525.Az

Şah İsmayıl və Osmanlı dönəri


 

Şah İsmayıl və Osmanlı dönəri  <b style="color:red"></b> İkinci məktub
 
Şəhərlərin də öz dili var, ana. Heca-hecadır küçələr, vurğusu var döngələrin.
 
Mənə bu şəhəri - keçən əsrin Bakısını ən gözəl sən öyrətmisən. Bətnində qardaşım, qucağında mən... cənnət idi ayaqlarının altındakı bu şəhər. Övlad ağırlığından əyilmiş bir bel, əsən dizlər və külək. Mən Bakını başa düşürdüm, Bakını sənə oxşadırdım, günəşim.
 
Bir gün mən böyüdüm, sən yoruldun, qucağından yerə qoydun məni. Mənim ayaqlarım çox balaca imiş bu şəhər üçün. Sənin qucağında daha yaxın imişəm Allaha. Mən öz dizlərimin üzərində anlaya bilmədim Bakını, şəhərin dilini.
 
Bir neçə gün əvvəl qayıtdığım paytaxt nələrsə danışırdı, mən onun söylədiklərini başa düşmədim. Yox, mən dilimi unutmamışam. Sözlər həmin sözlərdir, fikirlər yaddır, adamlar özgədir. Səni and verirəm bütün inandıqlarına, bütün sevdiklərinə, mənə başa sal Bakını.
 
Bax elə, məsələn, bunları...
 
Şəhərin mərkəzində bir dilənçi, bir pişik gördüm. İkisi də “brend” mallar satan bir mağazanın önündə oturmuşdular. Mən dilənçidən utanıb pişiyi əzizləyə bilmədim, ana. Türk, italyan, “fast food” restoranlarının qabağında tütək çalan qaraçı uşaqlar yemək yeyənləri müşayiət edirdilər. Həqiqətən, ümid imiş yediyimiz çörəklər və bir az su, gözlərimizlə içdiyimiz. Boğuldum, bulvara qaçdım. Sahildə qarmaqlar gördüm, cibiboş yazıq balıqçılar neft qoxulu balıqlar tuturdular.
 
Yerin üstündəki Bakıda rahatlıq tapmayıb yerin altındakı Bakıya üz tutdum. Şah İsmayıl Xətai metrosunun yanındakı kiçik restoranın üzərində böyük hərflərlə yazılmışdı: “Osmanlı dönəri...” Ankaradakı Çaldıran parkını xatırladım. Küçəyə “travesti” nömrələri yazılı kağızlar səpələnmişdi. Bu ironiyadır, ana, hə???
 
Neftçilər metrosundan çıxıb binaların arasıyla gəzişirdim. Ağac kölgələrini işğal etmiş kafelər zaman-zaman toz-torpaq içində boğulan səkiləri tapdalayırdılar. Bakının mərkəzindən səkkiz, insanlıqdan milyonlarla kilometr uzaqdakı bu qəsəbədə divara yapışdırılmış elanı oxudum: “Təcili böyrəyimi satıram. Qiymət: 40 000 dollar. Əlaqə nömrəsi...”
 
Evimizi axtardım. Bakının bütün küçələri işğal olunmuş rayonlarımızın adını daşıyan ticarət mərkəzlərinə qovuşurdu. Mən elə bilirdim ki, Laçınlıyam, Ağdamlıyam, ən uzağı Ağcabədiliyəm. Mən “vasmoy uşağı” imişəm, ana.
 
Danış, gözəlim, danış nə deyir bu şəhər? Hə, sən də susursan. Bakı necə də gözəl kapitalistləşib! Arzular isə satın alınmır, canım. Bir gün açasan qəzetin iqtisadiyyat səhifəsini, oxuyasan ki, inflyasiya olub, insanlıq filan qədər dəyər qazanıb, heç bir pul vahidi satın ala bilmir insan həyatını. Gördüyün ilk dilənçini qucaqlayıb ağlayasan, ağlayasan, ana. Onda danışmağa sözlər lazım olmayacaq. Ana, indi biz pəncərə önündə qurumuş çörəyik, gün gələcək, hönkürüb xəmirə dönəcəyik. Kim bilir, bəlkə də o zaman Bakını yenidən yoğurar Allah?
 
[email protected]
 





26.06.2014    çap et  çap et