Dekabrın 8-9-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Bursa Böyük Şəhər Bələdiyyəsi tərəfindən Bursa şəhərində Şuşa Günləri adlı silsilə tədbirlər keçirilib. Bursada Şuşa Günləri çərçivəsində Xurşidbanu Natəvana həsr olunan ədəb-bədii gecə, "Natəvan" sənədli filminin təqdimatı, İlyas Əfəndiyevin "Qarabağnamə" və Elçinin "Baş" əsərləri əsasında Bakı Bələdiyyə Teatrı tərəfindən hazırlanan tamaşanın təqdimatı gerçəkləşib.
Şuşa, ümumilikdə Azərbaycan Mədəniyyətinin Bursadakı geniş təqdimatı haqqında danışan Fondun Prezidenti Günay Əfəndiyeva bildirib: "Bursada keçirilən Şuşa Günlərində iki qədim şəhər - Bursa və Şuşa görüşdü, birləşdi. Bu, iki şanlı keçmişin, şanlı tarixin, zəfərlərin vəhdətidir. Bu təşəbbüs vaxtilə Ulu öndərimiz Heydər Əliyev tərəfindən söylənilən və artıq kəlama çevrilən "Bir millət, iki dövlət" fəlsəfəsinin bariz nümunəsidir. İlk dəfə olaraq Azərbaycandan kənarda, bizim doğma Türkiyəmizdə "Şuşa Günləri" keçirilir. Bu günlərin 2022-ci il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" seçilən Bursada təşkil olunması da xüsusi əhəmiyyət kəsb edir. Bursada "Şuşa Günləri"nin keçirilməsi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsüdür. Çox qürurverici haldır ki, bu təşəbbüs Türk dövlətləri başçıları tərəfindən imzalanan və Türk Dövlətləri Təşkilatının Səmərqənd Zirvə Görüşündə qəbul olunan bəyannaməsində də öz əksini tapıb. Şuşa Günlərinin keçirilməsində əsas məqsəd iki qardaş dövləti - Azərbaycan və Türkiyəni yenidən bir araya gətirmək, bütün Türk dünyasının birliyini daha da inkişaf etdirməkdir. Burada keçirilən tədbirlərin məqsədi Qarabağın mədəniyyətini, Şuşanın incəsənətini, mədəni irsini dünyaya tanıtmaqdır. Biz artıq bu coşqunu, bu gözəlliyi 2023-cü ildə Şuşada görəcəyik".





Silsilə tədbirlərdən növbətisi "Qarabağ" Qadın Milli Geyim Kolleksiyasının nümayişi olub. Mərasimdə tanınmış modelyer-dizayner, Azərbaycan Milli Geyimlər Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovaya məxsus milli geyim kolleksiyası nümayiş etdirilib. Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva gələn il "Türk dünyasının mədəniyyət paytaxtı" statusunu layiqincə daşımağa və ziyarətçiləri qarşılamağa hazırlaşan Şuşa şəhərinin zəngin tarixi və mədəni mirasının tanıdılmasına fond olaraq töhfə verməyin qürurunu hiss etdiyini bildirib.
Əsrarəngiz gözəlliyi ilə insanları valeh edən Azərbaycan milli geyimləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Nümayişdən sonra çıxış edən Gülnarə Xəlilova tədbirə dəvətə görə təşkilatçılara minnətdarlığını bildirib.
Azərbaycanın milli geyim mədəniyyətinin dünyada tanıdılmasına, eləcə də gələcək nəsillərə çatdırılmasına töhfə verməsinə görə qürur hissi keçirdiyini deyən modelyer kolleksiyada Qarabağın bölgələrinə aid ornamentlərin yer aldığını diqqətə çatdırıb. Nümayişdən sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən modelyerə xüsusi hədiyyə təqdim edilib.
"Şuşa günləri" çərçivəsində Fondun təşkil etdiyi növbəti tədbir "Yeddi Gözəl" musiqi qrupunun konserti olub. Konsert proqramı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Bursa Böyükşəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub. Qeyd edək ki, Fond tərəfindən yaradılan "Yeddi Gözəl" musiqi qrupu Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, eləcə də Macarıstan olmaqla yeddi ölkəni təmsil edən istedadlı və peşəkar qadın musiqiçilərdən, sənətçilərdən ibarətdir. Qrupun dirijoru və solisti Azərbaycanın Əməkdar artisti, bəstəkar və pianoçu Turan Manafzadədir.
Konsert proqramında türkdilli xalqların musiqiləri ilə yanaşı Turan Manafzadənin ifasında Azərbaycan mahnıları da ifa edilib. Proqram tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Konsertdən sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi qurum adından qrup üzvlərinə xüsusi plaketlər təqdim edib.
Digər bir tədbir isə Reza Deqatinin Qarabağ mədəniyyətini əks etdirən "Azərbaycanın incisi Şuşa" fotosərgisinin təqdimatı olub. Sərgiyə Fondun prezidenti Günay Əfəndiyeva, ölkəmizin İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva, Bursa Böyükşəhər bələdiyyəsinin sədri Alinur Aktaş, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayev, Bursa valisi Yakup Canbolat və digərləri baxıblar.
Sonra Fondun prezidenti Günay Əfəndiyeva rəhbəri olduğu qurumun adından Reza Deqatiyə təşəkkür plaketi təqdim edib.
Silsilə tədbirlərin sonunda, bağlanış mərasimində Bursa Böyükşəhər Bələdiyyəsi tərəfindən təşkil olunan konsert proqramı zamanı "Türk dünyasının mədəniyyət paytaxtı" statusu Türkiyənin qədim şəhəri olan Bursadan Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya təhvil verilib.
çap et