525.Az

Elmiliklə bədiiliyin vəhdəti - Maarifə Hacıyeva yazır


 

Elmiliklə bədiiliyin vəhdəti - <b style="color:red"> Maarifə Hacıyeva yazır</b>

Maarifə HACIYEVA
Filologiya elmləri doktoru, professor

 

Əlimdə çox maraqlı bir kitab var: "Xoşbəxtliyin rəngi". Bu kitab texnika elmləri doktoru, professor Elçin İsgəndərzadənin şeirlərindən ibarət 332 səhifəlik müfəssəl bir kitabdır.

Yadıma Xalq şairi Süleyman Rüstəmin Bəxtiyar Vahabzadə haqqında yazdığı:

 

Qatlayıb dizinin altına qoyar,

Alim Bəxtiyarı şair Bəxtiyar.

 

misraları düşdü. Elm dünyasında ciddi elmi axtarışları ilə bərabər, ədəbiyyat, mədəniyyət tarixində bədii yaradıcılığı və ədəbi görüşləri ilə mədəniyyət tarixində iz qoyan neçə-neçə qələm ustası ağlımdan keçdi.

Dərin təfəkkürlü ədəbiyyatçı olan məşhur kristolloqraf professor Xudu Məmmədov, ciddi riyazi əsərlər müəllifi olan məşhur rübai ustası Ömər Xəyyam "həkimlik mənim kəbinli arvadım, yazıçılıq isə sevgilimdir" deyən rus yazıçısı A.P.Çexovu, məsləkcə həkim olub, bədii əsərləri ilə ədəbiyyat tarixində yadda qalan Nəriman Nərimanovu, Abbas Səhhəti düşündüm. Şeirləri çox sevilən və bəstələnən məşhur riyaziyyatçı alim, professor Hamlet İsaxanlı, iqtisadçı alim,  professor İsmayıl Feyzullabəyli, oftolmoloq alim Paşa Qəlbinur və ədəbi prosesdə qələmini sınamış onlarla elm adamı gözlərim qarşısında canlandı və mən texnika elmləri sahəsində ciddi araşdırmalara imza qoyan professor Elçin İsgəndərzadənin poeziya dünyasını "Xoşbəxtliyin rəngi" adlı kitabında axtardım. Xoşbəxtliyin rəngini düşünə-düşünə Bəxtiyar Vahabzadənin "Bir rəngi yox, göylərin min rəngini sevirəm" misralarını xatırladım...

Dünyaya məlum olan yeddi rəngi bir-birinə qatıb rənglər dünyasını yaratsan da, xoşbəxtlik deyilən bir məfhumun rəngini yarada bilməzsən qənaətinə gəldim. Əfsanəvi rənglər dünyasında xoşbəxtlik deyilən bir röyanın, məncə, bircə rəngi görünər ki, bu rəngin adı da, rəngi də hər gün, hər saat, hər an belə qarşılaşa biləcəyimiz elə xoşbəxtlikdir. Bu məfhum Elçin İsgəndərzadə poeziyasında:

 

Mən çoxdan xoşbəxtəm,

Lap anadan olandan.

Xoşbəxtəm ki, həyatı gördüm.

 

şəklində fəlsəfi rəmzə çevrilib - dünyanın vətəndaşı olmağın xoşbəxtliyi rəmzinə.

Elçin İsgəndərzadənin kitabında toplanmış şeirlərin mayasında "Vətən", "Dil", "Milli-mənəvi dəyər" anlayışını elə axtardığımız xoşbəxtliyin rəngində tapdım. Bu poeziya  nümunələrinin onun şeirlərində xüsusi çəkisini aydın şəkildə gördüm. Çünki şeirlər Azərbaycan adlı vətən deyilən müqəddəs bir Ananın halal südündən əmilən Vətən ətrini, Vətən müqəddəsliyini, qələbə sevincini əks etdirən poeziya nümunələridir. Bu nümunələrdə Ana vətənin tarixi, müqəddəs Vətən torpağı, bu torpağın vətəndaşları ilhamla qələmə alınaraq, mövzuya çevrilmişdir. Kitabda yer alan "Vətən qoxusu", "Vətəndə", "Zəfər bizim zəfərdi", "Şükranlıq türküsü" kimi şeirlər Vətən torpağının müqəddəsliyini, Şuşanın təmiz havası kimi ciyərlərinə çəkmək istəyən şairin kəsərli sözlərindən yoğrulmuşdur. "Vətəndə" şeirində olduğu kimi:

 

Apar məni gəzdiyimiz yerlərə,

Düyünləri çözdüyümüz yerlərə.

Apar məni süzdüyümüz yerlərə,

Bir kol oldum, bir daş olum Vətəndə.

 

Dağdan dağa, yaldan-yala yollandım,

Yol içində yoldan-yola yollandım.

O istəyə, o xəyala yollandım,

Xəyallara sirdaş olum Vətəndə.

 

Elçin İsgəndərzadənin qəhrəman şəhid zabitimiz Səid Nofəloğluna yazdığı "Zəfər bizim zəfərdi" şeirində isə igid oğullarımız sayəsində düşmən üzərində çalınan şanlı zəfərimizdən, onun qəhrəmanlarından söhbət açılır. Bu qəhrəmanlar Səid Nofəloğlu kimi dəmir yumruğu ilə ölümdən qorxmadan Vətən yolunda şəhid olan Vətən oğullarıdır.

 

Yadlar əyləyə bilməz,

Kəhər bizim kəhərdi.

Özgələri götürməz,

Yəhər bizim yəhərdi.

                

- deyə şair xalqımızın milli-mənəvi dəyərlərini, müqəddəs torpaqlarımızın qəhrəmanlarının dilində poeziya gülşəninə çevirir.

Xalqımızın milli mədəniyyətinin tarixi bir incisi olan Şuşa Azərbaycanın və türk dünyasının mədəniyyət tarixində önəmli mahiyyət daşıdığı üçün Azərbaycan ədəbi düşüncəsində və ədəbi salnaməsində Şuşa ədəbi mövzuya çevrilmiş, Şuşanın tarixi, onun mədəniyyətimizə verdiyi töhfələr, türk dünyasındakı mövqeyi Azərbaycan  ədəbiyyatında silsilə əsərlər yaranmasına vəsilə olmuşdur.

Əslən şuşalı olan Elçin İsgəndərzadənin Şuşanın ecazkar mənzərəsinə, sehrkar görünüşünə, mədəniyyət tarixinə məftunluğu onun qələminə ilham vermiş, "Şuşam", "Şuşam, necəsən?", "İstanbulda Şuşa yuxuma girdi", "Cıdır düzündən etüd", "Cıdır düzündə Rəsul Rzanı xatırlarkən" silsilə şeirlərini ərsəyə gətirmişdir. Şuşanın 30 ilə yaxın bir dövrdə gözü özgə torpaqlarında olan xain ermənilər tərəfindən işğal edildiyi illərdə yazdığı "Şuşam, necəsən?" şeirində doğma yurda, əsrarəngiz şəhərə nigarançılığını Elçin İsgəndərzadə dilə gətirirdi:

 

Elə nigaranam küçələrindən,

Gecələr düşəndə gecələrindən.

Suyundan, havandan, sərçələrindən,

Elə nigaranam, Şuşam, necəsən?

 

Bu şükranlıqla kitab müəllifinin "Xoşbəxtliyin rəngi" kitabını da müqəddəs məkan, doğma torpaq olan Şuşanın xilaskarlarına həsr etməsi də tamamilə xoşbəxtliyin rəngi təbii görünür. Bu təbiilik  və doğmalıq müzəffər ordumuzun canı, qanı bahasına əldə edilən bu müqəddəs xilaskarlıq onun "Şükranlıq türküsü" adlı dörd bəndlik şeirində ilhamla dilə gətirilir:

Bir tərəfdən gün çıxdı, bir tərəfdən ay doğdu,

Payızların içindən bahar doğdu, yay doğdu.

Başımızın üstündə mutlu, mavi göy doğdu,

Şükür, bizi bu göyə yaraşdırana, Şükür!

Şükür, bizi Şuşaya qovuşdurana, Şükür! 

Kitabdakı şeirlərin bir qismi məhəbbət mövzulu lirik şeirlərdir. Məhəbbət, eşq, sevgi mövzusu milli ədəbiyyatımızda, ədəbi prosesdə eninə-boyuna, mükəmməl bir anlayışla işlənmişdir. Yazılarımda mən bu mövzuya müraciət edərkən çox zaman məşhur türk şairi Yavuz Bülənd Bakilərdən eşitdiyim aşağıdakı cümlə ağlıma gəlir: "Bugünkü nəsil eşqin nə olduğunu bilmir. Eşqi son olaraq bizim nəsil yaşadı. Bu nəsil həm də Nəbi Xəzridir, Bəxtiyar Vahabzadədir, Nəriman Həsənzadədir".

Unudulmaz Hüseyn Cavid "Şeyx Sənan"da deyir ki, "nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı".  Amma təbiətin öz qanunları ilə bunlar olur və insanoğlu bunları yaşamağa məhkumdur.

"Məhəbbət, eşq, sevgi nədir" sualı bir çox söz sərrafları kimi, Elçin İsgəndərzadəni də düşündürmüş, bu mövzuda bir çox poeziya örnəklərinin ərsəyə gəlməsinə vəsilə olmuşdur. Bu  sualların cavabını onun kitaba  daxil etdiyi "Sevda şeiri", "Bilirsənmi?", "Keçər", "Sevgi", "Sevgilim", "Sənsizlik", "Olmaram" kimi şeirlərinin cövhərində axtarmaq lazım gəlir. "Sevgi" şeirində olduğu kimi:

 

Göyüm göydən keçmirsə,

Külüm küldən keçmirsə,

Bütün bunlar

Sənin yolundan keçmirsə,

Keçmirsə, sevgi deyil.

 

Professor Elçin İsgəndərzadənin "Xoşbəxtliyin rəngi" kitabını vərəqlədikcə çox maraqlı və diqqətçəkən mövzuları əhatə edən poetik nümunələrlə qarşılaşırsan: "Qocalıq etüdü", "Ömür isə", "Qalacaq ömür", "Ölüm", "Yaşam düsturu", "Ölümü yaşamaq", "Ölməkdən ötə", "Bir ömürlük ixtisar" bu şeirlərdən bir neçəsidir.

Bir-birindən anlamlı və insanı düşündürən bu şeirlərdə "yaşlanma", "qocalma", "ixtiyarlıq" və nəhayət "ölüm" məfhumuna dərin fəlsəfi anlam verilmişdir. Bu şeirlərdəki fəlsəfi məzmun yaşlanmanın nəhayətindəki ölümün insanda yaşatdığı qorxunu və bu qorxudan doğan həqiqəti əks etdirir və bu anlamlı şeirlər alim və şair Elçin İsgəndərzadənin həyat və ölüm haqqındakı poetik mülahizələridir, desək, yanlış olmaz.

 

Qanadlarımın altına almadıqlarımı,

gözümün altına alıram.

Gözümün altından boylanır,

bir sarı ölüm.

...Qanadlarımdan ölümü çırpıb uçuram.

Hara uçuramsa,

Ölüm o səmtdədir.

 

Bu şeir Elçin İsgəndərzadənin "Ölüm haqdır" kəlamına inamının poetikası və bu poetikadan doğan fəlsəfi anlayışdır, məncə. Ancaq insanoğlu "bir yandan boşalıb, bir yandan dolan" dünyanın əzəli və ədəbi qanununun qocalıq və nəhayət ölüm olduğunu bilə-bilə, yenə də ümidini üzmür, bəzən də dağa-daşa, qoca dünyaya, hətta uzun ömürlü bir ağaca belə həsəd aparır. Bu düşüncəni də Elçinin şeirlərindəki həyata ümidlə baxmaq istəyində görmək olur.

 

Göy qurşağı kimi gözəldi dünya,

Dağlar vüqarlıdı, könül bəxtiyar.

Şair olmasan da, şeir yazarsan,

Burda min bir dərdin bir əlacı var.

 

Professor Elçin İsgəndərzadə əlvan bir bədii yaradıcılığa sahibdir. Onun "Xoşbəxtliyin rəngi" kitabında toplanmış hər bir şeir nümunəsini incələmək istəyən oxucunun bu poeziya örnəklərində zaman, tarix, mədəniyyət, sevgi, ailə münasibətinin təlqin etdiyi fikir və düşüncənin əks-sədasını görməsi mümkündür. Bu şeirlər milli ruhdan yoğrulub ərsəyə gələn bədii nümunələr olduğu kimi, onların dili də xalq ifadə tərzi ilə səslənən poeziya nümunələridir.

 





09.12.2022    çap et  çap et