525.Az

Gələcəyin “SAF” yolu - Festivaldan reportaj


 

Gələcəyin “SAF” yolu - <b style="color:red"> Festivaldan reportaj</b>

Dekabrın 5-dən 9-adək Bakı Ekspo Mərkəzində Elm və Təhsil Nazirliyinin SAF 2022 festivalı keçirildi.

STEAM-Azərbaycandan mətbuata verilən məlumata  görə, layihə 318 məktəb və 100305 şagirdi əhatə edib. Festivalda isə 350 komanda üzrə 1312 iştirakçı var. Bura 7 xarici ölkədən komandalar da qatılıb. Komandaların fəaliyyətini qiymətləndirmək üçün Fransa, İsrail, Çin, Norveç və Türkiyəli mütəxəssislərdən ibarət jüri formalaşdırılıb.

Bu ilki festivalda “İnnovativ layihələr sərgisi”də təşkil olunub. Bizim reportajımızın subyektləri də həmin sərginin iştirakçılarıdır. Burada Bakı və regionlardan olan məktəblilərlə yanaşı, xarici ölkələrin təmsilçiləri də öz işlərin nümayiş etdirir. İşlərin böyük əksəriyyəti texnoloji yeniliklərə əsaslanaraq hazırlanıb.

Sumqayıt şəhər M.Quliyev adına 3 saylı məktəbin şagirdləri ekoloji təmizliyə xidmət edəcək qurğularına “Liberty” adını qoymalarını öz qurğularının missiyası ilə əlaqələndirdilər. Uşaqlar söhbət zamanı bildirdilər ki, gələcəkdə bu qurğu sayəsində planeti kimyəvi tullantılardan azad edəcəklərinə inanırlar.

Lənkəran Boladi kənd 1 saylı orta məktəb şagirdlərinin hazırladıqları qurğu  “elektrik cərəyanının naqilsiz ötürülməsi və idarə edilməsi” üçündür. Uşaqlar bu yolla  həm enerjiyə, həm də onun ötürülməsi üçün çəkilən xərcə qənaət ediləcəyini düşünürlər.

Özbəkistandakı “İnternational School”un  STEAM Akademiyası şagirdlərinin hazırladığı “Agrowing”  kənd təsərrüfatı təyinatlı drondur. Dronun funksiyası əkin səhələri, bitki və ağacları dərmanlamaqdır. Akademiyanın direktoru Həsən Həsənovun dediyinə görə, traktor və helikopter dərmanlamasından fərqli olaraq dronla dərmanlamanı daha səmərəli, daha keyfiyyətli və daha qısa zamanda həyata keçirmək olur.

Naxçıvan MR Şahbuz rayon Ağbulaq kənd orta məktəbinin direktoru, astronomiya üzrə fəlsəfə doktoru Mirhəsən Tahirov isə şagirdləri ilə bərabər pet qabların təkrar emalı ilə bağlı qurğu hazırlayıb. Onun dediyinə görə, plastikin təkrar emalından müxtəlif təyinatlı əşyalar əldə edirlər. Sərgidə həmin yolla hazırlanmış şahmat fiqurları da nümayiş etdirilirdi.

Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin tələbələri otbiçən robot hazırlayıblar. Gənclərin dediyinə görə, ərazinin ölçülərini qurğunun yaddaşına yazmaq otbiçəndən istifadəni asanlaşdırır.

Oğuz şəhər 3 saylı orta məktəb şagirdlərinin “Ağıllı ev”i ilə  Bakı şəhər A.Mustafayev  adına 202 saylı məktəb şagirdlərinin layihəsi daha çox məişət qayğılarını azaltmaq üçün düşünülüb.  Hər iki layihə çərçivəsində ipdən asılmış paltarları yağışdan qorumaq üçün sensorlu paltarqurudan yaradılıb.  Bakı məktəbliləri bununla yanaşı, sensorlu zibil qabları da hazırlayıblar.

Qərbi-Kaspi Universiteti biologiya fakültəsinin təmsilçiləri sərgiyə yeni enerji qaynağı yaradan qurğu ilə qatılıblar. Onların dediyinə görə, biotullantıların fermentasiyası nəticəsində əldə oluna biləcək metan qazının məişətdə istifadəsi mümkündür.  Söhbət zamanı tələbələr bildirdi ki, bu yolla təkcə məişət qazı deyil, eyni zamanda ekoloji cəhətdən çox faydalı biogübrə əldə edilir. Həmin gübrənin istifadəsi ilə ekologiyaya, kənd təsərrüfatına və birbaşa insan sağlamlığına böyük fayda vermək mümkündür.

Sərgidəki innovativ qurğu və prototiplər uşaqların ekoloji problemlərə, təbii qaynaqlara, insan sağlamlığına qarşı nə qədər həssas və məlumatlı olduqlarını göstərir. Görünən həm də odur ki, gələcək nəsil bizim onların üzərinə yıxdığımız problemlərin həllinə indidən başlayıb. Yolları açıq olsun...

Zemfira MƏMMƏDQIZI
“Azərbaycan məktəbi” jurnalı

 

 





09.12.2022    çap et  çap et