525.Az

“Oğlum 10 gün döyüşdə olub, biz bilməmişik” – 20 yaşlı şəhid İbrahimli Cavidan


 

“Oğlum 10 gün döyüşdə olub, biz bilməmişik” – 20 yaşlı şəhid İbrahimli Cavidan<b style="color:red"></b>

Ömrünün gənc dövründə, cəmi 20 yaşında özünü Vətən uğrunda fəda etdi Cavidan. Bu gün Vətən müharibəsi şəhidi İbrahimli Cavidan Nizami oğlunun xatirəsini ailəsi ilə birlikdə yad etdik. 

Cavidan İbrahimli 2000-ci il martın 24-də Badamdar qəsəbəsində anadan olub. 2006-2017-ci illərdə 236 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.  O, 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Bir il sonra 2020-ci il 27 sentyabrda başlanan Vətən müharibəsində iştirak üçün hərbiyə qayıdıb. 

Şəhid anası İbrahimova Gülnaz xanım deyir ki, Cavidan çox mehriban səmimi uşaq idi. Uşaqlıqdan çoxlu dostlar qazanmışdı. Demək olar ki, onun haqqında hər kəsin qəlbində bir xoş xatirə var:

“Deyirdi ki, ana, ev alacağam inşallah, səni genişliyə çıxardacağam. Müharibəyə gedənə kimi hər gün başını çiynimə qoyardı balam. Marketdə işləyirdi, evə gecə saat 4-də gəlirdi. Bir gün işdən gələndə lap çox sevinirdi, müharibəyə çağırışçı idi. Dedim, Cavidan, birdən sənə nəsə bir şey olar... Dedi, axı anam bizi çağırır... Dedim, anan kimdir, bala? Dedi Vətən! 

Onları əvvəl təlim üçün Pirəkəşkülə, daha sonra Füzuli rayonuna göndərdilər. Cavidanın içində elə yüksək vətənpərvərlik vardı ki, işğal altında olan torpaqlarmız, qaçıqlarmız üçün hər an acıyırdı, ermənilərin xalqımıza qarşı etdiyi cinayətləri yerdə qoymayacağıq deyirdi!

Əvvəllər  mən o qədər danışırdım ki, Cavidan, səni aparacağam Ağdama, orda gözəl ev-eşiymiz, yellənçəyimiz, hovuzumuz var. Bir gün telefonla danışanda dedi, ana, səni Ağdama özüm aparacağam.  Oğlum 10 gün döyüşdə olub biz bilməmişik. O, Vətəninə, millətinə, dövlətinə elə sadiq uşaq idi ki, hərbi sirri heç vaxt bizə belə demirdi. O Füzuli istiqamətində döyüşürdü.  Zəng edəndə deyirdi ki, ana, Ağdama az qalıb! Ermənilər elə qaçırlar, fikirləşirəm, biz bu qorxaqlara niyə 30 il aman vermişik. Həmişə deyirdi ki, ana, mənimlə bərabər dostlarıma da dua edin.

Bir gün mənə yığdı ki, ana, cəbhəyə bütün regionlardan könüllü hər cür dəstək olurlar. Burda hər şey yaxşıdır. Sən narahat olma. Qardaşlarına da həmişə məni tapşırırdı. O qədər kasıbçılıq çəkmişik ki, ordan belə deyirdi, ana, mənim marketdən əməkhaqqım vurulacaq narahat olmayın götürərsiz. O, döyüşün qanın-qadanın içində belə bizi fikirləşirdi”. 

Şəhidin böyük qardaşı İbrahimli Kənan deyir ki, Cavidan həmişə evi fikirləşirdi: “Bizə deyirdi ki, anamı incitməyin, anamın sözünə baxın, ondan çox muğayat olun. Gün boyu işdə olan təəssüratlarını gəlib mənə danışırdı. Çox zarafatcıl idi, məni canından çox sevirdi. Mənim qardaşım çox saf uşaq idi, onda kin, paxıllıq yox idi.

Ailənin ortancıl övladı İbarahimli Şamxal Nizami oğlu deyir ki, hərbidən zəng edirdi, ən birinci evi, anamı soruşurdu. Bir dəfəsində zəng edəndə dedi ki, evdən çıx anam bilməsin, mən döyüş zonasındayam. Narahat olmayın, hər şey əladır. Deyirdi buralar çox gözəl yerlərdir.

Şəhid anası Gülnaz Adil xanım deyir ki, bu gün maddi imkanımız çox zəifdir, övladımın biri şəhid olub, böyük övladımın səhhətində problemlər var, kiçik övladmın isə işi yoxdur: “Çox istərdim ki, bizim mənzillə təmin olunmağımıza aidiyəti qurumlar dəstək olsunlar.
Mən oğlumla fəxr edirəm! Daha bu ölkədə alnı açıq gəzəcəyik. Daha bizim işğal altında torpaqlarımız yoxdur. Şükür bugünkü günə! Başda Cənab Prezdentimiz İlham Əliyev olmaqla hər kəs dəmir yumruğun ətrafında birləşdi və biz müzəffər qalib Azərbaycan olduq. Allah cəmi şəhidlərmizə rəhmət eləsin, amin!”

Hazırda şəhidin oxuduğu orta məktəbdə barelyefi var, yaşadığı mənzilin qarşısında xatirə bulaq kompleksi və barlyefi yerləşdirilib. Ailənin ən böyük arzusu odur ki, oxuduğu 236 nömrəli tam orta məktəbə və yaşadığı küçəyə İbrahimli Cavidan Nizami oğlunun adı verilsin. 

Azərbaycan Ordusunun əsgəri olan Cavidan İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavidan İbrahimli oktyabrın 24-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Səbail rayonunun Badamdar qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavidan İbrahimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. 

Ruhun şad olsun, qəhrəman qardaşım! 


 

 





01.12.2022    çap et  çap et