525.Az

Üstüm-başım vətən qoxuyurdu...


 

Üstüm-başım vətən qoxuyurdu...<b style="color:red"></b>

Aysel XANLARQIZI SƏFƏRLİ

 

Onu tanıyanda 9 yaşım vardı. İllər öncə içimə oturan bir ağrıyla, bir yanğıyla sevmişdim onu. Əsir düşmüş "Bayatı- Şiraz" səsində, bağrı yanıq xarıbülbül nəfəsində, çılpaq qayalıqlarını düşmən hənirtisi üşüdən ayrılıq nəğməsində, uzaqdan uzağa, heç görmədən tanımışdım, sevmişdim. Bəlkə bir gün bir ümid toxumu tumurcuqlayıb qəlbimdə böyük bir çiçək bağçasına dönər düşüncəsi ilə 30 illik arzularımı qəlbimin bir küncünə büküb saxlamışdım. Adı dodaqlarımda hecalananda gözlərimdə buludlanmışdı, dərin bir köks ötürmüşdüm...

İllər ötdü, bir gün Qarabağ mərmilərin oxuduğu marş səsinə oyandı. Talan olunmuş yurdun qəlpə yaralı yarıuçuq divarları arasında uşaqlığını, gəncliyini buraxıb gedən xatirələr kövrəldi. Əsgər addımlarının səsi yaralı vətənin ağrılarına məlhəm oldu. 30 il sonra bu möhtəşəm dönüş şəhid qanı bahasına başa gəlsə də, qürurverici idi...

Doğrudan da, həyatın insana nələr yaşadacağını kimsə bilmir. 30 il sonra bir gün sabahımı Şuşanın doğma qoynunda açacağım ağlıma belə gəlməzdi...

Avtobusla üzərində "Azad olunmuş torpaqlar" kəlmələri yazılmış lövhənin olduğu yerə - sərhədə yaxınlaşdıqca bambaşqa bir duyğular məni bürüyürdü. Səs-küylü avtobusa bir anda sakitlik çökmüşdü. Mənimlə birlikdə Şuşanı görməyə tələsən qələm yoldaşlarım da yolboyu dağıdılmış kəndləri, yandırılmış yerləri böyük bir həyəcanla, kövrək duyğularla izləyirdilər. Şuşa illər sonra bizi ikinci Vaqif Poeziya Günlərində qarşılayacaqdı. Uzaqdan qayalıqların  hündür zirvəsində görünən, təbiətin yaratdığı möcüzə sayəsində qala divarlarının əhatəsində olan şəhərin Şuşa olduğunu həmin andaca anlamışdım. Bu əsrarəngiz gözəlliyə yenidən qovuşmaq sevinci və bu vüsalı yaşaya bilməyin verdiyi qürur hissi məni haldan-hala salırdı. Bir də o qayalıqlara böyük bir igidliklə qalxıb Şuşanı yalın əllə alan vətən oğullarının göstərdiyi şücaəti düşündükcə mən də, yanımdakı yol yoldaşım da göz yaşlarımızı saxlaya bilmirdik.

Sakit, gözəl, hələ qoynunda çox az insanın məskən saldığı Şuşaya daxil olduqca yarıuçuq evlərin, güllə izi qalmış daşların, binaların, çiçəklərin, meşəliklərin, ağacların  arasından sanki şəhid ruhunun boylanıb bizə "Xoş gəldiniz" dediyini görürdüm.

Şəhid qoxulu Qarabağ torpaqlarında böyük bir hüzur hiss olunurdu.

Vaqif məqbərəsi önündə səslənən vətən şeirləri, Cıdır düzünü bürüyən dünya şöhrətli Azərbaycan musiqiləri şəhidlərimizin ruhuna laylay çalırdı. Vətənindən sürgün olunmuş Bülbül musiqisi, Natəvan şeirləri azad olunmuşdu.

Bu gün tarımız, "Bayatı-Şiraz"ımız, milli dəyərlərimiz Qarabağa qayıtmaq sevincini yaşayırdı.

İsa bulağının bumbuz suyundan qurtum-qurtum daddıqca sanki içimdəki bütün ağrılarım azalmağa başlamışdı. Şəhərin hər tərəfində bizi qarşılayan Azərbaycan əsgərlərini köksümüzə sıxıb, "Allah səni qorusun, vətən oğlu!" demək gəlirdi içimizdən.

Gecəni Şuşanın qoynunda keçirmək, səhər günəşi Şuşada salamlamaq isə bambaşqa bir duyğu idi. Bəzi tikililərin üstündə Şuşanı azad edən əsgərlərin xatirə yazılarını maraqlı bir əsər oxuyurmuş kimi anladılması mümkün olmayan duyğularla oxuyurdum.

Dönərkən Şuşa torpağını ovuclarıma doldurub şəhid analarının da yerinə qoxladım. Şuşanı hələ görə bilməyən dostlarım üçün şəhid qanı ilə qaytarılmış vətən toprpağından bir ovuc götürdüm. Hər daşı, hər qayanı şəhid və qazı qardaşlarımızın, oğullarımızın yerinə öpüb alnımı qoydum. Geriyə nəzər salıb uzaqdan bizə baxan şəhid ruhlarının qarşısında baş əyərək avtobusdakı yerimə oturdum...

Maşın yeni salınmış, asfalt yolda şütüdükcə hər daşın, hər ağacın kənarından boylanan şəhid ruhları bizə "Yaxşı yol" deyirdi...

Vətən qoxulu duyğularımla qolboyun olub müqəddəs ziyarətimi tamamlayaraq övladlarıma Şuşa qoxusu aparırdım: Üstüm-başım vətən qoxuyurdu...

 

 

 

 

 





08.12.2022    çap et  çap et