525.Az

Antik dünyanın parlaq şəxsiyyətləri - Telman Orucov yazır


 

Antik dünyanın parlaq şəxsiyyətləri - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən şənbə saylarımızda)

 

 Təhqir olunmuş bir oğlan Filippin haqsızlığını görüb, onu öldürdü. Beləliklə, Aleksandr 20 yaşında çarlığı əldə etdi, lakin o, ölkəsinin qonşuları tərəfindən daim təhlükədə idi. Aleksandra məsləhət görülürdü ki, zorakılığa əl atmasın, qəddarlıq tədbirlərinə yol verməsin. Aleksandr isə əks qaydada hərəkət etdi, güman edirdi ki, azacıq güzəştə yol versə, bütün düşmənləri onun üzərinə atılacaqlar. O, əvvəlcə fivalılarla müharibə apardı, onları mühasirəyə alıb məhv etdi. Sağ qalanları o, qul kimi satdı. Altı min adam öldürülmüşdü, qul kimi isə beş dəfə artıq adam satıldı.

Aleksandr afinalılarla sülh bağladı.

Persiyalılarla müharibəyə getmək üçün yunanlar Aleksandrı özlərinin rəhbəri elan etdilər. Ona qarşı özünü olduqca müstəqil aparan Diogen isə Aleksandrın təəccübünə səbəb olmuşdu. Hətta onu da demişdi ki, "Mən Aleksandr olmasaydım, Diogen olmağımı istəyərdim".

Kiçik Asiyaya keçən Aleksandrın qoşunları otuz mindən çox piyada əsgərdən və beş minə yaxın süvaridən ibarət idi. Ərzaq ehtiyatı yalnız bir aya bəs edərdi. Çətinliklərinə baxmayaraq, Aleksandr gəmiyə oturmadan öz dostlarının əmlak vəziyyətini öyrənmişdi və onları malikanələrlə və başqa mülkiyyətlərlə təmin etmişdi. Ondan özünə nə saxladığını soruşduqda demişdi: "Ümidi". Aleksandr Makedoniyada malik olduqlarının hamısını könüllü qaydada adamlara hədiyyə verdi.

Belə bir qətiyyətlə o, Hellespont (indiki Dardanel boğazını) keçdi. İlion şəhərinə (Troyaya) girəndə ilahə Afinaya qurbanlar verdi və müharibə qəhrəmanlarını yada saldı. O, yalnız Axilleslə maraqlandığını bildirdi.

Persiyalılar Aleksandrın yürüşündən agah olduğundan, çar III Daranın sərkərdələri böyük qoşun yığmış və onu Qranik çayındakı keçiddə yerləşdirmişdilər. Bura Asiyanın qapısı olduğuna görə döyüş zəruri idi. Çay dərin idi, onun əks sahili isə çox hündür idi. Makedoniya sərkərdəsi Parmenion çayı keçməyin riskli bir iş olduğunu dedikdə, Aleksandr cavab verdi ki, onlar keçdikləri  Hellespont boğazı ilə müqayisədə ona bu çaydan qorxduğuna görə utanmaq lazım gələcəkdir. Düşmən nizələrinin və oxlarının yağışına baxmayaraq, qoşun çayın sərt sahilinə dırmaşırdı. Böyük gərginlik hesabına Aleksandrın döyüşçüləri əks sahilə sahib oldular. Bu vaxt perslərlə əlbəyaxa döyüş başlandı. Süvarilər isə pers süvarilərinə qarşı vuruşurdu. Çara atılan nizə onun zirehini deşsə də, bədəninə toxunmadı. İki pers hərbçisi onun üstünə cumdu. Aleksandr qılınca əl atdı, lakin əvəzində özünə qılınc zərbəsi dəydi, düşmən qılıncının tiyəsi onun saçına toxunmuşdu. Bu vaxt dostu Klit persin bədənini nizəsi ilə deşdi, digərini isə Aleksandrın öz zərbəsi yerə yıxdı.

Persiyalılar uzun müddət müqavimət göstərə bilməyib, qaçmağa üz tutdular. Lakin həm də çox sayda makedoniyalı yaralanmışdı və həlak olmuşdu. Aleksandr döyüşdə fərqlənən afinalıları təriflədi. Bu döyüş işlərin vəziyyətini Aleksandrın xeyrinə dəyişdirdi və o, barbarların dəniz sahilindəki əsas bastonu olan Sardı şəhərini - Lidiya dövlətinin paytaxtını tutdu. Bu ölkəni iki əsr əvvəl Persiya çarı Böyük Kir işğal etmişdi. Sonra Aleksandr Halikarnası və Mileti də tutdu. Lakin o, Dara ilə həlledici döyüşə can atırdı. Dəniz ətrafındakı vilayətləri perslərdən azad etdi, axı bunlar qədim yunan şəhər-dövlətləri idi.

Sonra Makedoniya çarı Frigiyanı tutdu, qədim çar Midasın vətəni olan Qordini tutanda burada məşhur arabanı gördü, onun dişləsi boyunduruqla zoğal budağının qabığı ilə bağlanmışdı və belə əhvalatı eşitdi ki, kim bu ilgəyi açsa, bütün dünyanın çarı olacaqdır. Aleksandr onu aça bilməyəndə, qılıncla kəsdi. O, asanlıqla bu işin öhdəsindən gəldi və boyunduruğu dişlədən azad etdi.

Midas barədə qədim dünyada qəribə rəvayətlər yayılmışdı. Guya Midasın buynuzu olduğu iddia edilirdi və başının bu qəribəliyinə görə o, Frigiya papağı geyinirdi, bunu yalnız onun dəlləyi bilirdi. Dəllək dözə bilməyib, sirri qamışlar olan yerdə dilinə gətirdi, sonra külək qamşları tərpədəndə, onlar "Midasın buynuzu var" deyə pıçıldayırdılar.

Digər bir əfsanəyə görə, Midas çox acgöz olduğundan allahlardan hər şeyi qızıla çevirməyi xahiş etmişdi. Allahlar onun xahişini yerinə yetirirlər. Midasın əli dəydiyi hər şey qızıla çevrilirdi, ona görə də o, nə yeyə bilir, nə də içə bilirdi.

Bu vaxt Persiya çarı Dara Suzadan dənizə tərəf istiqamətdə hərəkət edirdi. Onun ordusu makedoniyalılarınkından az qala 20 dəfə böyük idi. Lakin Aleksandrın döyüşçüləri əla igidlik göstərdiklərindən, belə şayiə gəzirdi ki, Aleksandr bütün Asiyaya sahib olacaqdır. Axı adi ilxıçı olan Dara çara çevrilib, taxt-taca sahibliyə nail olmuşdu. Aleksandr isə Makedoniya çarının oğlu idi.

Aleksandrın dəniz ətrafında çox qaldığına görə Dara bunu onun tərəfindən  qorxaqlıq əlaməti kimi qəbul etmişdi. Çar isə ağır xəstəliyinə görə irəli getməyi ləngitmişdi. Lakin tezliklə sağaldı və qoşununu Suriyada olan perslərin üstünə apardı. Ustalıqdan xəbər verən komandanlıq hesabına makedoniyalılar qalib gəldilər. Bu, tarixdə İss döyüşü kimi məşhurdur. Döyüşdə çar budundan yaralanmışdı. O, parlaq qələbə çaldı, yüz minə qədər düşməni məhv etdi, lakin Daranı tuta bilmədi, çünki o, qaçmaqla canını qurtarmışdı. Aleksandr isə onun hamamında qızıldan qayrılmış bardaqları, tazları, mayelər üçün olan qabları gördü. Bu əşyalar ona çarlığın nə olduğunu başa saldı.

Aleksandr nahar etmək istəyəndə ona Daranın anasının, arvadının və iki ərə getməmiş qızının əsir götürüldüyünü xəbər verdilər. Onlar Daranın döyüş arabasını gördükdə, öldürüldüyünü güman edib, ağlamağa başladılar. Qadınlara bildirdilər ki, Dara sağdır və Aleksandrdan qorxmağa da ehtiyac yoxdur, çünki o, yalnız hökmranlıq üstündə Dara ilə müharibə aparır. Qadınlara əvvəllər istifadə etdikləri qaydada şərait yaradıldı. Onları biabır edə bilən heç bir hərəkətə yol verilmədi. Daranın arvadı da əri kimi çox qəşəng idi, qızları da valideynlərinə oxşayırdılar. Aleksandr deyirdi ki, Persiya qadınlarının görünüşü gözlər üçün əzabvericidir, lakin o, heç bir artıq hərəkətə yol vermirdi. Çünki bilirdi ki, qadınla yaxınlıq etmək istəyi, şəhvət insan təbiətinin zəifliyindən irəli gəlir. O, təkcə bunda deyil, qida məsələsində də özünü saxlamağı bacarırdı. Həm də dayısının ona öyrətdiyini yada salırdı. O deyirdi ki, "səhər yeməyinə gecə marşı, nahar üçün isə azacıq səhər yeməyi bəs edir". Şərabı da, bəzi rəylərin əksinə, az içirdi, ancaq ziyafət süfrəsi arxasında çox otururdu. O, içmək əvəzinə çox danışırdı. Yalnız asudə vaxtı çox olanda o, yeyib-içirdi. Çox danışdığına görə güman edirdilər ki, o, həm də çox içir. Lakin lovğalanırdı və həm də tərifi çox sevirdi.

İss döyüşündən sonra Aleksandr qoşununu Dəməşqə göndərdi. Makedoniyalılar orada ilk dəfə qızılı, gümüşü, qadınları qiymətləndirməyi öyrəndilər, barbar həyat tərzinin cazibədarlığından hali oldular. Ona görə də perslərin sərvətlərini ələ keçirməyə tələsirdilər.

Tir istisna olmaqla, bütün Finikiya ona tabe oldu. Ona görə də Tiri yeddi ay ərzində mühasirədə saxladı, dənizdə torpaq tökməklə damba qaydasında adaya yol çəkdi və şəhərin donanma ilə dənizə çıxmasını bağladı. Tirin mühasirəsi qoşunların şəhər divarlarına hücumu ilə başa çatdı. Hücum olduqca dəhşətli idi, tirlilər müqaviməti dayandırdılar və şəhər tutuldu.

Daradan götürülmüş qiymətli əşyalar içərisində olan mücrünü Aleksandra gətirib verdikdə, o, bu mücrüdə ən qiymətli sərvəti olan "İliada"nı saxlamağı qərara aldı. Yürüşdə Homer onun üçün çox lazımlı və faydalı yol yoldaşı idi, axı o, özü də "İliada"nın qəhrəmanının adını daşıyırdı.

Öz adını əbədiləşdirmək qayğısına da qalırdı, Misiri tutanda o, iri, çox əhalisi olan yunan şəhəri salmaq və ona öz adını vermək istəyirdi. Faros adasının yanında o, bu şəhərin əsasını qoymağı qərara aldı. Sonra o, Ammon məbədinə yollandı. Ora gedən yol uzun, ağır və yorucu idi. Bir neçə gün onlar susuz səhra ilə yol getdilər. Aleksandr çətinlikdən qorxmurdu, ömrü boyu o, heç vaxt düşmənləri tərəfindən məğlub edilməmişdi, elə görünürdü ki, o, hətta məkan və zamandan da güclüdür.

Səhra geridə qalanda çar məbədə yaxınlaşdı. Ammon kahini Aleksandra müraciət edərək dedi ki, allah Ammon onu öz oğlu kimi salamlayır. Çar allaha qiymətli hədiyyələr verdi. O, anasına da bu barədə məktub yazdı. Aleksandr hansısa bir tələffüzə görə sevinirdi ki, allah onu Zevsin oğlu adlandırmışdır. O, başa düşürdü ki, bütün adamları allah idarə edir, çünki hər bir adamda rəhbər başlanğıc ilahi mənşədən irəli gəlir. Çünki Allah bütün insanların ümumi atasıdır və daha yaxşı olanları özünə xüsusən yaxınlaşdırır. Ona görə də o, özünü barbarlara qarşı çox məğrur aparırdı.

Bu vaxt Dara Makedoniya çarına öz dostları ilə məktub göndərib, Aleksandra əsirlər üçün 10 min talant girov pulu təklif etdi, həm də Fəratdan bu tərəfdə, qərbdə olan bütün torpaqları, həm də qızlarından birini də ona verəcəyi təklifini bildirdi. Parmenion bu təklifi qəbul etməyi məsləhət görəndə dedi ki, "Mən Aleksandr olsaydım, bu şərtləri qəbul edərdim". Aleksandr bərkdən dedi: "Zevsə and olsun ki, mən Parmenion olsaydım, belə hərəkət edərdim!" Aleksandr Daraya yazdı ki, əgər makedoniyalıların yanına gəlsə, ən xoş qəbul görəcəkdir. Əks halda isə o, özü Persiya çarının üzərinə gedəcəkdir.

Bir qədər sonra Daranın arvadı doğuş vaxtı öldü, Aleksandr pis olurdu ki, öz alicənablığını göstərməyin əlverişli imkanını əldən buraxdı. Çar arvadı çox dəbdəbə ilə dəfn edildi. Daraya da arvadının ölüm xəbəri çatdı. Lakin ona bildirdilər ki, nə arvadı Statira - o, həm də çarın bacısı idi, nə anası, nə də qızları heç nədə ehtiyac hiss etmirdilər. Aleksandr döyüşdə nə qədər qorxuludursa, məğlub olunanlara isə o qədər mərhəmətlə yanaşır. Dara emosiyasını gizlədə bilməyib, allahlardan öz məmləkətinə himayə arzuladı, onu da əlavə etdi ki, əgər Persiya dövləti məhv olsa, qoy Aleksandrdan başqa heç kəs Kirin taxt-tacına oturmasın.

Aleksandr Fərata qədər olan bütün torpaqları işğal etdi. Bu vaxt Dara bir milyonluq ordu ilə onu qarşılamaq üçün hərəkət edirdi.

Dara ilə böyük döyüş Qavqamela yaxınlığında getdi, bu, yerli dildə "Dəvə evi" demək idi, guya qədim çarlardan biri bir küyənli, dromedar dəvəsinin belində düşmənlərindən xilas olanda, onu burada yerləşdiribmişlər.

Aleksandrın ətrafında olanların yaşlıları, xüsusən Parmenion, o, çar Filippə qalibiyyətli sərkərdə kimi xidmət göstərmişdi, açıq döyüşdə belə qoşuna qalib gəlməyi olduqca çətin iş hesab edirdi. Onlar Aleksandra məsləhət gördülər ki, düşmənə gecə vaxtı hücum edilsin. Aleksandrın məşhur cavabı belə idi: "Mən qələbəni oğurlamıram", bu sözlər belə təhlükə qarşısında onun buna olduqca yüngül münasibət bəsləməsi kimi qəbul edildi.

Həm döyüşdən əvvəl, həm də döyüşün qızğın vaxtı ruhunun yüksəkliyini və igidliyini heç vaxt itirməyərək, özünü böyük döyüşçü kimi göstərdi. Sol flanq qarışıq şəkildə geri çəkiləndə, Parmenion Aleksandra xəbər göndərdi ki, ona təcili kömək göstərilməsi lazımdır. Aleksandr ətrafındakılara hücum əmri verdi. Özü də dəbilqəsini geyindi. Aleksandr çinlilərin çarının bağışladığı qılıncı üstündə gəzdirirdi. Döyüş başlananda ona atı Butsefalı gətirdilər, onun belinə tullanıb, hücuma başladı. Barbarlar qabaqdakı dəstələr hələ döyüşə başlamamışdan geri çəkilməyə başladılar. Aleksandr persləri mərkəzə doğru sıxışdırdı, Daranın özü orada idi. Aleksandr onu uzaqdan gördü, o, çar dəstəsinin ortasında hündür döyüş arabasında dayanmışdı. Aleksandr yaxınlaşanda, onlar çaş-baş qalmışdılar, çünki geri çəkilənləri sürətlə qovurdular. Daranın mühafizəçilərindən ən cəsarətliləri öz çarları üçün son nəfəsinə qədər vuruşurdu. Daranın gözləri önündə heç vaxt belə dəhşətli mənzərə yaranmamışdı, onun əhatə edən döyüşçülər onun lap yanında həlak olurdular. Ölü cəsədlərin çoxluğu döyüş arabasının hərəkətinə də mane olurdu. Silahını və arabasını atıb Dara yenicə bala doğmuş bir madyanın belinə oturub qaçdı. Aleksandr Parmeniona kömək göstərmək üçün Daranın təqibini dayandırdı. Axşam düşəndə qan axıdılmasına da son qoymaq lazım gəldi. Aleksandr təhlükədə olan qoşun hissəsinə kömək göstərməyə tələsəndə, yolda ona dedilər ki, düşmən tamamilə əzilmişdir və qaçmağa üz tutmuşdur.

 (Ardı var)

 

 

 





11.12.2022    çap et  çap et