Qərb qəsdən dünyada xaosu daha da artırmağa, beynəlxalq vəziyyəti gərginləşdirməyə hazırlaşır.
525.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin müdafiə idarələri rəhbərlərinin iclasının iştirakçılarına videomüraciətində bildirib.
"Gözümüzün qabağında həqiqətən çoxqütblü dünya nizamının konturları yaranır. Asiya, Afrika, Latın Amerikasında öz milli maraqlarını, suverenliyini, inkişaf yolu hüququnu getdikcə daha çox müdafiə edən yeni inkişaf mərkəzləri formalaşır", - deyə Putin qeyd edib. Onun fikrincə, bu obyektiv proseslərə müqavimət göstərmək mümkün deyil.
Bir gün əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev demişdi ki, ABŞ və onun NATO müttəfiqlərinin uzunmüddətli məqsədi nəyin bahasına olursa olsun Rusiyanı zəiflətmək və ya məhv etmək, eləcə də bütövlükdə Avrasiyada təhlükəsizlik arxitekturasını məhv etməkdir.
Noyabrın 24-də Suriya Prezidenti Bəşər Əsəd belə bir fikir bildirib ki, Qərbin dünyada mövcudluğunu davam etdirmək və hegemonluq sistemini saxlamaq üçün davamlı müharibələrə ehtiyacı var. O qeyd edib ki, Qərb Suriya, Rusiya, Belarus və bəzi digər dövlətlərdə öz məqsədlərinə nail ola bilməyib. Buna görə də indi onlara qarşı iqtisadi müharibəyə başlayıb.
Bundan əvvəl, noyabrın 3-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirmişdi ki, Qərbin öz hökmranlığını tətbiq etmək istəyi dünyanı qlobal böhrana aparır. Oktyabrın 27-də Putin bildirib ki, Qərb son illər vəziyyəti gərginləşdirmək üçün bir sıra addımlar atıb - Ukraynada qızışdırmalar, Tayvanda təxribatlar və enerji bazarlarında sabitliyin pozulması və s. Rusiya Prezidenti vurğulayıb ki, Qərbin siyasəti ölkələrin və xalqların suverenliyini inkar edir, həmçinin başqa dövlətlərin maraqlarını qətiyyən nəzərə almır.
Havar Şəfiyeva
çap et