525.Az

İkili standartlardan ən çox əziyyət çəkən xalqlardan biri Azərbaycan xalqıdır


 

İkili standartlardan ən çox əziyyət çəkən xalqlardan biri Azərbaycan xalqıdır<b style="color:red"></b>


“Dözümsüzlük, ikili standartlar va ayrı-seçkilik hallarından ən çox əziyyət çəkən xalqlardan biri də Azərbaycan xalqı olub".

525.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ümumdünya insan hüquqları bəyannaməsinin ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı bildirib.

O deyib ki, BMT Təhlükəsizlik Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bir sıra qətnamə və qərarlarda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasının tələb edilməsinə baxmayaraq, 30 ilə yaxın dövr ərzində həmin sənədlərin icrası sadəcə kağız üzərində qalıb.

"Ermənistanın siyasi və hərbi rəhbərliyini təmsil edən şəxslər cəzasızlıq mühitindən ruhlanaraq, Azərbaycana münasibətdə tətbiq edilən ikili standartlardan öz çirkin və məkrli məqsədləri üçün istifadə edərək azərbaycanlılara qarşı sülh və insanlıq əleyhinə, müharibə və terrorçuluq cinayətləri törədiblər. Bu gün qürur hissi ilə qeyd edirik ki, məhz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyü, məcburi köçkünlərin 30 ilə yaxın müddət ərzində pozulmuş hüquqları bərpa edilib”.

Ombudsman eyni zamanda qeyd edib ki, bu gün dünyada müxtəlif səbəblərdən hələ də milyonlarla insanın hüquqları pozulmaqda davam edir.

“Beynəlxalq ictimaiyyət bir-biri ilə əlaqəli insan hüquqları problemləri ilə üzləşir. Yüz milyonlarla insanın iqtisadi və sosial hüquqlarına təhdid olan aclıq və yoxsulluq artmaqdadır. COVID-19 pandemiyası bir sıra hüquqların məhdudlaşdırılması ilə yanaşı qadınlara və qızlara qarşı zorakılığın da artmasına səbəb olub. Bəzi dövlətlər tərəfindən sərgilənən irqçilik, dözümsüzlük, ikili standartlar və ayrı-seçkilik hallarının artması və beynəlxalq təşkilatların buna biganə münasibəti insan hüquq və azadlıqlarının pozulmasına səbəb olmaqdadır" - deyə o əlavə edib.

 





09.12.2022    çap et  çap et