525.Az

Səlim Babullaoğlu - 50


 

Səlim Babullaoğlu - 50<b style="color:red"></b>

Çağdaş ədəbiyyatımızda və ümumən müasir dünya poeziyasında xüsusi yer tutan şair, tərcüməçi, ədəbiyyatşünas və naşir Səlim Babullaoğlunun bu gün - dekabrın 10-da 50 yaşı tamam olur.

Müstəqillik dövrü ədəbiyyatımızın inkişafında, xüsusilə də şeirimizin yeni ideya-məzmun keyfiyyətləri və fərqli üslubi imkanlar qazanaraq daha da yüksəlməsində, dünya poeziyasındakı mütərəqqi meyllərlə sıx səsləşməsində şair Səlim Babullaoğlunun mühüm rolu inkaredilməz, sevindirici bir gerçəklikdir. Eyni zamanda, bir-birindən seçkin nümunələr olan esseləri, ədəbiyyatşünaslığa dair məqalələri, çeşidli müstəvilərdə ifadə etdiyi ədəbi düşüncə və mülahizələri, uğurlu təşəbbüskarlıq və parlaq təşkilatçılıqla həyata keçirdiyi söz-sənət layihələri, orijinal yaradıcılıq tədbirləri S.Babullaoğlunun Azərbaycan ədəbiyyatına, bütövlükdə mədəniyyətimizə əvəzsiz töhfələridir.

Azərbaycan Yazıçılar Birliyinin katibi S.Babullaoğlu uzun zamandan bəri "525-ci qəzet"in ən sadiq oxucularından və ardıcıl müəlliflərindən biridir. Maraqlı nəşrlər silsiləsi olaraq geniş əks-səda doğuran "525 Kitab" seriyası da S.Babullaoğlunun qəzetimizlə sıx və faydalı əməkdaşlığının önəmli bəhrəsidir.

Dəyərli şairimiz - əziz qələm dostumuz Səlim Babullaoğlunu bu 50 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona ən xoş arzularımızı ünvanlayır, yaradıcılığı və şəxsiyyəti barədə düşüncələrdən seçmələri oxucuların diqqətinə çatdırırıq.  

 

 

Anar

Xalq yazıçısı

 

- Fransa müharibələr aparırdı, bu zaman bütün zamanların ən böyük rəssamlarından olan Pol Sezan almalar çəkirdi və bəlkə onun natürmortları o dövrü - hadisələri batal səhnələrlə əks etdirən yüzlərlə rəsmdən daha dəqiq göstərirdi. Bu fikirdə müəyyən mübaliğə və şərtilik olsa da, mahiyyəti etibarilə doğrudur. Səlim şerlərində günümüzlə bilavasitə bağlı olmayan mətləblərdən söz açır - insan ömrünün mənasından, insanın kədər və tənhalıq duyğularından, yaradıcılıq qayğılarından, körpələrin taleyindən yazır, amma bu və buna bənzər əbədi temalarda yazan daha qabaqkı dövrlərin şairlərindən fərqli yanaşır bu məsələlərə - məhz əsrlərin, minilliklərin ayrıcında - XX yüz ilin sonu, XXI yüz ilin əvvəlində yaşayıb yaradan bir şair kimi.

 

Ataol Bəhramoğlu

Şair (Türkiyə)

 

- Səlim Babullaoğlu şeirin hardan qaynaqlandığını çox gözəl bilir. Bu, nə sözlərlə, şəkilçilərlə oynamaq, nə böyük-böyük danışmaq marağı, nə hazırcavablıq, nə aldadıcı bənzətmələr sərgiləmək həvəsidir. Başqa sözlə, onun şeiri ritorikadan deyil, hər gün təkrarlanan həyatın saflığından, təbiiliyindən, toxunulmazlığından doğur. Çünki gündəlik həyat olduğu kimi sıralandıqca bir möcüzədir. Şair sözlərlə, bu möcüzəni pozmadan ortaya çıxarmağa çalışır. Və bu mənada Kavafislə səsləşir.

 

İlqar Fəhmi

Şair, yazıçı, AYB-nin katibi

 

- Müasir dövrün modernist düşüncə tərzinin böyük təbliğatçılarından Səlim Babullaoğlu artıq 90-cı illərdən Azərbaycan ədəbi mühitində öz sözünü demiş simalardandır. Səlimin şeirləri həmişə insanın şeirə olan münasibətini dəyişə biləcək gücə malik olub. Biz uzun illər şeir deyərkən nəyi başa düşmüşüksə, Səlimin şeirlərini oxuyanda insanda belə bir hiss yaranır ki, yox, şeir dediyim şey, varlıqmı deyək, məhfummu deyək, tək mənim beynimdə tutduğum çərçivədəki deyil. Ondan kənarda da şeir var. Və Səlim bizim üçün o stereotip çərçivədən kənardakı şeirdən kənardakı şeirləri göstərməyə çalışıb. Və bu yolda həmişə uğur qazanıb.

 

Marqareta Kurtesku

Filologiya elmləri doktoru, professor (Moldova)

 

- Səlim Babullaoğlunun lirikası diskursivdir, analitikdir, geniş nəfəsə malikdir, hikmət ənginliklərinə baş vurur, diqqəti detallarda cəmləşdirir və bir qayda olaraq böyük poetik formalar şəklini alır ki, hissələr dərin, əhatəli ağıl və sirayətedici hissiyatla birləşir, refleksiyaya bariz meyilli koqnitiv impulslarla cilalanır. Görünənləri diqqətlə fiksə edərək təhlilə məruz qoyan enerjili baxışlar, adini, ordinar olanı, banalı dəf edərək əşyaların mahiyyətinə varır və beləliklə, poeziya hermenevtik poetik akta, görünənlə görünənə rəğmən, əslində, mövcud olan arasında mübahisəyə çevrilir, varlığı, gündəlik adi həyatı "gözlərindən oxuyur".

 

Azər Turan

"Ədəbiyyat qəzeti"nin baş redaktoru

 

- Səlim Babullaoğlunun "İlk hərfi itmiş cümlələr" kitabında dərc olunmuş "Əvvəlinci ayın şeirləri" silsiləsində yeni düşüncə dalğası Tanrını dərkə yönəlib. Müəllifin fraqmentlər adlandırdığı bu şeir poeziyamızda Tanrı barədə ən yeni düşüncə dalğasıdır...

...Səlim Babullaoğlunun poetikası şeirin metafizik qatını mübhəmləşdirmir. Babullaoğlu fraqment deyir, amma bütöv bir insan ömrünü yazır və təsəvvüf anlamlarının, ən başlıcası da sükut metaforasının çağdaş izahını verir. Burda həm Berqmanın sükutu sayrışır, həm də Mövlananın.

 

Attila Balaş

Şair (Macarıstan)

 

- Səlim Babullaoğlunun şeirləri həm də yaradıcı proses barədə olur, şairin mətnə münasibətini faş edir. Şeir həm də ehtimal olunan həyatdır. Uşaq əvvəl danışır, sonra yazır deyə, yaradıcılıq nitqdən plagiat sayıla bilər. Şair Səlim Babullaoğlu üçün yaradıcılıq - həyatı mənalandırmaq, suallar, axtarış və tapılmış cavablar, kədərdə sanki duza qoyulmuş sevincdir.

 

Seyfəddin Hüseynli

Ədəbiyyatşünas, tərcüməçi, "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru

 

- Səlim Babullaoğlunun "Ədəbi yuxular"ı, sözün həm lüğəvi, həm istilahi, həm də məcazi mənasında, aydın yuxulardır. Yuxularını oxuduqca, ədəbiyyata - bədii söz sənətinə, bu sənətdəki (istər zaman, istərsə də məkanca yaxınlı-uzaqlı və sələfli-xələfli: Xaqani, Nizami, Borxes, Hikmət, Şimborska, Brodski, Pamuk, Qismət kimi...) parlaq imzalara ədəbi yuxularındakı o dürüst, həssas münasibətini, onlarla əlaqəli duyğu-düşüncələrini gördükcə (!), göz önündə Səlim Babullaoğlunun öz işıqlı, istedadlı şair siması, imanlı, təqvalı insan obrazı daha da canlanıb aydınlanır.

 

Dmitro Stus

Ədəbiyyatşünas (Ukrayna)

 

- Səlim Babullaoğlunun poetik dünyası o qədər dolğundur ki, ondan sonra istənilən poetik səs artıq və hədd hissini itirmiş görünür. Onun bütün yaradıcılığı dünya kodları ilə danışmaqdır, Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin hissəsi kimi görmək, milli motivləri düyanın çoxsəsli palitrasına çevirmək işidir.

 

Gülxani Pənah

Filologiya elmləri doktoru, dosent

 

- Səlim Babullaoğlu Sözlə nəfəs alır. Allah o nəfəsə sağlamlıq versin... Səlim bir şair kimi əvvəlki bədii nəsilllərin, dahi Nizamidən üzü bəri bütün sənətkarların oynadığı rolu-zamanın güzgüsü rolunu oynayır...

Səlim Babullaoğlu mənim yaddaşımda həm də "köhnə kişilər" kimi qalıb: zəhmi, təmkini ilə seçilən, el-oba, xalq içində hörməti olan, sözünü bilən, ləyaqət, mərifət sahibi...

 

Mustafa Məstur

Yazıçı (İran)

 

- Səlim Babullaoğlu şərafətli insandır. Onun daxili dərinliyi mətnlərinə də sirayət edir. Mən onun şeirlərində özümə yaxınlıq hiss etdim. Əgər onun yazdıqları şeirləri mən də yazmaq məcburiyyətində olsaydım, elə onun qədər yazardım.

 

Əkbər Qoşalı

Şair, yazıçı

 

- Çox şükür, Səlim 50-yə sağ-salim və dolu-dolu gəlib çıxıb... Mənə elə gəlir, şair Səlim Babullaoğlu adının yanında ilk yazılmalı söz səliqə-səhman, nizam-intizam və ədəbiyyatçı, ictimai xadim məsuliyyətidir. Səlim yalnız şair kimi deyil, estet, tələbkar redaktor, həssas naşir kimi də seçilir. O, çoxşaxəli fəaliyyət özkeçmişinə malikdir, ancaq həmişə məhz ədəbiyyat cəbhəsinin, ədəbi-bədii yaradıcılığın çoxşaxəliliyi içində olub... Səlim Babullaoğlu miqyaslı düşünür, xırda işlərə ömür sərf etmir... Onun kitabları arasında "İlyas Göçmənin şeir dəftəri" əlahiddə yerə malikdir. Bu nəcib kitabda Səlim şair-rəssam, etüd ustası kimi çıxış edib, İlyas Göçmənin çəkdiklərini Səlim sözə çevirib.

 

Kinga Mlınarska

Ədəbiyyatşünas (Polşa)

 

- Səlim Babullaoğlunun yaradıcılığında azadlıq yalnız mövzularda və refleksiyalarda təsvir olunmur, eləcə də həmin mövzuların və refleksiyaların təsvirində təqdim olunur - sxemlərdən, lazımsız bəzədilmələrdən və indiyədək qəbul olunmuş konvensiyalardan uzaqlaşaraq. Şair müasir Azərbaycan poeziyasının səsinə adilik, sadəlik, səmimilik qataraq ona ton verir, dərəcə qazandırır.

 

Qismət

Şair, ədəbiyyatşünas

 

- Müstəqillik dövrü Azərbaycan poeziyasını onsuz təsəvvür etmirəm. Onunla poeziyamıza əvvəllər ədəbiyyatımızda nüsxəsi olmayan yeni formalar daxil olub: məsələn, dinamik, yaxud hərəki misralarla yazılan şeirlər. Səlim Babullaoğlu təkcə intertekstuallıq üstündə qurulmuş, mahiyyətləri adlarında özünü göstərən ədəbiyyat inciləri vasitəsilə bütün həyatın mətn olduğunu bizə xatırladan "Polkovnikə heç kim yazmır" şeirini yox, eyni zamanda, çağdaş dünya poeziyasında geniş vüsət alsa da, bizdə nadir örnəklərinə rast gəldiyimiz intersemiotizm (iki fərqli sahənin, məsələn ədəbiyyatın rəsmlə açıq, yaxud örtülü əlaqəsi) üstündə də şeirlər yazıb.

 

Dmitro Drozdovski

Ədəbiyyatşünas, filologiya elmləri doktoru (Ukrayna)

 

- Səlim Babullaoğlunun poetik səsi həqiqət axtarır, bu isə adamı təkrarolunmaz və olduqca insani edir. Səlim insanini, ruhini uzatmağa çalışır. O, intellektualdır. Ən adi situasiya onun şeirində kosmik, universal bir şeyə çevrilə bilir.

 

Cavanşir Yusifli

Filologiya elmləri doktoru, professor

 

- Səlim Babulloağlu şeirlərində dərdi, kədəri, məşəqqəti... verməyin, ifadə eləməyin yolu təsvirdən yox, işarə etməkdən keçir. Bu işarələrin müxtəlif kombinasiyaları bədii mətndə elə bir funksionallıqla gerçəkləşir ki, nəticədə sətirlər, misralar arası cazibə qüvvəsi, maqnit burulğanı mətnə çevrilir, onun diliylə sənə müraciət edir. Sözlər və misralar arasındakı münasibətlərin belə bir fərq rakursunda düzülməsi əşyalara, dünyaya və insana, dünyanın əbədi-əzəli işlərinə münasibəti də kökündən dəyişmiş kimi olur.

 

Givi Alxazişvili

Şair (Gürcüstan)

 

- Müasir dünya poeziyasının zirvələrinə baxanda, fikrimcə, aydın olur ki, Səlim Babullaoğlu ən yaxşı şairlərdən biridir və hamının oxuduğu qərbli şairlərdən heç də geridə qalmır. Mən bunu fəxrlə deyirəm, çünki o, mənim qonşum, həmkarım, doğma Qafqaz adlı evimin sakinidir.

 

Nərgiz Cabbarlı

Ədəbiyyatşünas

 

- Şeirinə də, şəxsiyyətinə də hörmət etdiyim fərqli qələm sahiblərindəndir Səlim Babullaoğlu. Onun şeirlərində (bu misralarda daxili, ağır və kədərli bir ləngər hər zaman təsirlidir!) görünən və deyilənlərin arxa fonunda yaratdıqları daha çox yadda qalır. Demədikləri dediklərindən daha çox, göstərmədikləri göstərdiklərindən daha qlobaldır. O, bunu bacarır. Bir də misralardan daha artıq yaratdığı ovqat, təəssürat insanın yaddaşına, ruhuna hopub qalır. O, təəssüratdan (nə yaxşı ki!) uzun zaman ayrıla bilmirsən. Ağrısı ilə, kədəri ilə, anlatdığı Həqiqətin böyüklüyü ilə, bir də İmanı və İnamı ilə insanın ruhunda özünə yer edir.

 

Oksana Bulanova

Yazıçı, jurnalist (Rusiya)

 

- Səlim Babullaoğlunun şeirlərinin yaranması alıb verdiyi nəfəs, çəkdiyi iztirab, həqiqi məhəbbət qədər təbii doğulur: uşağa, qadına, torpağa, insanlara  məhəbbət... O, daha çox azərbaycanca yazır. Rus dili onun üçün doğma deyil, amma onun rusca yazdığı şeirlər yad dili dərkinin dərinliyi ilə, təfəkkürünün  dərinliyi və zənginliyi ilə adamı heyrətləndirir...

Bir dəfə mənim yanımda tanışlarından biri ona dedi ki, sənin danışığından, tələffüzündən (söhbət Azərbaycan dilindən gedir) əslən haralı olduğunu heç cür müəyyənləşdirə bilməmişəm. Səlim cavabında: - Mən uşaqlıqdan kitab oxuyuram. Kitablar isə ləhcəyə öyrətmir, - dedi. Mənə elə gəlir ki, bu cavabda Səlimin həm şair, həm də insan kimi bütün mahiyyəti açılır: əlbəttə, böyük hərfli şair kimi.

 

Fərid Hüseyn

Şair, AYB-nin Gənclər Şurasının sədri

 

- Əziz qələm dostum, müəllimim, gözəl şair Səlim Babullaoğlunun ədəbiyyatımız qarşısında danılmaz xidmətləri var. Özündən sonrakı ədəbi nəsillərin bir çox dəyərli simalarının yetişməsində onun danılmaz xidmətləri barizdir. Elə şairlər var ki, yazdıqları ilə yaradıcılığın boş şey olduğunu bu və ya digər şəkildə sübut edirlər. Ancaq Səlim Babullaoğlunun söhbətlərində, poeziya barədə düşüncələrində hər zaman xüsusi önəm verdiyim məqam odur ki, o, ədəbiyyatın vacibliyini qarşısındakı şəxsə hiss etdirə bilir. Yəni onunla söhbət edəndən sonra məşğul olduğun sahəyə məftunluğun birəmin artır.

 

Anna Auqustınyak

Şair (Polşa)

 

- Səlim Babullaoğlunun şeirləri gündəlik həyatdan və yalnız fərdi təcrübə deyil, həm də bütün nəsillər üçün baş verən hadisələrin "qəlbimizdə" buraxdığı izlərdən doğulur. Şəxsi təcrübə müxtəlif fərqli vətənlərə bölünərək genişlənir, lakin mahiyyət eyni qalır - azad olmaq... Azərbaycan şairinin poetik fikirləri və dünyası ilk baxışdan bizlərə (Polşadan Qafqaza az məsafə deyil) uzaq gəlsə də, nəticədə bizim də paylaşdığımız təcrübənin bir hissəsidir - hər iki tərəfin insanlarının arzuları və istəkləri eynidir, çünki heç kim sabahı yaşadığı kimi gözləmir.

 

Kənan Hacı

Yazıçı

 

- Onun şeirlərində özündən asılı olmayaraq metaforaların süjetə çevrilməsi hadisəsi baş verir. Təkliyin içimizdə zəbt etdiyi yeri bu mətn bizə nişan verir. Gərgin psixoloji ovqatla yüklənmiş misralarda qəribə bir çəkisizlik var - sanki sözlər qanadlanır və fikrin səmasında səfə düzülür. Səlim şeir yazmır, nə vaxtsa yaşayıb unutduğumuz günləri yaddaş adlı vətənə qaytarır. Səlim şeir yazmır, ovqatın şəklini çəkir və oxucunu artıq yükdən azad edir. Səlim şeir yazmır, nə vaxtsa yaşayıb unutduğumuz günləri yaddaş adlı vətənə qaytarır. Səlim Babullaoğlu XXI əsrin şairidir... Onun sözlərindəki həyəcan, çırpınan ritm, quru yağışlar zamanı səmanın köksünü dağıdacaq bir dəhşətlə şaqqıldayan şimşəklərin üsyanına bənzəyir.

 

Urşula Kozel

Şair (Polşa)

 

- Səlim Babullaoğlunun şeirləri hansısa keçmiş həyəcanları yaddaşımızın dərinliyindən çıxarır, onları yeni təcrübələrlə zənginləşdirir, dildə olan sözlərin imkanlarını bacarıqla istifadə edən şairin ironiya hissi, təəccübləndirici müşahidələri və orijinal obrazlılığı şair nitqi ilə dialoq axtaran oxucunun xəyallarını, təsəvvürünü yerindən oynadır.

 

Ələmdar Cabbarlı

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

- Əziz dostumuz Səlim Babullaoğlunu 50 illik yubileyi münasibətilə təbrik etməkdən çox məmnunam. O, uzun illərdir ki, istedadlı şair, tərcüməçi və esseist kimi ədəbiyatımıza öz töhfələrini verir. Eyni zamanda, ictimai xadim, naşir, cəmiyyətdə böyük marağa səbəb olan tədbirlərin təşkilatçısı kimi də tanınır. Bu yaxınlarda BDU-nun kitabxanaçılıq-informasiya fakültəsində onunla görüş keçirdik. Səlim müəllim tələbələrimiz üçün şeirlərini səsləndirdi, imzalı kitablarını onlara hədiyyə etdi. Hesab edirəm ki, bu görüş uzun illər tələbələrimizin hafizəsində qalacaq.

 

Dalmira Tilepbergenova

Şair, kinorejissor (Qırğızıstan)

 

- Onun poeziyası Avropa və Asiya arasından axan, toxunduğunda adamı ayıldan, silkələyən və adi şeylər haqqında sərt həqiqəti anladan müdriklik energetikası ilə dolu çaydır. Səlim Babullaoğlu novator şairdir, onun poeziyasını müasir Qafqazda təsadüf saymaq olmaz.

 

İlham Əziz

Yazıçı

 

- Çağdaş Azərbaycan ədəbiyyatının məhək daşlarındandır Səlim müəllim. O, şeirimizin elit nümunələrini yaradır, yazılarında insan əxlaqına, ali dəyərlərə təmas edir. Səlim müəllim kimi adamlar uzaqda yaşayan valideyn kimidir, az-az görüşsən də, aurası, zəhmi, məsuliyyəti üzərində olur.

 

Zviad Ratiani

Şair (Gürcüstan)

 

- O, nə haqda yazırsa yazsın - istər tüstülü gecə barının küncündəki qız, istər Floridadakı uraqan, istərsə də İraq müharibəsi, yaxud pəncərəyə qonmuş quşcığaz olsun - obrazların quruluşu, nitqin emosianal yükü və ən başlıcası hətta tərcümədən oxuyanda itməyən intonasiyanın imtimliyi elə təəssürat yaradır ki, sanki o, özü haqqında, olduqca şəxsi şeylər danışır, uşaqlığını xatırlayır, dünənki yuxusunu bölüşür, dostundan ötrü darıxır. Səlimin şeirlərinin strukturu tərcüməçi tərəfindən avtomatik yanaşmanı istisna edir. O, öz işinə çox vicdanla yanaşır, istedadından sui-istifadə eləmir, qəlbini və dilini dinləyərək yazır - yəni həqiqəti yazır.

 

Səlim Babullaoğlu

 

Sənin olmazlarınla yaşamaq çox çətindir, - yazmaq istəyirəm

Sənin qaydalarınla yaşamağın gözəlliyini bir azca bilərək;

saçlarım elə-belə ağarmadı, üzüm ağarmalıydı halbuki...

Ürəyimi yeyib qurtardım.

 

İndi bu gecə Səndən yeni ürək istəyirəm,

geniş yol kimi: istəklərin tıxacından azad.

İndi Səndən yeni göz istəyirəm: məsum, işıqlarımız sönəndə

nənəmin yandırdığı şam kimi titrək, həyalı, qorxacaq,

işıq saçsa da, qaranlığın bir gün mütləq düşəcəyini unutdurmayacaq.

 

İndi Səndən bağışlanma istəyirəm - doğuluş kimi...

Təzə ömür dəftəri istəyirəm,

Anamın - hər dərs ili öncəsi - aldığı miləmil dəftər kimi:

ləkə salmayacağıma söz verirdim həmişə.

Bu gecə Sənə söz verirəm: ora düşən yeganə ləkə

Sənin qaydalarınla yaşamağın sevincindən doğan göz yaşları olacaq.

Sükr olsun Sənə, Böyük Rəbbim!

Əlbəttə ki, istəməsəydin, istəməyi verməzdin...

lll

Əgər cürət edib yazsaydım öz həqiqi tarixçəmi,

mənim tarixçəmi yazan mələkmi olacaqdım?

 

İstəklərimin gürdabında mən təkəm,

tənhayam, onlarsa ikidir,

üstəgəl, tükənir bizim qələmlərin mürəkkəbi.

 

Kaş ki səbrim tükənməyəydi...

o kitabın sağ səhifəsində bir boş yer qalaydı...

Qərarsızlığım, tərəddüdüm, ümüdüm

uşaq ləpirləritək orda iz buraxaydı...

 

Və bir gün o Nur həmin yazıya işıq salaydı,

"o bağışlandı" anlaşılaydı, oxunaydı...

 

Kaş ki bir gün yaza biləydim öz həqiqi tarixçəmi,

məndə məni yox, Səni nişan verə biləydim, Səni...

 





10.12.2022    çap et  çap et