525.Az

Təbrizli Təbriz, xoş gördük səni! - Barat Vüsal yazır


 

Təbrizli Təbriz, xoş gördük səni! - <b style="color:red"> Barat Vüsal yazır</b>

Mən həmişə arzulayırdım ki, Təbrizə gedim. Babam Şəhriyarın qəbrini ziyarət edim.

2018-ci ildə, axır ki, Allahın köməyi ilə mən bu murazıma çatdım. Oğlumla birgə güneyli şair-həkim dostum, Tehranda nəşr olunan "Mişov" jurnalının təsisçisi və başqanı Aqşin Ağkəmərlinin fədakarlığı sayəsində biz getdik, Təbrizi, Xalxalı, Ərdəbili gördük, ziyarət etdik. S.C.Pişəvərinin anadan olduğu Zeyvə kəndində olduq.

Bizi yollar boyu dağların döşündə, yamacında bitən, bizi müşayiət edən tək-tək ağaclar sanki keçmiş ağır faciələrdən, qırğınlardan sonra dağlara çəkilib hələ də yaşayan, fars şovinizminə, molla rejiminə qarşı hələ də mübarizə aparan, silahını yerə qoymayan fədailəri xatırladırdılar...

İndiki kimi yadımdadır. Zeyvə kəndinə girhagir qarşıdan gələn bir maşına işarə verib Aqşin: "Dayan bir, ay qardaş!" dedi. Qardaş dərhal maşını dayandırıb yerə düşdü. Qardaş, nə qardaş! Allah kaş ki, hamıya elə qardaş qismət etsin edəndə!

Sən demə, yay vaxtı olduğu üçün taxıl biçininə tələsirmiş.

Biləndə ki, biz (qardaşları!) Bakıdan gəlmişik, maşının ağzını dərhal geri çöyürüb "Sürün, - dedi, -  baba, dalımca!" Və bizi Zeyvə kəndinə istədiyimiz qapıya apardı. Yalnız bizi əmin əllərə tapşırandan sonra istədiyimiz adamlarla (Pişəvərinin qohum- əqrabasıyla) görüşdürəndən sonra qayıdıb öz işinin dalınca getdi.

Dediyim kimi, biz Təbrizə çox mühüm bir məqsədlə səfər etmişdik. Dahi şairimizin qəbrini ziyarət etmək arzusunda idik. Bu murazımıza yetsək də, bir murazımız gözümüzdə qaldı. Ha baxdıq, Təbrizi Təbrizdə görmədik.

Onda Təbriz Təbrizdə deyildi. Yurddan didərgin salınmışdı, didərgin oğul-qızlarıyla birgə!..

İndi İranda hər şey dəyişmək üzrədir. Eşitdiyimə görə, Təbriz də Təbrizə qayıdıb daha!

Təbriz yenə Təbrizdədir.

Arzu edərdim ki, Təbrizin Təbrizlə budəfəki dönüşü daimi olsun!

İnanırıq ki, olacaq da, inşəallah!

Təbrizə dönüşün mübarək, Təbriz!

Həmişə öz evində-eşiyində!

O unudulmaz səfərin təsiri ilə yazdığım şeirləri zaman-zaman oxuculara çatdırmaq niyyətindəyəm. Təqdim olunan bu şeir də elə həmin silsilədəndir.

Körpü

 

Azərbaycan keçmədiyi bir körpüdən

keçmərəm mən,

Mən istərəm - vətən keçsin o körpüdən!

Xudafərin körpüsünün özü gəlib

keçsin ordan,

Lap körpünün yüzü gəlib

keçsin ordan,

Yalvarmıram, demirəm ki,

Tanrım, mənə bir fürsət ver!

Yalvarıram, tanrım, mənə

güc-qüvvət ver!

Yurdu bütöv Azərbaycan türkü olum,

Xudafərin körpüsünə körpü olum!

Gedim Təbriz ürəyimin

yarasını sarıyım mən,

Ürəyimin parası bu!

Parasını arayım mən!

Harda itdim, harda batdım,

Arazımı arayım mən?!

Qalalanım, sıralanım!

Bu milətin Əlincəsi, Ərki olum,

Xudafərin körpüsünə körpü olum!

Sümük-sümük, məzar-məzar,

qafa-qafa,

Şikayətə gedəcəyəm mən Allaha!

Yurd alaçıq... qan qarışıq... can xaraba!

Olsam, belə muzey olum,

Olsam, belə sərgi olum,

Xudafərin körpüsünə körpü olum!

Niyə belə qolu bağlı dayanmışam,

Niyə belə yolu bağlı dayanmışam?

Qoy görsünlər qəhrəmanam, oğulmuşam,

Ən müqəddəs,

Ən əlçatmaz

Mən bir işin qulpu olum,

Xudafərin körpüsünə körpü olum!

Allah, mənə özün güc ver,

"Gülüstan"da, "Türkmənçay"da

olanların acığına,

Bu vətənin 

heykəl olum heykəlinə,

qala olum qalasına,

uçuq olum uçuğuna...

Sevinclərin sevincinə qovuşmaqçün

Mən dərdlərin dərdi olum,

Mən mərdlərin mərdi olum,

Xudafərin körpüsünə körpü olum!

Bundan belə,

yenə elə

ona-buna əl tutmaqdan

bezikmədən, çəkinmədən,

hamı üçün əkilərək,

hamı üçün əkilmədən

qayğısına qalacağam

mən də daha öz-özümün.

Əvvəl-əvvəl qabağıma

mən də daha çəkəcəyəm

öz közümü!

Bundan ötrü mən də daha

Gərək dönüb kərki olum,

Xudafərin körpüsünə körpü olum!

Ay zamana züy tutanlar,

Siz ey mənə,

Siz ey mənim millətimə

toy tutanlar!

Xudafərin körpüsünü uçuranlar,

Kiçildikcə ucalanlar,

Ucaldıqca kiçilənlər.

Nə var axı, dönməyə ki

adi olan bir körpüyə!

Mən istərəm - dönə bilim

Millətimin şan-şərəfi,

Adı olan bir körpüyə!

Mən istərəm

Xudafərin körpüsünə körpü olum,

Başım üstə,

Allah görkü,

başlar üstə

mən də körpü görkü olum!...

 





08.12.2022    çap et  çap et