Dekabrın 16-da Bakıda növbəti dəfə “Böyük Hindistan” satış-sərgisinin açılışı olacaq. 525.az xəbər verir ki, hind məhsullarının təqdim olunacağı sərgi dekabrın 26-dək davam edəcək.
Hindistanın müxtəlif vilayətlərindən olan şirkətlər öz məhsullarını satış-sərgiyə çıxaracaq.
“Böyük Hindistan” sərgisinin təşkilatçısı, “AVM Expo İndia” şirkətinin prezidenti Aşok Şarmanın sözlərinə görə, Şərq Bazarında açılacaq sərgidə əl işləri, eyni zamanda düyü, çay, ədviyyatlar, şərab, bundan əlavə əl işi olan mebellər, geyim nümunələri, qadınlar üçün bəzək əşyaları, suvenirlər və s. sərgilənəcək. Sərgidə təxminən 35-40 tanınmış şirkətin iştirakı gözlənilir.
“Şirkətlər ölkəmizin fərqli regionlarını təmsil edir. Məsələn, Racəstxan, Munbay, Dehli və sair bölgələrindən gələcək şirkətlərin hər biri belə demək mümkündürsə, Bakıda öz yerli milli mədəniyyətlərini təqdim edəcəklər ”, - Şarma bildirib.
Məhsulların satış qiymətinə gəlincə, onun sözlərinə görə, maksimum aşağı qiymətlərlə keyfiyyətli mal təklif etmək niyyətindədirlər. Məsələn, firmasından asılı olaraq yarım kilo çay 15-20 manata satışa çıxarılacaq. Amma bütün hallarda alıcıya yüksək keyfiyyətli məhsul təklif ediləcək.
“Təxminən 500 kilo çay, bir o qədər düyü satışda olacaq. Gələcəkdə daha çox və daha geniş çeşiddə məhsullar təqdim etməyi düşünürük. Çalışacağıq ki, 10 gün ərzində bütün məhsulları sataq. Satılmayacaq məhsulları Bakıdakı xüsusi anbara yığacağıq və qismət olsa, mart ayında planlaşdırdığımız növbəti sərgidə yeni gətirəcəyimiz məhsullarla birlikdə təkrar satışa çıxaracağıq”, - o deyib.
Gələcəkdə Azərbaycanın bölgələrində, o cümlədən ölkənin ikinci iri şəhəri olan Gəncədə, Qəbələdə satış-sərginin təşkili planlaşdırılır.
Pərvanə Sultanova
çap et