525.Az

Azərbaycanda hava keyfiyyətinə dair monitorinq şəbəkəsi modernləşdirilir


 

Azərbaycanda hava keyfiyyətinə dair monitorinq şəbəkəsi modernləşdirilir<b style="color:red"></b>

Atmosfer havasının çirklənməsinin monitorinqi Nazirlər Kabinetinin müvafiq qərarı ilə "Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq həyata keçirilir. Atmosfer havasının çirklənməsi üzərində müşahidələr stasionar və səyyar məntəqələrdə aparılır. Stasionar və səyyar məntəqələr hər bir şəhərin, yaşayış məntəqəsinin sahəsi, relyefi, sənayenin inkişafı, səyyar tullantı mənbələri və əhalinin sayı nəzərə alınmaqla təşkil edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkədə mövcud olan hava keyfiyyətinin monitorinq şəbəkəsi bir çox amillər baxımından müasir standartlara, beynəlxalq meyarlara cavab vermirdi. Ölçülən çirkləndiricilərin seçimi ictimai səhiyyənin tələblərinə uyğun deyildi, monitorinq ləng və zəhmət tələb edirdi. Buna görə də hava keyfiyyətinə dair cari monitorinq şəbəkəsinin modernizasiyası işlərinə başlanılıb. Belə ki, son dövrlər bu sahənin gücləndirilməsi istiqamətində işlər davam etdirilir.

Azərbaycanın Avropa İttifaqı ilə mövcud olan Fəaliyyət Planında atmosfer havasının monitorinqi sisteminin Aİ Direktivlərinə uyğun fəaliyyətinin mərhələlərlə təmin olunması nəzərdə tutulub. Öhdəlikdə fasiləsiz fəaliyyət göstərən üçüncü nəsil avtomatik məntəqələrin quraşdırılması tələb olunur. Bununla əlaqədar İsveçin OPSİS AB şirkətindən 1 ədəd onlayn rejimdə çalışan müşahidə məntəqəsi alınıb. Məntəqənin 2016-cı ilin may ayından etibarən fəaliyyəti təmin edilib. Hazırda hər gün bu məntəqədən atmosfer havasında PM10 (asılı hissəciklər), NO2, SO2, benzol, toluol, kselol kimi qaz birləşmələri və ozonun səviyyəsi üzrə monitorinq nəticələri alınır.

Atmosfer havasının çirklənməsinin monitorinqi üzrə iri şəhərlərdə yerləşən müşahidə məntəqələrinin onlayn rejimdə çalışan müşahidə məntəqələri ilə əvəz olunması ETSN-nin qarşısında duran prioritet məsələlərdən biridir. Belə ki, 2019-cu il üçün nəzərdə tutulan İnkişaf Konsepsiyasına uyğun olaraq bir səyyar laboratoriya və atmosfer havasının monitorinqi üzrə 5 stasionar avtomatik stansiya alınıb. Bu stansiyaların 3 ədədi Bakı şəhərində, Gəncə və Sumqayıt şəhərlərində isə 1 ədəd olmaqla quraşdırılıb. Stansiyalar dünyada ətraf mühit üzrə analizator istehsalına görə öndə gedən "Thermo" (ABŞ) şirkətinin cihaz və avandanlıqları ilə komplektləşdirilib. Stansiyalar şəhər fonu, nəqliyyat, sənaye profilli olaraq 3 istiqamət üzrə quraşdırılıb və hər stansiyanın profilinə uyğun analizatorlarla təchiz edilib. Stansiyalardan fasiləsiz olaraq atmosfer havasından PM 2.5, PM 10, azot 4-oksid (NO2), azot 2-oksid, NOx, kükürd qazı (SO2), dəm qazı (CO), hidrogen sulfid (H2S), BTEX kimi qaz qarışıqları və ozonun yer səthində səviyyəsi üzrə nəticələri əldə olunur. Stasionar stansiyalardan daxil olan məlumatlar mərkəzi məlumat bazasında toplanılır, hava keyfiyyətinin qiymətləndirilməsi və digər məqsədlər üçün bazadan aidiyyəti üzrə istifadə edilir.

Altıağac Milli Parkının ərazisində Xızı fon stansiyası Azərbaycan tərəfindən 2002-ci ildə ratifikasiya edilmiş BMT-nin Avropa İqtisadi Komissiyasının "Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında Konvensiya"nın tələblərinə uyğun olaraq 2012-ci ildən fəaliyyət göstərir. Məntəqədə mütəmadi olaraq yağış və anion-kationların (Cl-, SO4 2-, NO3-,Na+, K+, Mg2+, Ca2+, NH4+) təyini məqsədilə nümunələr götrülür, müvafiq analizlər aparılır. Hazırda məntəqədə yer səthində ozonun səviyyəsi və PM2.5 - dirsper hissəciklərinin monitorinqi həyata keçirilir.

"Avropa İttifaqının nümunəvi təcrübələri əsasında Azərbaycanda milli ekoloji monitorinq sisteminin təkmilləşdirilməsi" Tvinninq layihəsinin dəstəyi ilə 2018-ci ilin may ayında atmosfer havasında mövcud olan qazların və dispers hissəciklərin ölçülməsi məqsədi ilə hava keyfiyyət ötürücüsü əldə edildi. Hazırda cihazdan qaz birləşmələri (NO2, SO2, CO, O3 ) və dispers hissəciklər (PM 2,5 və PM10) üzrə monitorinq məlumatları əldə edilir.

Atmosfer axını ilə çirkləndirici maddələrin ölkə ərazisinə transsərhəd daşınmalarına nəzarət edilməsi və atmosfer yağıntılarının fon tərkibinin öyrənilməsi məqsədi ilə ölkənin 6 bölgəsində - Abşeron yarımadası, Kür-Araz ovalığı, Kiçik Qafqaz, Böyük Qafqazın şimal-şərq, cənub yamacı və Lənkəran-Astara olmaqla 26 məntəqədə 11 göstərici üzrə - sulfat, nitrat, fosfat, ammonium, xlorid, hidrokarbonat, maqnezium, kalsium ionları, elektirik keçiriciliyi, codluq, və pH aparılır. Monitorinq planına əsasən ildə 2 dəfə, qış fəslində Qırız, Damarçın, Daşkəsən, Şahdağ və Kəlvəz müşahidə məntəqələrindən dayanıqlı qar nümunələri götürülür və həmin nümunələrdə fiziki-kimyəvi analizlər aparılır.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyir ki, Abşeron yarımadasında il ərzində müxtəlif fəsillərdə bir neçə qəsəbədə atmosfer havasının çirklənməsi ilə əlaqədar monitorinqlərin keçirilməsi nəzərdə tutulub. Monitorinqlər aprel-may aylarında həyata keçiriləcək və nəticələri barədə də ictimaiyyətə geniş məlumat veriləcək: "Hazırda ölkədə atmosfer havasının keyfiyyəti norma daxilindədir. Bu da yağışlı hava dövrünün davam etməsi ilə bağlıdır".

U.Tağıyevanın sözlərinə görə, qış dövründə monitorinqlər bitib: "Buzovna, Mərdəkan, Şüvəlan, Bilgəh, Nardaran, Fatmayi, Mehdiabad, Novxanı, Şıxovda çirklənmə yol verilən qatılıq həddindən yüksək olmayıb. Ən az dəm qazı çirklənməsi Şüvəlanda, Bilgəhdə və Nardaranda müşahidə olunub. Tozun miqdarı ən az Buzovna, Şüvəlan və Mehdiabadda qeydə alınıb".

Xidmət rəisinin dediyinə görə, gündəlik olaraq atmosfer havasına müxtəlif mənbələrdən-sənayedən, nəqliyyatdan və sair birbaşa azot 4-oksid, azot 2-oksid, kükürd qazı, dəm qazı, hidrogen sulfid, dispers toz hissəcikləri, benzol, etil benzol, toluol, kselol kimi qaz birləşmələri atılır: "Bu ildən Dövlət İnvestisiya Layihəsi çərçivəsində alınmış avtomatik rejimdə çalışan 5 stansiya və 1 ədəd Səyyar Laboratoriyanın imkanları hesabına havaya atılan qaz qarışıqları və toz hissəcikləri üzrə fasiləsiz monitorinq sistemi yaradılıb.

Stansiyadan əldə olunan məlumatlara əsasən, ilin isti dövründə qaz qarışıqlarının, həm də dispers toz hissəciklərinin qatılıqlarının nisbətən yüksək olduğu müəyyən edilib. Həmin dövrlərdə temperaturun yüksəlməsi, dayanıqlı hava şəraitinin tez-tez müşahidə olunması və digər meteoroloji parametrlər avtonəqliyyatdan və sənaye müəssisələrindən atılan tullantıların havada uzun müddət qalmasına şərait yaradıb və atmosfer havasının keyfiyyət göstəricilərin aşağı düşməsinə səbəb olub".

O bildirib ki, əgər 70-80-ci illərdə şəhərlərdə atmosferi çirkləndirən mənbələr sırasında əsasən sənaye müəssisələri 70-80 faiz ilə üstünlük təşkil edirdisə, son onillikdə vəziyyət dəyişib və nəqliyyat sektoru Bakıda artıq əsas çirkləndiriciyə çevrilib:

"2005-ci ildə sənayedən olan tullantılar 53, nəqliyyatdan isə 47 faiz təşkil edirdisə, son illər vəziyyət tədricən dəyişib, hazırda nəqliyyatın payına 80 faizə yaxın tullantı düşür. Bu çirkləndiricilər əsasən azot oksidləri (NOx), dəm qazı (CO)kükürd qazı (SO2) karbohidrogenlər və digər maddələrdir. Nəqliyyatdan fərqli olaraq əksər sənaye müəssisələrindən atmosfer havasına atılan tullantılar texnoloji, ekoloji qaydalara uyğun olaraq borular vasitəsilə müəyyən hündürlükdə atılırlar ki, bu da onların atmosferdə daha tez səpələnməsinə, bununla da konsentrasiyalarının nisbətən azalmasına imkan yaradır və belə müəssisələrin çoxu şəhərin kənarındadılar. Nəqliyyatdan olan tullantıların spesifik bir tərəfi isə odur ki, onlar insanın birbaşa nəfəs aldığı təbəqəyə atılır. Buna görə də insanlara mənfi təsir effekti özünü daha qabarıq göstərir".

U.Tağıyevanın sözlərinə əsasən, atmosfer havasının çirklənmə mənbələrindən biri də transsərhəd gətirmələrdir. Son on ildə bu proseslər daha tez-tez müşahidə edilir. Transsərhəd çirklənmə zamanı əsasən dispers toz hiccəciklərinin (PM10, PM 2.5) miqdarının normadan dəfələrlə artıq olduğu müəyyən edilib: "Xüsusi narahatlıq avtonəqliyyat vasitələrinin sıxlığı, eyni zamanda, ölkəyə gətirilən istismar müddəti keçmiş avtomobillərin istifadəsi ilə bağlıdır. Nazirlik tərəfindən aidiyyəti təşkilatlarla bəzi nəqliyyat növlərinin şəhərə daxil olmasına məhdudiyyətlərin tətbiq edilməsi istiqamətində işlər aparılır".

Sevinc QARAYEVA

 





08.12.2022    çap et  çap et