525.Az

50 ilin şahidliyi - Əli Əmirli yazır


 

"AZƏRBAYCAN" JURNALININ 100 YAŞINA

50 ilin şahidliyi - <b style="color:red"> Əli Əmirli yazır</b>

Yüz yaşlı "Azərbaycan" jurnalının əlli ili gözüm önündə keçib. Düz əlli il qabaq üç hekayəm və şəklim kiçik ön sözlə ölkənin ən nüfuzlu jurnalının səhifələrində göründü. Həyatımda bu, fantastik hadisə idi. Adlarını və şəkillərini ədəbiyyat dərsliklərində gördüyüm Məmməd Səid Ordubadi, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Mirzə İbrahimov, Süleyman Rəhimov, Əli Vəliyev, Əbülhəsən, Mehdi Hüseyn kimi Azərbaycan ədəbiyyatının canlı klassiklərinin sırasında, indi deyilən kimi, heç bir dəstəyi olmayan gənc adamın 75 min tirajla çap olunan, ölkənin ən ucqar kəndlərinə belə gedib çatan bir jurnalda ilk addımını atması fantastikaya oxşasa da, reallıq idi. Elə o vaxtdan bu günə qədər bütün yazılarımın, teatr dili ilə desək, premyerası məhz "Azərbaycan" jurnalında baş tutub. Mənim üçün bu jurnal, bir-birlərini üç-beş ildən bir əvəzləyən baş redaktorların kimliyindən asılı olmayaraq doğma məkana, doğma yerə çevrilmişdi. Əlbəttə, bu yerdə 1977-ci ildə məhz bu redaksiyada tanış olduğum və 1997-ci ildən bugünədək baş redaktor vəzifəsində işləyən İntiqam Qasımzadənin xidmətini məmnuniyyətlə vurğulayıram.

1960-1970-ci illər "Azərbaycan" jurnalının ən parlaq dövrlərindən idi. Dediyim kimi, jurnalın yuxarı və aşağı dairələrin diqqət mərkəzində olması, böyük tirajı, yüksək müəllif qonorarı bütün yazıçıları özünə maqnit kimi çəkirdi. İstedad dərəcəsindən asılı olmayaraq, hər bir yazıçı məhz "Azərbaycan" jurnalında çap olunmaq istəyirdi. O dövrün ən parlaq imzaları, o cümlədən, Altmışıncılar adlandırılan ədəbi nəslin bütün nümayəndələrinin ən məşhur əsərləri bu jurnalın səhifələrində boy göstərirdi. "Azərbaycan" jurnalında çap olunmaq hər bir yazıçı üçün başucalığı olmaqla bərabər, ona hörmət, sayğı gətirirdi. Özümdən deyim; fəhlə-tələbə kimi Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin axşam şöbəsində təhsil alırdım. Auditoriyaya girib davamiyyəti yoxlayan hər müəllim adımı çəkəndə mütləq soruşurdu: jurnalda hekayələri çıxan sənsən? Əlbəttə, müsbət cavabım təsirsiz qalmırdı.

Bu yüz il içərisində Azərbaycan ədəbiyyatının keçdiyi inkişaf yolunu əyani şəkildə görmək üçün ora-bura əl atmaq, kitabları ələk-vələk eləmək lazım deyil, elə "Azərbaycan" jurnalının özünü vərəqləmək, öyrənmək bəs eləyir. Çünki yüz yaşlı jurnal, demək olar ki, həmişə ədəbiyyatımızın doğru göstərən güzgüsü olub. Bu güzgü düzü düz, əyrini əyri göstərib. Bəzən, xüsusilə də çağdaş zamanımızda jurnalın səviyyəsindən, keyfiyyətindən qərəzli və ya qərəzsiz narazılıq edən səslər eşidilir. Narazılıq edənlər unudurlar ki, Yazıçılar Birliyi yazıçı yetişdirmədiyi kimi, jurnal da ədəbiyyat yaratmır, olanların ən yaxşısını səhifələrində yerləşdirir, ümumi mənzərəni sərgiləyir. Müasir ədəbiyyatımız necədirsə, bütün nəşr orqanları, o cümlədən, "Azərbaycan" jurnalı da elədir, bir fərqlə: mətbəə işi görüb özünü nəşriyyat adlandıran sexlər "puluna minnət" - deyib, müştəri nə gətirirsə, çox vaxt oxumadan belə, çap edirlərsə, jurnal redaksiyaya daxil olan yazıları saf-çürük edir, ədəbiyyat adına layiq olmayanları səhifələrinə yaxın buraxmır. Bu prosesin nə qədər çətin, ağrılı, hətta məşəqqətli olduğunu bilənlər bilir. Narazı səslər də çox vaxt jurnala  yol tapa bilməyən müəlliflərdən çıxır.

"Azərbaycan" jurnalı çox mürəkkəb yaradıcılıq yolu, formalaşma prosesi keçib. Sovet ideologiya maşınının təsirindən tam yayına bilməsə də, mövcud olduğu bu yüz ildə, bir qayda olaraq, ölkənin, millətin mənafeyinə xəyanət etməyib, onun mənəviyyatını, mental dəyərlərini gücü və imkanı çatan qədər mühafizə etməyə çalışıb, ən vacibi isə, Azərbaycan ədəbi dilinin yaranmasında, formalaşmasında, qorunmasında və bugünkü səviyyəyə gəlib çatmasında misilsiz rol oynayıb. Bunu elə jurnalın adının dilimizin inkişafına və formalaşmasına tədricən uyğunlaşdırılması əyani şəkildə göstərir. "İnqilab və mədəniyyət", "Maarif və mədəniyyət", "Revolyusiya və qultura", "Vətən uğrunda", "Revolyutsiya və kultura" adları ilə çıxan jurnal, nəhayət, 1953-cü ildən hamımıza doğma "Azərbaycan" adı ilə nəşrə davam etdi. Bu adlar müəyyən dərəcədə, həm də dilimizin inkişaf yolunun göstəricisidir. Amma unutmayaq ki, bu dili yaradan "Azərbaycan" jurnalının çoxsaylı istedadlı müəllifləri idi. Məhz həmin sovet yazıçıları dediyimiz müəlliflərin zəhməti və istedadı hesabına, Azərbaycan ədəbi dili yarandı, onların zəhmətinin, istedadının nəticəsidir ki, bu gün dünya ədəbiyyatının ən qiymətli və mürəkkəb nümunələrini doğma dilimizə çevirə bilirik. Bəlkə də o yazıçıların əsərləri bu gün azoxunur, adları gənc nəslə məlum deyil, bir çoxlarının yaradıcılığı orta məktəb dərsliklərindən çıxarılıb, onların yerini bəzən ədəbi taleyi şübhəli olan müasir psevdoyazıçıların opusları tutur, amma Sovet yazıçıları dediyimiz həmin nasirlərin, şairlərinyaratdığı gözəl ədəbi dil yaşayır. Bizə qalır o dilin qədrini bilmək, onu yad təsirlərdən qorumaq və zamanın tələblərinə uyğun şəkildə inkişaf etdirmək.

Biz jurnal haqqında danışırıq, amma jurnal abstrakt bir şey deyil, o, öz-özünə mövcud da deyil, onu yaradanlar, yaşadanlar olub. Jurnalla əlli illik dostluğum dövründə Cəlal Məmmədovun, İsmayıl Şıxlının, Hüseyn Abbaszadənin, Əkrəm Əylislinin, Cabir Novruzun, Yusif Səmədoğlunun, nəhayət, İntiqam Qasımzadənin baş redaktorluğunu görmüşəm, hər birinin dövründə hekayə, povest, romanlarım, son iyirmi ildə isə, pyeslərim "Azərbaycan" jurnalında çap olunub. Amma baş redaktor təkbaşına buraxmır jurnalı. Odur ki, yubiley ilində bu uzun zaman kəsiyində redaksiyada gördüyüm, ünsiyyətdə olduğum, təəssüf, artıq dünyasını dəyişmiş yazıçıları, ədəbi işçiləri yada salmaq, adlarını çəkmək istəyirəm: Ənvər Yusifoğlu, Ağacavad Əlizadə, Sabir Süleymanov, Vaqif Musa, Sara Nəzirova. Onu da deyim ki, yazının əvvəlində qeyd etdiyim ilk üç hekayəmin jurnalda çap olunmasının səbəbkarı təvazökar, alicənab insan, istedadlı nasir, repressiya acısını şəxsən dadmış Ənvər Yusifoğlu idi.

Bu gün isə jurnalın baş redaktoru İntiqam Qasımzadədir. Əlli ilə yaxındır İntiqam bəy "Azərbaycan" jurnalında işləyir, 1997-ci ildən isə jurnalın baş redaktorudur. Yazıçılarınbu günlərdə işini başa vurmuş XIII qurultayında Anar müəllimin haqlı təklifi ilə İntiqam Qasımzadəyə yenidən etimad göstərildi, 100 yaşlı jurnalın baş redaktorluğuona həvalə edildi. Bu seçim, bu etimad təsadüfi deyildi. İyirmi beş illik redaktorluğu dövründə İntiqam Qasımzadə jurnalı, sözün əsl mənasında, zamanın fırtınalarından, burulğanlarından salamat çıxara bilib. Elə onun baş redaktor təyin olunduğutarixə - 1997-ci ilə nəzər yetirmək və ölkənin iqtisadi vəziyyətini yada salmaq kifayətdir. Jurnalı həm maliyyə tərəfindən təmin etmək lazım idi, həm də ədəbi material sarıdan. Ölkənin ən yaşlı və ən nüfuzlu jurnalının ardıcıl çıxması üçün redaktordan çeviklik, inadkarlıq, gördüyü işin lazımlılığına möhkəm inam, hətta fədakarlıq tələb olunurdu. Siyasi hadisələrin axınına düşmüş millət kitab-jurnal oxumağı yadırğamış, kitab ticarəti iflasa uğramış, nəşr olunan kitabların tirajı minimuma enib qohum-əqrabanın sayına bərabər olmuşdu. "Azərbaycan" jurnalı da "olum, ya ölüm" dilemması ilə üz-üzə qalmışdı. Bax, belə bir zamanda İntiqam Qasımzadə təmənnasız olaraq (o illər jurnalda əməkhaqqı yox dərəcəsində idi) jurnalı məhv olmaqdan qoruya bildi. Şükür, o zaman Ulu öndər Heydər Əliyevin göstərişi ilə Yazıçılar Birliyinin bütün ədəbi orqanları kimi, "Azərbaycan" jurnalı da maliyyə sıxıntısından qurtardı. Bu gün də dövlətin maliyyə dəstəyi davam edir.

Əlbəttə, maliyyə vacibdir, amma daha vacib olan jurnalın keyfiyyətli ədəbi materiallarla təmin edilməsi idi. Cəmiyyətdəki siyasi coşqunluq və bunun tam əksinə olaraq, ədəbi durğunluq şəraitində aylıq ədəbi məcmuəni yeni və keyfiyyətli əsərlərlə təmin etmək, eyni zamanda ənənəvi kursa sadiq qalıb bədii "plankanı" saxlamaq çətin məsələ idi. Baş redaktor kimi İntiqam Qasımzadə bu çətin vəzifənin də öhdəsindən gəldi. Yaşından, təcrübəsindən, ad-sanından, ədəbi statusundan asılı olmayaraq, bütün istedadlı insanların üzünə açdı jurnalın qapılarını. Son illərdə yaranan ən yaxşı əsərlər, əvvəllərdə olduğu kimi, yenə də "Azərbaycan" jurnalının səhifələrində dərc olundu, hətta jurnala müxalif yazılarla çıxış edən, deyinən, jurnalı bəyənməyənlərə də yer verildi. Narazı səslərin müəllifləri də anladılar ki, ən etibarlı ədəbi səhifə açılıb-bağlanan internet saytları, portalları deyil, məhz "Azərbaycan" jurnalıdır. Əslində ,bu qocaman jurnalda dərc olunmaq hər bir yazıçının istəyidir, amma istəmək azdır, buna layiq olan yazılar yazmaq gərəkdir.

Əlbəttə, jurnalın ayaqda qalmasında baş redaktorun peşəkar kollektivə ehtiyacı var. Odur ki, ölkənin məhz tanınmış ədəbi simaları jurnalın əsas komandasında çalışır. Baş redaktorun müavini, qüsursuz ədəbi zövqə malik istedadlı tənqidçi və ədəbiyyatşünas Südabə Ağabalayeva, tənqidimizin Belinskisi adlandırdığım görkəmli ədəbiyyatşünas alim, elmlər doktoru Vaqif Yusifli, nəsrimizin görkəmli və parlaq simaları Məmməd Oruc, Mübariz Cəfərli, poeziya şöbəsinin rəhbəri, görkəmli şair Qəşəm Nəcəfzadə, jurnalın məsul katibi, istedadlı gənc nasir Vüsal Nuru və başqaları jurnalın yaradıcı komandasının özəyidirlər. Məhz onların sayəsində jurnal uzun illər ərzində yaranmış, formalaşmış müsbət imicini, ədəbi reputasiyasını saxlaya bilir. Onu da tam əminliklə deyə bilərəm ki, məhz bu insanların sayəsində jurnala təqdim olunan heç bir yaxşı əsər geri qaytarılmır. Səbəb sadədir, hər bir ədəbi məcmuənin taleyi, nüfuzu onun səhifələrindəki əsərlərin keyfiyyəti ilə ölçülür. Odur ki hər bir mətbu orqan məhz yaxşı əsər sorağındadır, amma yaxşı əsəri tanıyan, duymağı bacaran peşəkarlarlara ehtiyac var. Bu sarıdan "Azərbaycan" jurnalıkorluq çəkmir.

Ən vacib olan məqamlardan biri də ədəbi jurnalın funksiya və spesifikasınının doğru-düzgün yerinə yetirilməsidir. Ədəbi jurnal nə qəzetdir, nə tənqid dərgisi, nə sürüşkən başlıqlı yazılara qucaq açan internet saytı, nə də xəbər bülleteni. Ədəbi-bədii jurnalın, indiki halda "Azərbaycan"ın əsas vəzifəsi çağdaş ədəbiyyatımızın ümumi mənzərəsini konkret bədii əsərlər vasitəsi ilə göstərməkdir. Həmin mənzərənin təhlili, şərhi və qiymətləndirilməsi artıq tənqidin işidir.

Yubiley ili gələcək, bitəcək, onunla bərabər, yubiley bayramı və təbriklər də səngiyəcək, həyat isə davam edəcək, Azərbaycanımızın adaşı olan "Azərbaycan" jurnalı yaşının 101-ci ilinə qədəm qoyacaq. Uğurlu olsun!

 

 





13.12.2022    çap et  çap et