənlik və yeni risklər gətirir. Onun fonunda İranın davranışları da maraq doğurur.
İran və Ermənistan bir "çətir" altında: regiona təhdidlər qalır
Tehran ABŞ və Rusiyanın geosiyasi mübarizəsi səviyyəsində regiona təsir edə bilmir. Ancaq onun əsas məqsədinin Qərbin və Türkiyənin burada təsirinin artmasını zəiflətməkdən ibarət olduğu məlumdur. Deməli, İran açıq və ya gizli şəkildə Rusiyanı dəstəkləyir və Ermənistana yardım edir. Hazırda Tehran daxili çaxnaşmalar səbəbindən bir qədər gözləmə mövqeyini seçib. Ancaq hərdənbir Azərbaycana hədə-qorxu gəlməyə çalışır. Bakı isə bunları çox təmkinlə qarşılayır, lazım olan təpkisini göstərir.
Bu baxımdan son zamanlar Azərbaycanın İrana qətiyyətlə etirazını bildirməsi diqqəti çəkir. Rəsmi Bakı Tehrandan onun vətəndaşlarının Azərbaycan sərhədini qanunsuz keçərək Qarabağa getmələrinin izahını tələb edir. Beynəlxalq hüquq normalarına uyğun olanı, bütün hallarda İran vətəndaşlarının Bakıdan icazə almaları şərtdir. Deməli, Azərbaycan dövləti İranı xəbərdar edir ki, Azərbaycan müstəqil dövlətdir və onunla hesablaşmaqdan başqa yol yoxdur!
Bütün bunların fonunda Ermənistanın davranışları maraq doğurur. Rəsmi İrəvan regionda olan bütün böyük oyunçulara "hə" deyir. ABŞ-la razılaşdığını eşidirik. Rusiya ilə isə bir "cəbhə"dədirlər. İrana qətiyyən etiraz etməz, əksinə, ona "çox yaxın olduğunu" bəyan edər. Və hətta Türkiyə ilə də "münasibətləri normallaşdırmaqda maraqlı görünür". Bunların fövqündə isə Azərbaycanla "sülh müqaviləsi imzalamağı lazımlı" sayır!
Ona görə də N.Paşinyan F.Rikerlə də, S.Lavrovla da "həmfikir"dir. İlk baxışdan balanslı görünən bu mövqe, əslində, iki çürük stulda ermənisayağı eyni zamanda oturmaq cəhdindən başqa bir şey deyildir. Çünki özünün müstəqil mövqeyi olmayan ölkənin real seçimi ola bilməz. Onun əvəzinə ağaları seçim edərlər. Ermənistan rəhbərliyi də məhz bu "mövqeyinə" sadiqliyini nümayiş etdirir: böyük güclərdən hər hansının atdığı addıma "xub, mən razı" deyir. Bu o deməkdir ki, indiki dönəmdə də rəsmi İrəvan qeyri-müəyyən siyasətini davam etdirir.
Məqsəd aydındır - regionda suların tamam durulmasına mane olmaq ki, bəlkə gələcəkdə nəyisə "qaytardılar". Bəlkə nə vaxtsa, bulanıq suda "DQR" tutmaq mümkün oldu! Lakin reallığın məntiqi başqa mənzərəni ortaya qoyur.
Konkret desək, Azərbaycan enerji, iqtisadi, siyasi, geosiyasi, nəqliyyat-logistika aspektlərində proqramların reallaşmasında aktiv iştirak edir və real geosiyasi mənzərənin formalaşmasında aparıcı rol oynayır. Bununla yanaşı, Azərbaycan siyasi-diplomatik fəaliyyətini konkret hədəflərə fokuslaşdıraraq nəticələr əldə edir. Məsələn, artıq Bakı Xankəndiyə monitorinq qrupları göndərir. ölkəmizin aidiyyəti qurumlarının mütəxəssisləri Qarabağın ermənilər yaşayan məntəqələrində təbii resurslardan istifadənin qanuni olub-olmamasını yoxlayırlar. Və bunu ermənilərin çox güvəndiyi Rusiya sülhməramlıları ilə danışaraq razılığa gəlməklə edirlər.
Belə çıxır ki, rəsmi Bakı erməni separatçılara Qarabağın istənilən hissəsində söz sahibi olduğunu bir daha anladır. Ermənistan parlamentində antiazərbaycan layihənin qəbulunun hakim partiyanı təmsil edən deputatlar tərəfindən əngəllənməsi, Qarabağdakı erməni separatçıları arasında çəkişmələrin dərinləşməsi və sühlhməramlıların rəsmi Bakı ilə hesablaşmağa məcbur qalması fonunda vurğuladığımız məqamın erməni əhalisinə güclü psixoloji təsiri qaçılmazdır!
Beləliklə, ABŞ və Rusiyanın Cənubi Qafqazda siyasi-diplomatik fəallığı fonunda Azərbaycanın mövqeyi daha da möhkəmlənir və Ermənistan növbəti dəfə dalana dirənmiş olur. Azərbaycanın siyasi-diplomatik, iqtisadi, nəqliyyat-logistika və enerji fəallığı getdikcə daha böyük ölçüdə ümumi situasiyanı ölkəmizin xeyrinə dəyişir. Bu prosesdə siyasi baxımdan çox önəmli olan məqam ondan ibarətdir ki, artıq ABŞ, Avropa İttifaqı və Rusiya kimi böyük güclər də Cənubi Qafqazla əlaqədar atacaqları addımları ilk növbədə Azərbaycan faktorunu nəzərə alaraq konkretləşdirirlər. Bunu F.Rikerin regiona səfərində də gördük. Vaşinqton açıq bəyan etdi ki, artıq Minsk qrupu formatı işləmir. Azərbaycanla birbaşa təmaslara üstünlük vermək lazımdır. S.Lavrov da rəsmi İrəvanı ittiham etməklə Azərbaycanla hesablaşdığını dolayısı ilə təsdiq etdi.
Proses davam edir. Bundan sonra da Azərbaycanın haqq mövqeyi möhkəmlənəcək və real sülhə nail olunacaq. Azərbaycanın memarı olduğu qalıcı və real sülh!..
çap et