525.Az

Zahiri "imperativ", batini "dispozitiv" - Bahəddin Həzi yazır


 

BÖYÜK MÜƏLLİMİN XATİRƏSİNƏ KİÇİK İTHAF VƏ YAŞANMIŞLIQLARIN DUYĞUSAL RƏSMİ...

Zahiri "imperativ", batini "dispozitiv" - <b style="color:red"> Bahəddin Həzi yazır</b>

Onu hüquq dili ilə xarakterizə etsək, belə deyərik: "İmperativ görkəmi, dispozitiv ürəyi var". Üzündən zəhm yağır, ancaq bu "məhkəmə divarı" simasının arxasında insanlara, ölkəsinə, sənətinə bir sevgi var. Ədalət və mərhəmət onun ruhunu pərvazlandıran qoşa qanad olub daim. Bu da şəxsi ləyaqətini, özünə və sənətinə sədaqətini şərtləndirib. Hüququn nəzəriyyəsi var, tətbiq alətləri var, ancaq mən hər zaman hüquqa bir incəsənət kimi baxıram.

Və...əlbəttə, fəlsəfəsi!

Hegelin "Hüququn fəlsəfəsi" tələbəlikdən masaüstü kitabım olub. Bu anlamda qəhrəmanımıza, sadəcə hüquqçu deməyəcəm. O bir sənətkar filosofdu, ya da filosof sənətkar. Bəlkə də, hüququn fəlsəfəsi, həm də fəlsəfənin hüququymuş. İnsanların düşünmək, düşündüyünü demək, dediyinin arxasında dayanmaq hüququ. Ya da filosofların təbirincə desək, fəziləti...

İntibah dövrünün məşhur filosof yazıçısı Mişel de Monten yazırdı ki, ictimai əxlaqın korlanmasının birinci əlaməti həqiqətin itirilməsidir. Cəmiyyət həqiqətini itirdiyi gün səhnədə diktator peyda olur. Nəticədə nə hüquq qalır, nə də hüququn fəlsəfəsi. Fəlsəfənin hüququndan isə danışmağa dəyməz. Həqiqəti tapan şəxslər filosoflar ola bilər, onun gözətçisi - keşikçisi isə hər zaman hüquqşünaslar idi. Mən bu essenin qəhrəmanını pafossuz-filansız həqiqətin keçikçisi adlandıracam. Ən çətin kazusları həll edə bilən adam! Dayanmadan öyrənən, dayanmadan öyrədən adam!

Mən universitetdə hüquq oxumurdum, ancaq hüququ öyrənmək istəyirdim. Bir neçə dəfə özündən icazə alıb mühazirələrinə qatılmışdım. Mühazirələrini tələbələrinə xitabən belə bir cümlə ilə başladığının şahidi olmuşam: "Mən də hələ bu mövzunu yaxşı bilmirəm, ancaq sizinlə birlikdə öyrənəcəyik".

Təsəvvür edin, bu sözü deyən adam hüquq elmləri doktoru, professor, kafedra müdiri idi. Onun yazdığı kitablardan dərslik və dərs vəsaiti, mötəbər elmi mənbə kimi İttifaq dövlətinin universitetlərində tələbələr, müəllimlər istifadə edirdi. Onun elmi şanı öz dövlətinin sərhədlərini çoxdan aşmışdı. Ancaq özünün də dediyi kimi, tələbələri ilə birlikdə öyrənməyə davam edirdi. Bu, onu tələbələrinə sevdirən cəhətlərindən sadəcə biriydi.

O tələbələr məzun olandan sonra da, hansı yaşda, harda olmaqlarından, cəmiyyətdəki, dövlət sistemindəki mövqeyindən asılı olmayaraq, professor Məmməd Xələfovun qarşısında özlərini hər zaman tələbə kimi hiss edirdilər.

Heç unutmuram, hüquq fakültəsində dövlət imtahanları vaxtı idi. Mən o zaman respublika prokuroru (vəzifənin indiki adı ilə desək, baş prokuror) İlyas İsmayılovun dəhlizdə professor Məmməd Xələfovla qarşılaşdığını gördüm. İlyas İsmayılov müəllimini görəndə ehtiramla farağat vəziyyəti aldı, pencəyinin yaxasını düymələdi, simasında utancaq bir ifadə yarandı.

Bəli... İlyas İsmayılov Moskvada, Bakıda müxtəlif yüksək vəzifələr də tutdu, deputat, hətta nazir də oldu. Elmi əsərlər yazdı, hüquq elmləri doktoru, professordur. Yaşı 80-i adlayıb, ancaq hələ də professor Məmməd Xələfovun adı gələndə dönüb tələbə olur.

Eləcə də onlarla deyil, yüzlərlə, bəlkə də minlərlə başqa tələbələri də bu ehtiramı yaşadır, bu xatirə ilə yaşayır. Nazirlər, prokurorlar, alimlər, deputatlar, siyasətçilər, hakimlər, vəkillər... Böyük bir ordu!

Xatirələr - yaşanmışların bizdəki duyğusal rəsmidir. Məmməd Xələfovun onu tanıyan hər kəsdəki duyğusal rəsmi həmişə çox mükəmməl sənət əsəridir. Yaddaşlarda çox insan qala bilər, sadəcə qala bilər! Ancaq ürəklərdə yaşamaq hər kişiyə, hər insana qismət olmur. Bu baxımdan, Məmməd Xələfovun alimlik, müəllimlik qisməti çox bəxtəvər olub.

Con Stüart Mill deyirdi ki, Allah insanlara təbii - yaşamaq, azadlıq, mülkiyyət hüquqları verib.

Məmməd Xələfov artıq 100 yaşına çatıb, fiziki olaraq aramızda olmasa da, hələ də onu tanıyanların ruhunun ən görkəmli yerindən Məmməd Xələfovun duyğusal rəsmi asılıb.

Özü də ruhən həmişə azad idi, ağayana, yenilməz, möhkəm bir xarakteri vardı. Bütöv bir şəxsiyyət profilinə sahib adam. Mülki hüquq dühasının ən qiymətli mülkiyyəti isə onun sevgisi idi. Ailəsinə, torpağına, vətəninə, öz elminə, tələbələrinə, sevgisinə layiq və talib olan hər kəsə...

Millin dediyi o təbii hüquqlarından, ən çox da sevmək və sevilmək hüququndan yararlanmışdı.

...Onu tanıyanlar deyir ki, heç zaman gülməzdi. Bəzən xəfifcə gülümsəyərdi. Tale də ömrünün başlanğıcında onun üzünə heç gülmədi ki!? Gülməyi öyrənməyə zamanı, fürsəti olmamışdı ki!?

Bir az əvvəl yazmışdım: "Xatirələr yaşanmışıqların duyğusal rəsmidir" deyə. Nə qədər silməyə çalışsan da, izi qalır, ya da yarası.

Lap uşaqlıq çağlarından ürəyində, ruhunda, yaddaşında bir yara-xatirə onsuz vardı. Atasını güllələmişdilər. Bu yara bolşevizmin Hacı Süleyman bəyi qurban seçdiyi gün açılmışdı. Atasız qalan üç qardaş Gəncəyə köçməyə məcbur qalmışdılar. Atanı itirmək, öz evini, yuvasını itirmək... Daha bundan ağır yara?!

Sovet rejimi ozamankı Qaryagin, indiki Füzuli rayonunun Dördçinar kəndində də "qolçomaq" tapmışdı. Bu adla atasını Məmmədin əlindən almışdılar. Bu yara ilə ömür boyu yaşamağa məhkum etmişdilər. İkinci yaranın izi isə bədənindəydi - sağ qolundakı çapıq...

...Professorun həyat hekayəsi atamın böyük qardaşı Mürşüd əmimin taleyinə bənzəyirdi. İkisi də eyni rayondan orduya çağırılmışdı. Mürşüd əmim də İkinci Dünya savaşından qabaq hərbi xidmətə getmişdi, sonrasında o dəhşətli müharibələr - sovet-fin, sovet-alman savaşları! Ancaq əmimin bəxti gətirməmişdi, 1944-cü ildə itkin düşdü. Nə dirisi tapıldı, nə məzarı oldu.

Ancaq gələcək hüquq professoru yaralanmış, Alma-Ataya, hərbi hospitala göndərilmişdi. Sağalıb yenidən döyüşməyə gedəcəkdi, bunu çox istəmişdi. Atası Hacı Süleyman bəyi qətlə yetirmiş sovet rejiminə rəğmən, ölkəsini qorumağa təkrar can atmışdı. Ancaq onu ön cəbhəyə buraxmadılar, yarası ağır idi... Özü də bu yaranı o zaman Stalinin adını daşıyan şəhəri qoruyanda - Stalinqradda almışdı. Çox simolik bir kədərdi, deyilmi?!

Belə bir ifadə var: atasının oğlu.

Qarabağda sayılıb-seçilən böyüklərindən biri, sayğılı Hacı Süleyman bəy də repressiyadan qaçıb canını qurtara bilərmiş, amma çox deyiblər, az eşidib. Öz torpağını, evini buraxıb qürbətə sığınmaq yerinə şərəfi ilə ölməyi seçib. Oğlu da onun kimi... hospitaldan yenə savaşa can atıb.

Yusif Səmədoğlunun məşhur "Qətl günü"ndəki ifadə ilə desək, üzünü "ölümə qənşər" tutub. Ancaq dediyim kimi, ruhundakı qədər bədənindəki yara da ağırdı və o istəməsə də, Gəncəyə qayıtdı. İşlədi, oxudu, öyrəndi, öyrətdi, sevdi, sevildi, saydı, sayıldı...

Belə alqış var axı dilimizdə: "Böyük oğlan olasan!" O da böyümüş, böyük oğlan, fiziki olaraq və xaraktercə əsl kişi, böyük insan, böyük alim, böyük müəllim olmuşdu.

Bu yaxınlarda Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev dedi ki, hüquq fakültəsində ən geniş və işıqlı auditoriyalardan birinə professor Məmməd Xələfovun adını vermək lazımdır. Bu təklif çox alqışlandı da. O adı o auditoriyaya verdilərmi, verəcəklərmi, bax onu bilmirəm. Ancaq bildiyim bir gerçək var, professor Məmməd Xələfova Allahın lütfü onun müəllimliyinin - adının ən geniş və ən işıqlı auditoriyaları aşaraq sərhədsiz coğrafiyaya, ruhsal genişliyə işıq kimi yayılması idi.

Hamı öz tələbələrinin müəllimi ola bilər, pis və ya yaxşı. Ancaq Millətinin müəllimi olmaq şərəfi isə hər kəsin nəsibi deyil. Həyatının əvvəllərini bədbəxt qismətlərlə keçirsə də, davamı bəxtəvər gəldi. Sonu?!

Cənnət Qarabağda doğuldu, əziz və qədim Gəncədə böyüdü, paytaxt Bakıda dünyasını dəyişdi. Bunlar ömrün reallığıdır, bəli. Ancaq əslində professor Məmməd Xələfovun həyatının sonu yoxdur axı!?

P.S. Bu yaxınlarda Bakı Dövlət Universitetində hüquq elmləri doktoru, əməkdar elm xadimi Məmməd Xələfovun anadan olmasının 100 illiyi münasibətilə möhtərəm və möhtəşəm bir yubiley mərasimi keçirildi. Universitetin rəhbərliyi və iştirakçılar sağ olsun. Bu tədbirin təşkilində BDU-nun kafedra müdiri, hüquq elmləri doktoru, professor Alış Qasımovun çox böyük zəhməti vardı. Ona da Məmməd Xələfovu sevən hər kəs adından təşəkkür edirəm.

 

 





08.12.2022    çap et  çap et