Yaranma tarixi iki min ildən də çox əvvələ təsadüf edən teatr bir çox fəaliyyət sahələri kimi, müasir insanların maraq dairəsindən bir xeyli kənarda qalıb. Qərbi, Avropa ölkələrini deyə bilməsək də, hər halda bizim cəmiyyətimizdə bu, reallıqdır. Həm də təkcə teatrları yox, bu gün muzey, kitabxana kimi mədəni əhəmiyyət kəsb edən məkanların da ziyarətçilərinin sayı xeyli azalıb. Müasir gənclər informasiya və məlumat əldə etmək üçün yeni texnologiyalardan bəhrələnməyi üstün tuturlar, hətta mobil telefonlar üçün çoxsaylı pulsuz kitabxana proqramları da yaradılıb. Yeniyetmə və uşaqlar üçün yalnız sosial şəbəkələr və onlayn oyunlar maraqlı görünür. Halbuki əvvəllər böyük əksəriyyət teatra, baletə, operaya, muzeyə, kitabxanaya gedirdi. XX əsrdə teatrın inkişafı özünün kulminasiya nöqtəsinə çatdı və bundan sonra kütləvi şəkildə inkşaf etməyə başladı.
Teatrın ölümsüz sənət olduğunu deyirlər. Əgər belədirsə, nədən son illər teatrlarda tamaşaçı qıtlığı hiss olunur? Söhbət bizdən, Azərbaycan teatrlarından gedir. Niyə tamaşaçıların teatra marağı azalıb?
Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Anar Babalı "525"ə açıqlamasında ölkəmizdə fəaliyyət göstərən teatrların vəziyyətindən danışıb: "Bu gün teatrlarımızda yaradıcı problemlər çoxdur desəm, yəqin ki, fikrim birmənalı qarşılanacaq. Problem olmalıdır ki, ondan nəticə çıxarasan. Nəticə etibarilə biz bununla teatrların problemsiz inkişafına, təkamülünə təkan vermiş oluruq. Dünya ölkələrində teatrlar öz inkişaflarını qarşılaşdıqları problemlər üzərində qurublar, bizim də yanaşmamız bu cür olmalıdır. Əslində, teatrlara bu gün də maraq var, sadəcə texnikanın inkişafı və texnoloji imkanların teatrın imkanlarından çox irəlidə olması insanları teatrdan uzaq salıb. Bu gün teatrın texniki bazasını gücləndirsək və ən müasir texnikalarla səhnələr qurub tamaşaçı qarşısına çıxsaq, o zaman insanlar yenə də sevə-sevə gəlib bizi izləyəcəklər. Onlar evdə oturub kimdənsə nəsə eşidirlər və elə düşünürlər ki, teatrlara heç kəs getmir. Məsləhət görərdim ki, hər kəs bilet alıb bir dəfə də olsa, teatra gəlsin. O zaman görəcəklər ki, zallar düşündükləri qədər də boş deyil. Hamı evdə oturub desə ki, teatrlara heç kim getmir, təbii ki, zallar da boş qalacaq. Onu da qeyd edim ki, teatrda aktyor və ya aktrisa üçün ali təhsil önəmlidir. Sual verə bilərsiniz ki, keçmişdə heç bir təhsil almayan yaxşı aktyorlarımız var idi, bəs onlar necə? Bəli, öncələr elə idi. Amma bu gün, sosial platformaların inkişaf etdiyi bir dövrdə aktyor və aktrisa təhsilsiz ola bilməz.
Rus filosofu Aleksandr Gertsen teatrı həyati vacib sualların cavab tapıldığı yüksək instansiya və məkan sayırdı. Teatr yaranandan bu günə kimi insanların qarşısına çıxan problemlərin həlli yollarını göstərməyə çalışıb. İstər klassika, istər müasir dramaturgiyanın səhnə həlli, birmənalı şəkildə müasir insan problemlərinin həllinə yardımçı olmaq niyyəti güdüb. Teatra gedən şəxs yerli və dünya ədəbiyyatında olan əsərlərin tamaşasını izləyərək də, onlar barədə məlumatlı olur. Bu, həm də mədəni dəyərlərin formalaşması, daxili estetik kultun yaranması deməkdir. Teatra getmək həm də insanlara dost-tanışlarla ünsiyyətdə olmaq imkanı yaradır, onlara müzakirə etmək üçün maraqlı mövzular verir".
Havar ŞƏFİYEVA
çap et