525.Az

Bu aksiya yeni mübarizə formaları ortaya qoyacaq


 

Bu aksiya yeni mübarizə formaları ortaya qoyacaq<b style="color:red"></b>

Artıq bir neçə gündür QHT nümayəndələri və eko-fəallar Şuşa-Xankəndi yolunu bağlayaraq etiraz aksiyasına başlayıb. Buna səbəb isə sülhməramlıların nəzarəti altında olan ərazilərdəki yataqların qanunsuz istismarı, habelə Azərbaycanın həmin bölgələrdə ekoloji monitorinq keçirməsinə icazə verilməməsi olub. Lakin bu sadalananlar sülhməramlıların etdiyi qanunsuzluqların kiçik bir hissəsidir. Rusiya sülhməramlıları Qarabağda olduqları müddət ərzində sülh yaratmaqdan başqa hər işi görür, Xankəndidə təşkilatlanmış separatçılara hər cür dəstək və yardım göstərirlər. Ötən iki il ərzində Qarabağdakı separatçıları tərksilah etməyən, üçtərəfli sazişin müddəalarını yerinə yetirməyən sülhməramlılar bu addımları ilə Azərbaycan ictimaiyyətini əmin etdilər ki, onların oraya göndərilməsinin məqsədi sülhyaratmaq deyil. Rusiya sülhməramlılarının bu gün üzləşdikləri hadisə də onlara qarşı formalaşmış narazılığın hansı səviyyəyə gəldiyini açıq şəkildə ortaya qoyur.

Keçirilən bu dinc aksiya regionda hansı yeni proseslərə yol aça, Rusiya-Azərbaycan münasibətlərinə necə təsir göstərə bilər? Politoloq Qabil Hüseynlinin "525"ə bildirdiyinə görə, bu  aksiya yeni mübarizə forması ortaya qoyacaq: "Bu aksiya xalqın adı ilə bağlı olan aksiyadır. Xalq öz iradəsini ortaya qoyur və öz torpaqları üzərində suverenliyini həyata keçirməyə qadir olduğunu sübut etməyə çalışır. Bu, bir ovuc separatçıya qarşı, onları müdafiə edən Rusiya silahlı qüvvələrinin əsgərlərinə qarşı ortaya qoyulan iradənin yalnız bir hissəsidir. Bu, həm də xalqı torpaqlarımız uğrunda mübarizəyə çağıran böyük həmlənin başlanğıcıdır. Əlbəttə, bu aksiyalar yeni mübarizə formaları ortaya qoyacaq. Əgər ermənilər, xüsusilə Xankəndidə olan separatçılar orada toplaşmış insanlara qarşı təxribat törətməyə cəhd etsələr, bu, ciddi qarşıdurmaya səbəb olacaq və bu qarşıdurma Azərbaycanın öz suverenliyini bərqərar etmək uğrunda mübarizəsinin başlanğıcı olacaq. Əlbəttə, qarşıda Rusiya var, Rusiya ilə ya dil tapmaq və yaxud da bu mümkün olmadıqda qəti mübarizəyə qalxmaq məsələsi də gündəmə gələ bilər".

Qabil Hüseynli həmçinin Rusiyanın Ukraynada düşdüyü vəziyyətdən də danışıb. O, qeyd edib ki, Rusiyanı Ukrayna tərəfindən böyük bir həmlə gözləyir və bu da ona səbəb olacaq ki, Rusiyanın Qarabağda həyata keçirmək istəyəcəyi məkrli planlar da baş tutmayacaq: "Hər halda Rusiyanın Ukraynadakı məğlubiyyətinin tezləşməsi bizim gücümüzün və qüdrətimizin artmasına təkan verə bilərdi. Hələ ki bu proseslər, yəni Ukrayna-Rusiya müharibəsində müəyyən qədər səngimə var, amma bu səngimənin çox yaxın müddətdə Ukrayna tərəfindən böyük həmləyə çevriləcəyini gözləmək mümkündür. Ukraynada ciddi məğlubiyyətə uğrayan Rusiya, Cənubi Qafqazda, xüsusilə Qarabağda hər hansı bir məkrli niyyətini həyata keçirməyə çalışsa da, onu həll edə bilməyəcəyinə inanmaqdayıq. Çünki yanımızda qardaşımız Türkiyə var, Azərbaycan xalqının yenilməz iradəsi var. O da məlumdur ki, bu bölgədə bütün proseslərin başında həmişə Rusiya dayanıb və son zamanlar Fransa da bu prosesə qoşulub, amma Fransanın burada hər hansı bir təxribat törətməsi demək olar ki, mümkünsüzdür. Rusiyaya gəlincə, onunla  ya diplomatik yolla dil tapmağa çalışacayıq, bu baş tutmasa, Azərbaycan bütün qırmızı xətlərin keçildiyi bir ərazidə öz suverenliyini bərpa etmək üçün lazımi mübarizə formalarından istifadə edəcək. Daha bundan artığına dözmək mümkün deyil".

Fərid SANÇAR

 





14.12.2022    çap et  çap et