525.Az

Türk general: "27 İran vətəndaşının qanunsuz olaraq Azərbaycan torpaqlarına keçməsi qəbuledilməz haldır"


 

Türk general: "27 İran vətəndaşının qanunsuz olaraq Azərbaycan torpaqlarına keçməsi qəbuledilməz haldır"<b style="color:red"></b>

İran rejimi Azərbaycana qarşı düşmənçilik siyasətini, təxribatlarını davam etdirir.  Bütün cəbhələrdə ölkəmizin əleyhinə xain planlar qurub, məkrli addımlar atan molla rejimi öz vətəndaşlarını Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərinə göndərməkdən də çəkinmir. Burda məsələnin birinci tərəfi sülhməramlıların öz öhdəliklərini yerinə yetirməməsi, başqa ölkə vətəndaşlarını Azərbaycan ərazilərinə qanunsuuz olaraq buraxmaqdırsa, ikinci tərəfi İran vətəndaşlarının torpaqlarımıza niyə gəlməsidir. İşğal müddətində Azərbaycan ərazilərini, insanlarımızın əmlakını talayan, narkotrafik məqsədilə istifadə edən İran indi nə istəyir? İranlıların Azərbaycan ərazilərində nə işi var?

Məlumat üçün bildirək ki, son günlər 27 İran vətəndaşı qanunsuz olaraq Qarabağa gəlib. Belə ki, birinci dəfə 24 noyabr tarixində 14 nəfərlik, ikinci dəfə isə 30 noyabr tarixində 13 nəfərlik dəstə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki əraziyə keçib. Azərbaycan mətbuatında iranlı dəstə üzvlərinin adları, pasportlarının surəti də dərc olunub. Eyni zamanda, bu iki qrupun bir-biri ilə bağlı olduğu və eyni missiya ilə gəldiyi də şübhə doğurmur. Çünki onların hər ikisi eyni avtomobildə - 34-QA-444 nömrəli mikroavtobusla gətirilib. Avtomobili Ermənistan vətəndaşı Yura Baqdasaryan idarə edib.

Mövzunu "525"ə şərh edən ehtiyatda olan türkiyəli general Yücel Karauz ilk növbədə İranın Azərbaycana yönəlik siyasətinin müsbət, konstruktiv, dinc və səmimi olmadığını vurğulayıb. O deyib ki, İran 1992-ci ildən başlayaraq 28 il boyunca Azərbaycana qarşı yanlış mövqedə dayandı və yalnış mövqedən fəaliyyət göstərdi.

"Azərbaycan İran sərhədinin 130 km-i 28 il ərzində Ermənistanın işğalı altında olanda Tehran səsini çıxarmadı. Əvəzində Ermənistana hər cür dəstək verdi. 44 günlük Vətən müharibəsində yenə işğalçıya eyni dəstəyi davam etdirdi. Öz ərazisindən silah-sursatın daşınmasına imkan yaratdı. Ermənistanın kapitulyasiyası ilə başa çatan Vətən müharibəsindən keçən iki il ərzində yenə yanlış nöqtədə durmağa, yanlış tərəfi seçməyə davam edir. Türkiyə Prezidentinin iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılışı zamanı İranın xarici işlər naziri Qafanda boş torpaqlarda konsulluq açdı. Bu da azmış kimi, Azərbaycanla sərhəddə tarixinin ən böyük hərbi təlimlərini keçirdi. Bu davranışlar təbii ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı bir təhdiddir", - deyə general bildirib.

O əlavə edib ki, İran sülhməramlı, səmimi, dürüst deyil: "27 İran vətəndaşının qanunsuz olaraq Azərbaycan torpaqlarına keçməsi qəbuledilməz haldır. Şübhəsiz ki, onların böyük qismi kəşfiyyat işçiləri, kamikadze, dron və terror aktları üzrə ekspertlərdir. Təbii ki, icazəsiz olaraq qanunsuz yollarla qonşu ölkənin ərazisinə keçmək dediyim kimi, qəbuledilən davranış deyildir. Bunu şiddətlə rədd edirik və dürüst yanaşma hesab etmirik".

Ekspert bildirib ki, bu günlərdə keçirilən Türkiyə-Azərbaycan ortaq hərbi təlimləri başda İrana, Ermənistana, İrəvanın hamisi olan və ortalığı qarışdırmaq istəyən Fransaya, ABŞ-a və nəhayət Rusiyaya bir mesajdır: "Şuşa Bəyannaməsi ilə Türkiyə və Azərbaycan əlaqələri tarixin ən üst nöqtəsinə yüksəlib. NATO-nun 5-ci maddəsi kimi, Azərbaycanın ərazi bütövlüyünə təhdid olan hər şey Türkiyəyə də təhdid deməkdir. Başqa sözlə, heç kim Azərbaycanı təhdid edə, barmaq silkələyə bilməz. Silkələmək istədikləri təqdirdə də qarşılarında sadəcə Azərbaycanı deyil, Azərbaycan-Türkiyə və bütün türk dünyasını görəcəklər. Hərbi təlimlər çox fövqəladə bir fəaliyyət olaraq icra edildi. Eyni zamanda Araz çayı üzərində qurulan ponton körpülərlə çaykeçmə əməliyyatı, hava qüvvələrinin İHA-larla, SİHA-larla kordinasiyalı şəkildə fəaliyyəti, quru qoşunların atışlarla, bütün hərəkətlə maneverlərini dəstəkləməsi hərbi baxımdan NATO-nun ikinci ən böyük, dünyanın üçüncü ən böyük ordusu olan Türkiyə ordusunun müzəffər Azərbaycan Ordusu ilə birgə təlimləri dosta güvən, düşmənə qorxu verdi".

İranın daha hansı istiqamətdə təxribatlara əl ata biləcəyinə toxunan generala görə, İran Azərbaycanı qarışıq bir ortama, müharibəyə sürükləmək istəyəcəkdir: "Buna görə də müxtəlif təxribatlara əl ata, Ermənistanla münasibətlərini daha da gücləndirə bilər. Bir münaqişə mühiti yaradaraq Azərbaycanı günahkar tərəf kimi göstərməyə çalışa bilər. Çünki burdakı qeyri-sabitlik, qarışıqlıq, sülhün olmaması ən çox İranın maraqlarındadır. Buna görə də İran sabitliyi pozan hərəkətlər törədə bilər. Lakin İranın hazırda Azərbaycanın ünvanına diplomatik  və ya siyasi olaraq nələrsə söyləməkdən başqa nəsə etməsi də mümkün deyil. İranda yaşayan 35 milyondan çox azərbaycanlını düşünməli, yanlış hesab aparmamalıdır. Yanlış addım atacağı təqdirdə onun Təbrizdən dönəcəyini də bilməlidir. İran Azərbaycanı sadəcə Azərbaycan olaraq görməməlidir. 83 milyon Anadolu türkü ilə 10 milyon Azərbaycan türkünü və 35 milyon İranda yaşayan azərbaycanlı türkünü bərabər hesab etməlidir".

 

 





09.12.2022    çap et  çap et