525.Az

"İstənilən hərbi, yaxud siyasi bloka üzv olmaq Azərbaycanın suveren hüququdur"


 

"İstənilən hərbi, yaxud siyasi bloka üzv olmaq Azərbaycanın suveren hüququdur"<b style="color:red"></b>

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, təbii olaraq Türkiyə ilə daha yaxın əlaqələr qurmaq, hətta Türkiyə ilə müttəfiq olmaq mövqeyini seçdi. Bu, həm Azərbaycanın, həm də Türkiyənin maraqlarına uyğun idi və bu gün də belədir. Bu baxımdan Azərbaycana qarşı hər hansı təhdid olduğu zaman Türkiyə diplomatik və hərbi dəstəyini heç bir zaman əsirgəməyib. Hələ 2001-ci ildə Azərbaycan-İran arasında gərginlik yaşananda, İranın Xəzər dənizi üzərindən Azərbaycanın su hövzəsinə daxil olub ərazi bütövlüyümüzü pozmağa cəhd edəndə Türkiyə öz ordusu, Hərbi Hava Qüvvələri ilə yanımızda oldu, nəticədə İran geri addım atmaq məcburiyyətində qaldı. Bu gün isə Türkiyə-Azərbaycan əməkdaşlığı daha ciddi və daha dərindir. Türkiyənin Azərbaycanla hərbi müqavilələri, anlaşmaları 10 ildən çox bir zaman ərzində davam etsə belə, Vətən müharibəsindən öncəki hərbi təlimlər, 2021-ci ildə imzalanmış "Şuşa Bəyannaməsi", habelə bu günlərdə İranla sərhəd ərazidə keçirilən birgə hərbi təlimlər bu hərbi əməkdaşlığın pik nöqtəsi oldu.

Türkiyənin Azərbaycana hərbi dəstəyinin gələcəkdə Azərbaycan üçün daha yeni nailiyyətlər gətirəcəyi də istisna olunmur. Bu əməkdaşlıq Azərbaycanın gələcək üçün NATO-ya daha da yaxınlaşacağını da istisna etmir. Türkiyə NATO-nun ən önəmli üzv ölkələrindən biridir və belə bir ölkənin Azərbaycanı bu səviyyədə dəstəkləməsini, bir növ NATO-nun da dəstəyi hesab edənlər var.

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltanın "525"ə bildirdiyinə görə, Azərbaycanın istiqaməti Qərbədir və Qərblə əməkdaşlıq, Qərbə inteqrasiyanın tərkib hissələrindən biri də NATO-ya üzv olmaqdır: "Azərbaycan Respublikasının təməl prinsiplərindən biri müasirləşməkdir. Bu, bütün sahələrə aiddir. Müasir dövrdə NATO standartı daha çevik, modern sayılır. Bu baxımdan Azərbaycan NATO-nun tərəfdaş ölkəsidir, NATO-nun bir sıra missiyalarında Azərbaycan hərbçiləri də iştirak edirlər. Məsələn, Əfqanıstana humanitar yardım məsələsi ilə bağlı proqramda iştirak ediblər, həmçinin, İraqda, Kosovoda da iştirak ediblər. Bu, onu göstərir ki, Azərbaycanla NATO arasında əməkdaşlıq var və Azərbaycanın NATO-da nümayəndəliyi fəaliyyət göstərir. Azərbaycanla NATO arasında təmas ölkəsi olaraq isə Türkiyədir. Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırılmasında Türkiyənin rolu daha çoxdur. Həm NATO-nun təmas ölkəsi olaraq, həm də Azərbaycanla Türkiyə arasında 2010-cu ildə hərbi əməkdaşlığa dair imzalanmış müqavilə, həmçinin, 2021-ci ildə imzalanmış "Şuşa Bəyannaməsi"nə əsasən, hər iki ölkə arasında hərbi istiqamətdə əməkdaşlıq davam edir və genişlənir. Sonuncu hərbi təlimlər də bu əməkdaşlığın davamıdır. Bu baxımdan Azərbaycan Qərbə inteqrasiyaya üstünlük verdiyindən, perspektivdə NATO-ya üzvlüklə bağlı müraciət edəcəyi ehtimalı da istisna deyil".

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının əsasında "Şuşa Bəyannaməsi"nin dayandığını vurğulayan Sədrəddin Soltanın fikrincə, bu, həm də NATO daxilində, NATO ilə birgə fəaliyyət deməkdir: "Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən toplantısında üzv ölkələr arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi məsələsi haqqında da müzakirə aparılıb. Tarixi hadisələr, şərait və vəziyyət göstərir ki, istənilən dinc ölkədə xarici müdaxilə ilə gərginlik yaratmaq mümkündür və yaxud burada ərazi bütövlüyünə də təhlükə yaradılması mümkündür. Məsələn, Ukrayna hadisəsi sübut etdi ki, heç bir dövlət bu tip təhlükə və təzyiqlərdən sığortalanmayıb. Nəzərə almaq lazımdır ki, Ukraynanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı "Buxarest anlaşması" mövcuddur. Həmin anlaşmaya görə, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və Rusiya Ukrayna qarşısında onun ərazi bütövlüyü ilə bağlı öhdəlik götürüb. Bunun qarşılığında isə Ukrayna nüvə başlıqlarını təhvil vermişdi. Odur ki, beynəlxalq hüquq, beynəlxalq normalar Ukrayna-Rusiya münasibətlərində tamamilə pozulub, hətta rədd edilib. Bu prizmadan çıxış edəndə demək olar ki, istənilən ölkə başqa ölkələrlə hərbi əməkdaşlıq sahəsində öz mənafeyi baxımından əlverişli müqavilələr bağlaya bilər və Azərbaycanın istənilən hərbi, yaxud siyasi bloka üzv olması onun suveren hüququdur".

Fərid SANÇAR

 





09.12.2022    çap et  çap et