525.Az

"Ali savad" deyə bir anlayış yoxdur - Sosial şəbəkədə yazılanlar


 

"Ali savad" deyə bir anlayış yoxdur - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Asif Nərimanlı, jurnalist:

- Erməni mənbələr yazır ki, Laçın dəhlizinin girişində qurulacaq mini gömrük postunda rentngen skanerlər olacaq və Azərbaycan buradan keçəcək avtomobillərin sərnişinlərini, eləcə də baqajlarını onlayn rejimdə izləyə biləcək.

Bu, daha mümkün versiyadır. Rusiya Azərbaycanın dəhlizdə post qurmasını istəmir, amma Bakının tələbləri qarşısında da duruş gətirmək çətinləşib, xüsusilə qanunsuz daşıma, silah-sursatın keçirilməsi faktlarının aşkarlanması fonunda. Və istisna deyil ki, bu vəziyyətdə hər iki tərəf ortaq məxrəcə gəlib: Bakı gömrük postunun avadanlıqlarını - rentgen skanerləri təmin edəcək, postda rus hərbçilərin dayansa da, Azərbaycan onlayn rejimdə izləyə biləcək.

lll

Mirzoyan Bayramovun Lavrovla görüşdə "erməni qoşunların Qarabağdan çıxarılması" haqda fikrinə cavab olaraq bildirib ki, "Qarabağdakı separatçıların qondarma "ordusu" oradakı ermənilərin müdafiəsi məqsədilə lazımdır". Və erməni nazirin "arqumenti" belədir ki, "Azərbaycanın davamlı atəş açması da "müdafiə ordusu"nun nə qədər vacib olduğunu göstərir, erməni əhalisinə qarşı "ekzistensial təhlükə" aradan qalxanda müxtəlif variantları müzakirə edə bilərlər".

Rəsmi İrəvan bununla bəyan edir ki:

- Qarabağda hələ də qalan erməni silahlı dəstəni separatçıların qondarma "müdafiə ordusu" olaraq görürlər;

- 10 noyabr bəyanatında öhdəlik götürsələr də, bu silahlıları çıxarmaq fikrində deyillər.

Qarabağda baş verən təxribat hücumlarının intensivləşməsinə də bu kontekstdə baxmaq lazımdır: ermənilər (həm də ruslar) atış açır, Azərbaycanı cavab atəşinə təhrik edir və erməni hərbi dəstələrinin bölgədə qalmasının əhəmiyyətini "praktiki formada" göstərirlər.

Razılaşmadan iki il sonra da Ermənistanın mövqeyinin dəyişməməsi, əksinə, 4-cü bəndə əməl etməyəcəyini daha açıq mətnlə dilə gətirməsi təsdiq edir ki, silahlı dəstələrin çıxarılmasının yeganə yolu məcburetmə əməliyyatlarıdır.

 

Fərid Pərdəşünas, texnobloger:

- Onlar İspanyaya köçmüş miqrantlar idi. Hetafedə böyüyən Əşrəf Hakiminin anası xadimə, atası isə küçə satıcısı olub. İspanya milli komandasını seçmək şansı olsa da, doğma ölkəsi adına çıxış etməyi üstün tutub və doğma komandası ilə bugün böyüdüyü ölkəni çempionatdan uzaqlaşdırdı.

 

Əzizə İsmayılova, jurnalist:

- Bayaq yanacaqdoldurma məntəqəsinə girmişəm, görürəm qarşımdakı krossover mühərriyi söndürmədiyi halda (hələ arada sürücü elə qaz verirdi ki, ağ tüstü dumana dönürdü) operator benzin vurur.

Bu getdi, yaxınlaşmışam, deyirəm "mühərriki söndürmədən yanacaq vurmaq olar? Niyə maşını söndürməli olduğunu tələb etmirsiniz?"

Operator: - Mənim nəyimə lazımdır camaatın işinə qarışım?

- Axı, elan löhvənizdə də yazılıb ki, bu, təhlükəlidir. Siz bunu tələb etməli deyilsinizmi? Ya bir hadisə baş verərsə...

- Verməz, əşşi. Adamlara söz demək olur ki, o dəqiqə səslərini atırlar başlarına. Siz bilmirsiz e adamlar necə həyasızlaşıblar...

Bilmədim nə deyim. Belə olar yəni? Bu halda məsuliyyəti kim daşıyır - opetaror, yoxsa ətrafı vecinə almayan sürücü?

 

Orxan Şahbaz, araşdırmaçı:

- Sosial mediada (xüsusilə tiktokda) tez-tez "Ali savadlıyam, iki diplomum var, işim yoxdu" fikirləri yazırlar.

"Ali savad" deyə bir anlayış yoxdur.

Savad - yazı-pozu bacarığıdır.

Bilik - ətraf aləm haqqında formalaşan və sistemli olan informasiya toplusudur.

 

Elşad Hacıyev, DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi:

- "Yaxşı edirəm və əcəb edirəm" ifadələri leksikondan çıxarılmalıdır. Cinayətə səbəb olur. Affekt vəziyyət yaradır. Bu ifadələri həyat tərzinə çevirmiş adamlar ya ölümə gedir, ya öldürməyə.

 

Yeganə Hacıyeva, politoloq:

- Almaniyada təhlükəsizlik qüvvələri tərəfindən antiterror əməliyyatı çərçivəsində 25 nəfər sağçı "Reyxsburqçular" ekstremist hərəkata mənsub şəxs saxlanılıb.

Təhlükəsizlik orqanları ölkənin federasiya quruluşunu tanımayan "Reyxsburqçular" sağ radikal hərəkatın üzvlərinə qarşı genişmiqyaslı əməliyyat keçirib.

Ölkənin Ədliyyə Nazirliyi "Reyxsburqçular" sağçı ekstremist qrupun konstitusion legitim hakimiyyətə qarşı zorakı üsullarla çevriliş planlaşdırdığını bildirib.

Almaniya Federal Prokurorluğu bu gün səhər bildirib ki, onlar ölkədə konstitusion hakimiyyəti devirməyi planlaşdırıblar.

Federal Prokurorluq isə hərəkat üzvləri arasından terror şəbəkəsini araşdırır. Ədliyyə naziri Marko Buşman öz tviter hesabında yazıb ki, konstitusion hakimiyyətə qarşı silahlı hücumun planlaşdırıldığına dair şübhələr var.

Hakimiyyət orqanlarının məlumatına görə, əməliyyata 11 federal ştatın 3000-dən çox hüquq-mühafizə orqanı əməkdaşı cəlb olunub.

Saxlanmalar təkcə Almaniyada deyil, Avstriya və İtaliyada da həyata keçirilib.

Saxlanılanlar arasında bir nəfər Rusiya vətəndaşı, daha 27 nəfər isə şübhəli şəxs qismindədir.

İstintaq iddia edir ki, sui-qəsd iştirakçılarından bəziləri kiçik silahlı dəstələr qismində Almaniya Bundestaqının binasına daxil olmağı planlaşdırıblar.

Bundan əlavə, sui-qəsdçilər Almaniya dövlətinin başçısı kimi zadəgan Reuss nəslindən olan 71 yaşlı XIII Heinrixi (XIII Heinrich) hakimiyyətə gətirmək niyyətində imişlər.

Dəstə üzvlərinin bəziləri əvvəllər Almaniya silahlı qüvvələrində xidmət edib, bəziləri isə böyük hərbi postlar tutublar.

Təqsirləndirilənlər arasında sağçı populist "Almaniya üçün Alternativ" (AfD) partiyasından olan keçmiş Bundestaq deputatı, Almaniyanın ədliyyə naziri təyin edilməli olan hakim Birgit Malsack-Vinkemann da var.

"Reyxsburqçular"ın həbsi Federal Ədliyyə Məhkəməsinin müstəntiq hakimləri tərəfindən verilən orderlər əsasında həyata keçirilib.

"Reyxsburqçular" AFR-i tanımır və özlərini "Alman Reyxinin" vətəndaşları hesab edirlər.

Özünü "Alman Reyxinin" vətəndaşları hesab edən dəstə üzvlərinin üzərindən dağılmış imperiyanın rekvizitləri olan alternativ şəxsiyyətlər və sürücülük vəsiqələri tapılıb.

Onu da qeyd edim ki, bu hərəkat 1980-ci illərdə yaranıb və 2017-ci ildə Almaniyada rəsmi 16 mindən çox tərəfdarı qeydə alınıb və həmçinin, üzvlərindən AfD partiyasından bundestaq üzvləri - deputatlar var.

AfD partiyasının isə Almaniyada Qazpromdan maliyyələşməsi, seçki aktivlərinin isə Rusiyadan olan miqrantların hesabına həyata keçirməsi haqqında məlumatlar var.

21-ci əsrdə imperiya qururmuşlar...

 

Xaqani Səfəroğlu, jurnalist:

- Erməni investorlarından Azərbaycana qarşı həyasız iddia - Laçın, Kəlbəcərdə SES-lərə qoyduqları pulları istəyirlər

lll

30 il əvvəl Xocalıda öldürülən adamları ağlaya-ağlaya Çingizin kamerasına göstərib "Ayə, Çingiz, bunu çək!" sözləri qulağımızda qalmışdı...

30 ildən sonra Laçın dəhlizində, üzü Xankəndində gedən jurnalistin operatora "Çək, Fərmail, çək!" çağırışı nikbin və ümid çağırışı idi.

 

Firuz Mustafa, yazıçı:

- Küləyin yerə atdığı portret...

Bu, Brejnevin şəkli idi.

(kiçik xatirə)

Küləkli bir payız günü idi. Arada yağış çiləyirdi. AzTV-nin foyesinə toplaşmış bir dəstə adam ucadan deyib-gülür, nəyisə müzakirə edirdilər. Mən də onlara yaxınlaşdım. Əksəriyyəti aktyorlar, bir də ədəbi-dram verilişləri redaksiyasının əməkdaşları idi. Deyəsən, hansısa verilişin və ya tamaşanın çəkilişinə hazırlaşırdılar.

"Dəstə"nin ortasında dayanmış Səməndər Rzayev ucadan, gur səslə danışır, ətrafındakılara nəyisə izah edirdi. Birdən qapı-pəncərələr şaqqıltı, guppultu ilə taybatay açıldı. Haradasa çiliklənən pəncərə şüşəsinin cingiltisi eşidildi.

Adamlar diksindi. Güclü külək qalxmışdı. Sonra yaxınlıqda, lap qulağımızın dibində tappıltı eşidildi. Sən demə, dəli külək divardan asılmış şəkli qoparıb yerə atmışdı.

Heç kəs yerə düşmüş şəklə yaxınlaşmaq istəmirdi. Məsələ burasında idi ki, bu, Brejnevin yağlı boya ilə çəkilmiş iri portreti idi. Şəkildə masa arxasında əyləşmiş Baş katıbin qarşısında buğlanan pürrəngi çay, büllur külqabı təsvir olunmuşdu. Brejnevin barmaqları arasındakı siqaret tüstülənirdi. İnsafən, yaxşı bir rəssam işi idi. Bəlkə elə bu şəklə görə, daha doğrusu, siqaret tüstülədən Baş katibə görə bu ciddi idarədə kişilər bir yana, elə qadınlar arasında da çəkənlərin sayı kifayət qədər idi.

Bəli, külək Brejnevin şəklini divardan qoparıb mərmər döşəmənin üstünə atmışdı.

Bayaqdan deyib-gülən adamların səsi sanki birdən-birə batdı. Yalnız küləyin uğultusu eşidilirdi. Şəklə yaxınlaşmaq istəyən cürətli bir kəs yox idi, zira bunun bir düşər-düşməzi ola bilərdi. Çərçivənin içindəki Baş katibinsə dünya vecinə deyildi, ləzzətlə öz siqaretini tüstülədirdi.

Birdən Səməndər Rzayev asta, ehtiyatlı, ləngərli addımlarla şəklə sarı getməyə başladı, əyilib onu yerdən götürdü. Cibindən dəsmal çıxarıb şəklin üstünün tozunu aldı. Portreti divardan asa-asa özünəməxsus şirin, həlim, asta "bulaq" səsi ilə Baş katibə müraciətən danışmağa başladı:

- Əziz Leonid İliç, biz sizi çox sevirik. İnanın ki, bu, bizim təqsirimiz deyil. Külək belə etdi. Bağışlayın bizim Bakı küləyini. Onun ürəyi soyumadı, sanki Baş katib yaxşı "başa düşsün" deyə öz müraciətini rusca da ifadə etdi: - Doroqoy Leonid İliç, mı oçen lyubim vas. Mı zdes ne priçom. Veter vinovat... Prostite bakinskoqo vetra...

Nəhəng vücudlu aktyor şəkli divardan asıb yenə asta addımlarla geri çəkildi.

Bir azdan külək sakitləşdi.

Brejnevsə öz siqaretini tüstülətməkdə idi.

Foyedə toplaşanlar dərindən nəfəs aldı.

Mən də bir siqaret çıxarıb alışdırdım.

 





09.12.2022    çap et  çap et