525.Az

İran və Çin arasında 16 layihə üzrə ilkin razılaşma imzalanıb


 

İran və Çin arasında 16 layihə üzrə ilkin razılaşma imzalanıb<b style="color:red"></b>

İranın iqtisadiyyat naziri İhsan Handuzi bildirib ki, 25 illik hərtərəfli əməkdaşlıq sazişi çərçivəsində İran və Çin arasında enerji, neft, təbii qaz, müştərək investisiyalar, valyuta mübadiləsi, strateji tranzit keçidləri və limanlarla bağlı 16 müxtəlif layihə üzrə ilkin razılaşmalar imzalanıb.

525.az xəbər verir ki, Çin Baş nazirinin müavini Hu Çunhua və yüksək səviyyəli nümayəndə heyəti İrana səfəri çərçivəsində paytaxt Tehranda İranın vitse-prezidenti Məhəmməd Məkbər və İran rəsmiləri ilə görüşüb.

İclasla bağlı İran mətbuatına açıqlama verən İranın iqtisadiyyat naziri İhsan Handuzi isə iki ölkə arasında imzalanan 25 illik hərtərəfli əməkdaşlıq müqaviləsinin dəqiqləşdirilməsi və anlaşmanın daha sürətli olması üçün ekspert heyətləri arasında görüşlər keçirildiyini bildirib. Handuzi iki ölkə arasında görüşlər üçün 4 fərqli komitənin yaradıldığını və iqtisadiyyat sahəsində də ilk iclasın artıq keçirildiyini qeyd edib.

İmzalanan 16 ilkin razılaşmanın Çin Dövlət Başçısı Si Cinpinlə İran Prezidenti İbrahim Rəisi arasında keçiriləcək görüşdən əvvəl yaxşı bir hazırlıq olduğunu qeyd edən Handuzi: "İki ölkə bütün beynəlxalq təzyiqlərə və sanksiyalara baxmayaraq ticarət əlaqələrini yaxşılaşdırmaq istəyir. Çinlə ticarətimizdə 20 faiz artım var və 2023-cü ildə bunu daha da artırmaq istəyirik”, - deyə o bildirib.

Fərid Sançar

 





13.12.2022    çap et  çap et