525.Az

Mingəçevirdə Natəvanın 190 illiyi qeyd edilib


 

Mingəçevirdə Natəvanın 190 illiyi qeyd edilib<b style="color:red"></b>

XIX əsrdə Azərbaycan ədəbiyyatına misilsiz söz inciləri bəxş etmiş Xurşidbanu Natəvanın 190 illiyi Mingəçevir şəhərində də qeyd olunub. Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Yazıçılar Birliyinin (AYB) Mingəçevir bölməsinin düzənlədiyi tədbirin aparıcısı, bölmənin sədri İsmayıl İmanzadə yubiley məclisində iştirak edən ictimaiyyət nümayəndələrini, yerli yazarları, ziyalıları, Mingəçevir Dövlət Universitetinin təmsilçilərini salamlayaraq Natəvanın yaradıcılığı, ədəbiyyatımızda və tariximizdə rolu barədə düşüncələrini bölüşüb.

Sonra iştirakçılardan Elşən Əzim "Xurşidbanu Natəvanın həyat və yaradıcılığı", Rizvan Mikayıllı "Şairənin nəsil səcərəsi və övladları", Zahid Qasımlı "Qarabağ xanlığının sonuncu varisi X.Natəvanın qəzəllərinin təsir gücü" və Bəhman Gülövşəli "Şuşa ədəbi aləminin formalaşmasında Natəvanın aparıcı rolu və xeyrəçilik missiyası" mövzusunda çıxış ediblər.

Üzeyir Hacıbəyli adına musiqi məktəbinin müəllimi Zülfiyyə Ələsgərli, Natiq Kəlbəcərli və tələbə Səma Zeynallının ifasında muğam parçaları və xalq mahnıları səslənib.

AYB Mingəçevir bölməsinin xəttilə ötən ayın sonlarında keçirilən "Xurşidbanu Natəvanın qəzəllərinin ən yaxşı qiraətçisi" müsabiqəsinin qalibi olan Yevlax rayonundakı Gülövşə kənd orta məktəbinin şagirdi Xədicə Səfərli şairin bir qəzəlini söyləyib.

Şairlərdən Ələkbər Sönməz, Bəsti Bərdəli, Namiq Zaman, Məhyəddin Məhərrəmoğlu, Məmməd Mərzili öz şeirlərini oxuyublar.

Şəhər Veteranlar Şurasının sədri Tahir Məmmədov Xalq şairi Səməd Vurğunun vaxtilə Xurşidbanu Natəvana həsr etdiyi bir şeiri əzbərdən söyləyib.

Unudulmaz anlarla dolu yubiley tədbiri Xurşidbanu Natəvanın xatirəsinə dərin ehtiramın ifadəsinı çevrilib.

Cabir QƏDİMOV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 





09.12.2022    çap et  çap et