525.Az

Ürəklərdən keçən əbədiyyətin yolu - Bayram Məmmədov yazır


 

Ürəklərdən keçən əbədiyyətin yolu - <b style="color:red"> Bayram Məmmədov yazır</b>

Böyük dünyanın yolu sinif otaqlarından keçir, müəllim, ustad tövsiyələrinin işığıyla nurlanır. Bu işıq bütün şagirdlərə eyni səviyyədə paylansa da, istedadı olanlar bu işıqdan daha çox bəhrələnirlər. Belə şagirdlərlə doğmalar da qürurlanır, əhatəsindəkilər də. Hamının əzizi olmaq ifadəsi belə yaranıb, belə yaşanıb, belə yaşadılır...

Zamanında Rizvan Teymur oğlu Paşayev də belə şagirdlərdən olub...

1949-cu il dekabrın 25-də Qubadlının Tatar kəndində dünyaya gəlmişdi. O da tay-tuşları kimi kənd məktəbində təhsil alırdı. Bu yaşda uşağın hərdən düşüncələrə qapılmasını öyrənmək, öyrəndiklərini cilalamaq, marağını yozan müəllimlər nə qədər haqlı imiş. Sonralar Rizvan müəllim deyərdi ki, o illərdə məni düşündürən "niyə"lərə çox borcluyam, malik olduğum elmi təfəkkür onların düzü-müylə püxtələşdi...

Ailələri 1958-ci ildə Zəngilana köçdü. Öyrənmək istəyinin cazibəsində yeni məktəbə də alışdı. Oxudu, yaxşı oxudu, hamıdan fərqli oxudu...

Bilik, savad dünyagörüşün formalaşmasında da ustadlıq edir; dünyagörüş dünyanın dərki prosesinin bir mərhələsidir. Elmsiz (biliksiz) dünyanı dərk etmək mümkünmü? Əlbəttə ki, yox. Böyük qar-daşları sözarası Rizvana bu haqda da nəsə (nələrsə) demişdilər. Rizvan Zəngilan şəhər orta məktəbinin bacarıqlı, bilikli və tələbkar müəllimləri Nəriman Ağayevdən fizikanı, Ziyad Nəsibovdan riyaziyyatı, digər müəllimlərdən digər fənləri böyük istəklərlə öyrənirdi. Rizvanın taleyində mahir riyaziyyat müəllimi olan əmisi oğlu Nüsrət Paşayevin əməyi danılmazdır. O, 8-ci sinifdən Rizvanı fizika-riyaziyyat fənləri üzrə hazırlamağa başlayıb, gələcəyin güclü və tanınmış riyaziyyatçısı kimi yetişməsində əvəzolunmaz rolu olub.

Orta məktəbi 1969-cu ildə bitirdi. O illərdə az-az təsadüf edilən qiymətlərlə (3 "əla", 1 "yaxşı") Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olundu. Universitetin rəhbərliyi belə bir tələbənin kimliyi ilə maraqlanmışdı; işığı görməmək mümkün deyil...

Rizvan Teymur oğlunu yaxşı tələbə kimi tanıyırdılar. Fakültənin rəhbərliyi də, fakültənin rəhbərliyinin zəmanəti ilə universitetin rəhbərliyi də elmi təfəkkürünə - öyrənmək istəyinə (və bu istəyin dönməzliyinə!), xarakterinə (düzgünlüyünə,  ədalətliliyinə, milli ruhuna...) bələd idi. Bu səmimi bələdliyə görə Rizvan Teymur oğlu universitet Tələbə Həmkarlar təşkilatının sədri seçildi. Partiya sıralarına qəbul edildi...

Rizvanın qabiliyyəti, elmi təfəkkürü universitetin elm mücahidlərinin diqqətini çəkmişdi. O illərdə nəinki Azərbaycanda, eləcə də ittifaq miqyasında yaxşı tanınan (və böyük nüfuza malik olan!) riyaziyyatçı alimlərin - Mirabbas Qasımovun və Qoşqar Əhmədlinin zəmanəti ilə rektorluq universiteti fərqlənmə diplomu ilə bitirən Rizvan Teymur oğlunu mexanika-riyaziyyat fakültəsinin müəllimi təyin etdi. Tələbə kimi getdiyi auditoriyalara müəllim kimi gedəcəkdi Rizvan.

Akademiyanın müxbir üzvü Mirabbas Qasımovun elmi rəhbərliyi ilə 1981-ci il aprelin 15-də namizədlik dissertasiyası müdafiə etdi, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi aldı...

Rizvan müəllim savadlı alim idi...

Rizvan müəllim həqiqət cəfakeşi idi...

Rizvan müəllim tələbəni sabahın elm xadimi bilirdi...

Bunları və elmi-pedaqoji fəaliyyətini, təhsildə idarəetmə, təşkilatçılıq bacarığını nəzərə alan universitet rəhbərliyi Rizvan Paşayevin tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı seçilməsini məsləhət gördü. Məsləhət böyük sevgi ilə gerçəkləşdi. Bütün tələbələrin timsalında özünün tələbəliyini görmək istəyirdi; dərsə gəlməyən tələbələri "elmə artıq yük" adlandırırdı, bu xasiyyətini tərgitsinlər deyə onları müəyyən həddə cəzalandırırdı da. Hər tələbənin timsalında dostunu görürdü. Ona elə gəlirdi ki, hər tələbə onun əqidə, məslək cığırdaşıdı, ona görə də çətinliyə düşənlərə bütün ciddiyyəti ilə kömək edirdi. Akademik Cəlal Allahverdiyevin bir xatırlaması Rizvan müəllimin xarakterinin bir çalarının göstəricisidir: istedadlı tələbə Musa Məhərrəmovun I kursdan II kursa, III kursdan IV kursa keçirilməsinin təşəbbüskarı, dönməz müafiəçisi Rizvan müəllim olmuşdu. Musa universiteti 5 ilə deyil, 3 ilə bitirmişdi. Sonralar Azərbaycanda riyaziyyat elminin inkişafında onun da xüsusi xidmətləri olmuşdu; bunu Rizvan müəllim kimi müəllimlər duya bilərdi...

Rizvan müəllim hələ doktorluq dissertasiaysını müdafiə etmədiyi illərdə akademik Məcid Rəsulovun təşəbbüsü ilə fizika-riyaziyyat elmləri namizədi, dosent Rizvan Paşayevə professor adı verilməsi üçün SSRİ Ali Attestasiya Komissiyasına təklif göndərildi. Təklif qəbul edildi. Rizvan müəllimə professor adı verildi...

Rizvan Paşyev 1998-ci il noyabrın 24-də Rusiya Federasiyası Elmlər Akademiyasının Novosibirsk Elm Mərkəzində doktorluq dissertasiyası müdafiə etdi. Sonralar da Azərbaycan elmini neçə-neçə beynəlxalq konfranslarda, simpoziumlarda gərəyincə təmsil etdi. Rizvan müəllim deyərdi: Bizi bizdən sonra yalnız əməllərimiz yaşadacaqdır. Bu fəlsəfi dərk də Rizvan müəllimin dünyaduyumunun genişliyinin təsdiqidir, şübhəsiz...

Fakültənin dekanı olduğu illərdə işə götürülmə dünyagörüşün, təcrübənin, insantanıma amilinin, məntiqi düşüncənin vəhdəti ilə aparılırdı və bu, müəyyən mənada elm səviyyəsində tətbiq edilirdi. Ona görə də belə seçimlər həmişə şükranlıqla tamamlanırdı; Rizvan müəllimin işəgötürmə ilə bağlı özünəməxsus düşüncəsi fakültə miqyası ilə tamamlanmırdı, mərhələ-mərhələ universitetdə də tətbiq edilirdi. Professor Misir Mərdanov xatırlayır ki, fizika-riyaziyyat elmləri doktoru professor Rizvan Paşayevin məntiqi (və elmi!) baxımdan əsaslandırılmış iş təcrübəsinin, fakültədə işin təşkilinin öyrənilməsi və respublika miqyasında yayılması barədə Təhsil Nazirliyinin kollegiyasının qərarı olmuşdu, bu istiqamətdə müəyyən işlər görülmüşdü də. Sadəcə, çarəsiz bir təəssüf...

Türkiyəli iş adamı Evsın Əli Rizvan müəllimi Rizvan müəllimin özünə xitabən dediyi fikirlərlə nə gözəl tanıdır: "...Hər gün dilindən düşməyən tələbə sevgisi ilə yaşadın, yardıma möhtac olan qabiliyyətli, himayədarsız tələbələrin himayədarı, gücsüzün gücü, sevgisizlərin sevgisi oldun. İstəklərin hər zaman özündən çox gələcəyimiz olan gənclər üçün oldu..."

Müdafiə Nazirliyinin Beynəlxalq hərbi əməkdaşlıq idrəsində baş zabit vəzifəsində xidmət edirdim. Hərbi attaşeliklər və hərbi nümayəndəliklərin fəaliyyəti ilə əlaqədar  mühüm bir sənəd hazırlanırdı. Şərq dillərindən Azərbaycan dilinə tərcümə edilməli müəyyən sənədlər vardı. Bunları ancaq peşəkar tərcüməçilər icra edə bilərdi. Bizdə belə mütəxəssislər yox idi. Rizvan müəllimi xatırladım. Həm özünü, həm də nüfuzunu. Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernerika fakültəsinni dekanı idi. Məni böyük səmimiyyətlə qarşıladı. Məqsədimi bilincə "Gedək" dedi. Şərqşünaslıq fakültəsinə gəldik. Ona olan ehtiram mənə olduqca gözəl könül xoşluğu verdi: "Bayram müəllim indi hərbçidir, zamanında o da bizim kimi müəllim olub. Vətənpərvərliyinə görə döyüşlərə qatılıb, vətən-pərvərliyinə görə xidmətini davam etdirir, vətənpərvərliyinə görə bizə müraciət edib. Ona yüksək səviyyədə kömək etməliyik. Azərbaycanımız naminə...", - dedi. Xahişimə həm vaxtında, həm də yüksək ədəbi-elmi səviyyədə əməl edildi; Rizvan müəllim azərbaycançılığı yaşada-yaşada yaşayan alim ömrü yaşadı...

Birinci Qarabağ müharibəsində müəllimlər də, tələbələr də iştirak etmək istəyirdilər. Hamı bu müharibəni sonlandıracaq döyüşçülərin sırasında olmaq istəyirdi. Professor Rizvan Paşayev dekan olduğu illərdə fakültənin tələbəsi Ceyhun Əliyev də bu niyyətlə dekanlığa müraciət edir. Rizvan müəllim çıxılmaz vəziyyətdə qalır: müharibənin sonlandırılmasında iştirak etmək istəyən gəncə necə xeyir-dua verməyəydi, həmin gənc tələbəydisə, təhsilini yarımçıq qoymaq istəyirdisə, ona necə xeyir-dua verəydi? Vətən amili var, Rizvan müəllim "Vətənə görə nələrəsə güzəşt edilməlidir" qənaətinə tapınıb onda. "Döyüşlərə gedəcəksən, vaxtında gəlib imtahanlarını da verəcəksən. Fakültəmizin tələbəsi kimi sənin də ali təhsil almağına yardımçı olacağıq. Uğur olsun, tələbə-döyüşçü. İmtahanlara gələndə səni imtahanlara şəxsən özüm hazırlayacam...", - deyib. Vətən naminə verilən qərar olub bu qərar...

2005-ci ildə fakültədə daha bir yenilik həyata keçirildi. Bu yenilik mətbu yenilik idi. Onda Rizvan müəllimin təşəbbüsü ilə fakültədə "Zirvəyə doğru" elmi-publisistik jurnal nəşrə başladı. Jurnalın qayəsi nə idi? Təbii ki, "Zirvəyə doğru" gənc nəslə müxtəlif elm sahələrini əhatələyən elmi biliklər aşılamaq, dünyəvi elmi prosesləri istiqamətləndirən riyaziyyat elminə marağı daha da artırmaq, elmlərin inteqrasiyasına nail olmaq... kimi gərəkli vəzifələri icra edəcəkdi.

Yaxın dostları xatırlayır ki, Rizvan Teymur oğlu ədalətsizliyi qəbul etməzdi, haqqın, ədalətin cəfakeşi idi, düzgünlük üçün sonacan mübarizə aparardı. O illərdə fakültə partiya təşkilatı katibi yüksək titul sayılırdı. Rizvan müəllim üçün bu tituldan da yüksək titul vardı: insanlıq titulu. Fakültə partiya təşkilatının katibi ədalətsizlik edir. Rizvan müəllim bunu bilincə Tələbə Həmkarlar təşkilatının iclasında partkomun da iştirakı ilə bu məsələnin müzakirəsini təşkil edir; Rizvan müəllim mübariz vətəndaş idi, mübariz rəhbər idi, mübariz azərbaycanlı idi...

Rizvan müəllim dekan olduğu illərdə fakültənin istedalı tələbələrinin xarici ölkələrdə beynəlxalq olimpiadalarda iştirakına böyük diqqət yetirirdi. Tələbləri yola salanda əzizlərini yola salırdı elə bil. Bəzən imkan olanda özü də onlarla birlikdə gedirdi. Gedə bilməyəndə onları aeroportda mütləq özü qarşılayardı. Ata sevgisi ilə qarşılayardı, ustad sevgisi ilə qarşılayardı, milli dəyərlərimizin gözəlliyi səviyyəsində qarşılayardı...

Tətbiqi riyaziyyat və kibernetika sahəsində 80-dən çox elmi araşdırmanın, 6 dərs vəsaitinin müəllifi olan professor Rizvan Paşayev 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə "Tərəqqi" medalı ilə təltif edilib. Dəfələrlə Təhsil Nazirliyinin, Bakı Dövlət Universiteti rəhbərliyinin Fəxri fərmanlarına layiq görülüb. Fizika-riyaziyyat elmləri üzrə  5 nəfər fəlsəfə doktoru hazırlayıb.

Rizvan Teymur oğlu 2007-ci il oktyabrın 22-də  köçdü dünyadan. Özü deyirdi ki, insanı yaxşı əməlləri yaşadır; nə qədər dünya var, gözəl alim, gözəl insan Rizvan Teymur oğlunun gözəl əməlləri onu yaşadacaqdır...

Əbədiyyətin yolu ürəklərdən keçir...

 





09.12.2022    çap et  çap et