525.Az

Aqrometeoroloji müşahidələr: kənd təsərrüfatı üçün mühüm faktor


 

Aqrometeoroloji müşahidələr:  kənd təsərrüfatı üçün mühüm faktor<b style="color:red"></b>

Aqrometeoroloji müşahidə məlumatları və proqnozlar kənd təsərrüfatı bitkilərinin səpin (əkin), gübrələmə, dərmanlama, biçinin və yığımın aparılması, məhsulun daşınması və digər kənd təsərrüfatı işlərinin vaxtının təyin edilməsi baxımından xüsusi önəm daşıyır. Eləcə də bitkilərin inkişafı müddətində faktiki temperatur və yağıntı miqdarına əsasən suvarılma normasının tənzimlənməsi, şaxta, dolu, quru küləklər və sair təhlükəli atmosfer hadisələrinə qarşı mübarizə tədbirlərinin görülməsi üçün çox əhəmiyyətlidir. Bu məlumatları əldə etməklə təsərrüfatın düzgün planlaşdırılması, zərər riskinin azaldılması və nəticədə məhsulun qorunmasına nail olmaq mümkündür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən açıqlamada belə deyilir.

Qeyd edək ki, Azərbaycanda epizodik aparılan aqrometeoroloji müşahidələrin tarixi XIX əsrə təsadüf edir. İlk sistematik aqrometeoroloji müşahidələr 1882-ci ildə Gəncə meteoroloji stansiyasında aparılıb. Artıq XX əsrin 30-cu illərindən başlayaraq meteoroloji stansiya və məntəqələr şəbəkəsinin genişlənməsi aqrometeoroloji müşahidələrin təşkilinə və aparılmasına geniş imkanlar yaradıb. Belə müşahidələr vahid metodika əsasında xüsusi müşahidə sahələrində təşkil edilib. Bunların nəticəsi kimi artıq 1938-ci ildən başlayaraq aqrometeoroloji illiklər və kənd təsərrüfatı üçün xüsusi icmallar tərtib olunmağa başlanıb.

Hazırda aqrometeoroloji müşahidələr ölkə ərazisinin kənd təsərrüfatı üçün əhəmiyyətli olan regionları üzrə 19 hidrometeoroloji, 11 aqrometeoroloji stansiyada və 7 məntəqədə aparılır. Bu müşahidələr havanın orta, maksimum, minimum temperaturları, torpaq səthinin və müxtəlif dərinliyinin temperaturları, torpağın rütubətliyi, yağıntının gündəlik və dekadalıq miqdarı, küləyin sürəti, nisbi rütubətlik, qarın vəziyyəti kimi meteoroloji göstəricilər üzərində aparılır. Əldə olunan məlumatların təhlili nəticəsində yazda havanin orta sutkalıq temperaturunun 0°,5°,10°,15°- dən keçmə tarixləri, effektiv temperaturların cəmi, şaxtasız dövrün başlanması və bitməsi, quraq günlərin sayı, ən isti ayda havanın orta temperaturu, havanın mütləq minimum temperaturlarının orta kəmiyyəti, qar örtüyünün maksimimum hündürlüyü, qar örtüyünün yaranma tarixləri təyin edilir.

Məlumatda bildirilib ki, kənd təsərrüfatı bitkilərinin vegetasiyası dövründə meyvə və tərəvəz, buğda, arpa, pambıq, qarğıdalı, üzüm, çay bitkilərinin səpin dövründən yetişməyə qədər olan bütün inkişaf mərhələləri və onların vəziyyəti qiymətləndirilir, sahələrdə yerinə yetirilmiş aqrotexniki tədbirlərlə bağlı qeydlər aparılır. Cəfərxan, Sabirabad, İmişli, Zərdab, Biləsuvar, Göytəpə, Bərdə, Tərtər, Naftalan, Salyan, Göyçay, Beyləqan, Kürdəmir, Oğuz, Şəki, Zaqatala, Qəbələ, Quba, İsmayıllı, Şamaxı, Mərəzə, Qaraçala, Gəncə, Tovuz rayonunun buğda və arpa sahələrində aparılan müşahidə və müayinələr nəticəsində bitkilərin faktiki inkişaf fazası, hündürlüyü, əkinin və kök sisteminin ümumi vəziyyəti, bitkilərin zədələnmə və ya məhv olma səbəbləri təyin edilir.

Aqrometeoroloji məlumatlara əlçatanlığın təmin edilməsi məqsədi ilə Milli Hidrometeorologiya Xidmətinə daxil olan aqrometeoroloji müşahidə məlumatları əsasında hər on gündən bir dekadalıq aqrometeoroloji bülletenlər, dekada üzrə havanın temperatur və yağıntı göstəricilərinin çoxillik iqlim norması ilə müqayisə qrafikləri, ötən ayın aqrometeoroloji şəraitini əks etdirən icmallar, aqrometeoroloji proqnozlar, fermerlər üçün məsləhətlər hazırlanır və www.meteo.az saytında yerləşdirilir.

Kənd təsərrüfatı qurumları, fermer, sahibkar və sığorta şirkətlərinin məktub, sorğu, arayış və bağlanmış müqavilələr əsasında təqdim olunan aqrometeoroloji xidmət növləri kənd təsərrüfatı bitkiləri üçün fazalararası effektiv temperatur cəminin hesablanması, ərazi üçün quraqlıq əmsalının hesablanması, dekadalıq aqrometeoroloji bülletenlərin hazırlanması, quru küləkli günlər haqqında məlumat. Eyni zamanda hava quraqlığı, şaxtalı günlər haqqında məlumat. Havanın orta temperaturu (gündəlik, dekadalıq, aylıq), havanın maksimum temperaturu, havanın nisbi rütubəti, rütubət çatışmazlığı, günəşli saatların davamiyyəti, küləyin maksimum sürəti, yağıntının miqdarı, sutkalıq maksimum miqdarı, dekadanın sonunda qar örtüyünün hündürlüyü, torpaq səthinin makimum temperaturu və sair.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi, coğrafiya üzrə fəlsəfə doktoru Umayra Tağıyeva deyir ki, son illərdə dövlət investisiyası çərçivəsində vəsaitlər ayrılıb və milli hidrometeorologiya şəbəkəmiz müasirləşdirilib. "Azərbaycanda hidrometeorologiya və iqlim sahəsində xidmətlərin gücləndirilməsi" adlı Tvinninq layihəsi çərçivəsində hidrometeorologiya haqqında qanunun təkmilləşdirilməsi, xidmətin və müşahidələrin optimallaşdırılması, xidmətin strukturunda çevikliyin təmin olunması, müasir tələblərə uyğun kadrların seçilməsi, əməyin qiymətləndirilməsində stimullaşdırıcı addımlar atılması vacibdir: "Xidmətin genişləndirilməsi hesabına dövlət büdcəsindən asılılıq azaldılmalı, erkən xəbərdarlıq sistemi yaradılmalı və müasir standartlara uyğun ölkənin hidrometeoroloji təhlükəsizliyi təmin olunmalıdır. Hazırda Milli Hidrometeorologiya Xidməti 1075 nəfərlə öz fəaliyyətini davam etdirir. 16 mərkəz və 7 regional idarəmiz var. Sistemlərin avtomatlaşdırılması sayəsində son 5 ildə ştatların optimallaşdırılması işləri aparılıb, 36 yeni avtomat müşahidə sistemi tətbiq edilib".

Umayra Tağıyevanın sözlərinə görə, 2022-ci ildə Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarında hidrometeoroloji fəaliyyətin bərpa olunması çərçivəsində 10 çayda 11 hidrometeoroloji stansiyanın və 5 avtomat stansiyanın quraşdırılması nəzərdə tutulur:

"Həmçinin, bu ilin sonuna qədər respublikanın çaylarında daha 6 hidroloji və 12 meteoroloji stansiyanın qurulması planlaşdırılıb. Bundan başqa, aqrometeoroloji stansiyaların inişafına da xüsusi diqqət yetiririk. Hazırda bu stansiyaların sayı 11-ə çatdırılıb".

Xidmət rəisinin dediyinə görə, bu gün xalq təsərrüfatının hər-hansı bir sahəsinin inkişafını hava - iqlim amilini nəzərə almadan təsəvvür etmək mümkün deyil. İqlim dəyişmələri ölkələrin davamlı inkişafı üçün əlavə risklər yaradır. Hava ilə bağlı təhlükəli hadisələrin tez-tez təkrarlanması iqtisadiyyata ziyan vurur, insanlar əziyyət çəkirlər. Bu gün iqtisadiyyatın iqlimdən asılı sahələrində, hidrometeoroloji proqnozlar və xəbərdarlıqlar nəzərə alınmaqla düzgün planlaşdırmanın aparılması, zərərdən yayınmağa, onu minimuma endirməyə, həm də qabaqlayıcı tədbirləri görməklə insan həyatını qorumağa imkan verir: "Hazırda qarşımıza 2030-cu ilədək hidrometeorologiyanın inkişafına dair Dövlət Proqramının hazırlanması ilə bağlı ciddi məsələ qoyulub. Bu proqramın əsas tezisləri, ilk növbədə, modernləşdirmə, optimallaşdırma, effektivliyin artırılması və keyfiyyət olacaq. İstənilən meteoxidmətin əsasını müşahidə şəbəkəsi təşkil edir. Bu istiqamətdə mərhələli avtomatlaşdırma nəzərdə tutulur. Artıq bu il ölkənin əsas çaylarının üzərindəki hidroloji müşahidə məntəqələrində, bizim meteoxidmətin arxivində ilk dəfə olaraq su sərfi və səviyyəsini ölçən sensorlarla təchiz edilmiş müasir hidroloji avtomat stansiyalar quraşdırılacaq. İqlimin sürətlə dəyişdiyi şəraitdə, su ehtiyatlarının deqradasiyası fonunda çayların sululuğunun dəqiq uçotunun aparılması sudan səmərəli istifadə baxımından əsas olacaq.

Hidrometeoroloji məlumatların kənd təsərrüfatı üçün əhəmiyyəti şübhəsiz ki, hamıya bəllidir. Bununla əlaqədar bu il ərzində struktur dəyişikliyi çərçivəsində 30 faizə qədər hidrometeoroloji stansiyaların təyinatı dəyişdirilərək aqrometeoroloji stansiyalara çevriləcək. Əvvəllər onların sayı 5 faizi keçmirdi. Fermer təsərrüfatları aqrometeoroloji icmallarla təmin olunacaq.

Qlobal iqlim dəyişmələri fonunda müxtəlif transformasiyalar baş verir və atmosferdə qlobal rəqəmli modellərlə təsvir edilməsi çətin olan, proqnozlaşdırılması mümkün olmayan proseslər fiksə olunur. Sinoptik-meteoroloqların leksikonuna yeni anlayışlar daxil olub - isti və soyuq dalğalar. İqlimşünaslığın klassiklərinin kitablarında biz bu terminlərlə rastlaşmırıq. İqlim dəyişmələri ümumdünya problemlərindən biridir. Belə ki, əgər 30 il əvvəl gözlənilən iqlim dəyişmələrindən danışılırdısa, hazırda indiki nəsil bu transformasiya şəraitində yaşayır. Yeni şərait yeni çağırışlar yaradır. Mümkün təhlükələr barədə erkən xəbərdarlığı yaymaqda məsul olan bir təşkilat kimi meteoxidmətin rolu artmaqdadır. Müasir iqlim çağırışlarına, ekstremal hadisələrə hazırlıq texniki vasitələrin və imkanların daha da təkmilləşdirilməsini zəruri edir".

Yaxın gələcəkdə Xəzər üçün regional xüsusiyyətləri nəzərə alan lokal proqnozlaşdırma modelinin tətbiq edilməsi planlaşdırılır ki, bunun nəticəsində də bizim istehlakçıları dalğaların hündürlüyü və küləyin sürəti barədə daha dəqiq tərtib edilmiş yeddigünlük proqnozlarla təmin etmək mümkün olacaq.

Sevinc QARAYEVA

 





09.12.2022    çap et  çap et