525.Az

Mərakeş səfirliyi qalibləri mükafatlandırdı 


 

Mərakeş səfirliyi qalibləri mükafatlandırdı <b style="color:red"></b>

Mərakeş Krallığı ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü çərçivəsində "Mərakeş Azərbaycan rəssamlarının gözü ilə" mövzusunda rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

525.az xəbər verir ki, əvvəlcə çıxış edən Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş iki ölkə arasındakı münasibətləri yüksək qiymətləndirib: “Ölkələrimiz arasında bir çox bağlar var. Mərakeş və Azərbaycan xalqları arasındakı dostluq və qardaşlıq münasibətlərinə dair bir çox nümunələri göstərmək olar. Qətərdə keçirilən dünya çempionatında Azərbaycan xalqının bizə dəstəyi ölkələrimiz arasındakı gözəl dostluq və qardaşlıq əlaqələrinin əsil sübutudur.

Şənbə günü Mərakeş daha bir böyük futbol ölkəsi olan Portuqaliya ilə qarşılaşacaq. Ümid edirik ki, Mərakeş Portuqaliyanı 3:1 hesabı ilə məğlub etdiyi 1986-cı ildə Meksikada keçirilmiş dünya çempionatındakı çıxışımızı yeniləyəcək. Ancaq unutmayaq ki, qalib gəlsək də, məğlub olsaq da, futbolun sehri bir araya gələn bütün millətlər arasında harmoniya və birlik hissi ilə bağlıdır. Odur ki, ən yaxşı komanda qalib gəlsin. Təbii ki, Mərakeş". 

Səfir deyib ki, bu axşam fərqli bir tədbirə toplaşmışıq. Avqust ayında Mərakeş səfirliyi ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü çərçivəsində 6-18 yaşlı azərbaycanlı rəssamlar üçün müsabiqəyə start verib.

Rəsm müsabiqəsində Azərbaycanın bütün bölgələrindən 500-dən çox gənc rəssam iştirak edib. Üç kateqoriyada keçirilən müsabiqədə 9 nəfər qalib adına layiq görülüb.

Daha sonra qaliblər mükafatlandırılıb.

Tədbirdə Mərakeş və Azərbaycanın mahnılarından ibarət konsert olub.

 





08.12.2022    çap et  çap et