525.Az

Çukurovadan Turana gedən yollar - Həcər yazır


 

"DÜNYA DURACAQ YER DEYİL, EY CAN, SƏFƏR EYLƏ..."

Çukurovadan Turana gedən yollar - <b style="color:red"> Həcər yazır</b>

Səfərlər insanı - ruhunda səyahət istəyi olan insanı həmişə cəlb edib. Dünyanı gəzib görmək istəyi adamı rahat qoymur. Ulu babalarımın İrəvandan başlayan ticarət səfərləri Hindistanda, Çində bitib. Bəlkə də, onların uzun əsrlər boyu etdiyi səyahətlərdən qanda yaranmış genetik kodlar bizə də ötürülüb, nə bilim axı. Bu səfərlər dəvətli olsa, dövlət tədbirləri səviyyəsində olsa, daha yaxşı, yəni halvaçı qızı lap şirin. Adanaya keçənilki səfər haqda yazmışdım. İlk dəfə olduğu üçün bəzi detalları nəzərdən qaçırmış, mövzuya bir qədər səthi yanaşmışdım.

Noyabrda Çukurova Ədəbiyyat Dərnəyinin (ÇED) dünya türk yazıçı və şairlərinin VII görüşünə dəvətini alanda iki tirəli qalmışdım. Anam danladı: çağırırlar, get, naz yeri deyil, ərinmə. Allahın qarşına çıxardığı şanslardan üz döndərmə. Səfər üçün təklif olunan maddi vəsaiti (pul) və yol pulu, orada qalacağım günləri, gəzəcəyimiz şəhərləri, qidalanma, otel-filan - hamısını hesabladım. Tələb olunan vəsait mənə çəkilən xərcdən çox az idi, əlverişli səfərdi. Dünya türkləri ilə olacaq görüşlərimiz isə daha cəlbedici idi. Dərhal razılaşdım.

Ayın 23-də Bakıdan qanadlanan təyyarəmiz gecə 8-in yarısında Ankaraya çatdı. Şəhər keçənilki kimi soyuq deyildi, mülayim, ilıq bir hava vardı. Türkiyə səfərləri həmişə öz doğma vətənimə olan səfərlər kimi munisdir. Düşünmüşdüm ki, Məhəmməd Əmin Rəsulzadənin qəbrini ziyarət etməyə imkan olacaq. Qəriblikdə, vətəndən uzaqda uyuyan soydaşlarımızın əbədi mənzilinə qarşı içimdə bir vətəndaş qayğısı, ziyarət etmək borcu həmişə olub. Gecə vaxt olmadığı üçün ziyarət edə bilmədik, təəssüf, arzum ürəyimdə qaldı. Böyük adamımızın ruhundan üzr istədim,   Çukurovanın mərkəzi şəhəri Adanaya yola düşdük.

Çukurova tropik qurşaqda yerləşir. Şimaldan Kayseri, şimal-şərqdən Qəhrəmanmaraş, şərqdə Osmaniyə, cənub-şərqdə Atay, cənubda Aralıq, cənub-qərbdə Mersin, qərbdə Niğdə ilə əhatələnmiş böyük bir bölgədir. Əhalinin sıxlığına görə Türkiyənin altıncı bölgəsidir. 15 ilçə, 16 bələdiyyə, 508 kənddən ibarətdir. Adana Çukurova bölgəsində yerləşir və buranın başkəndidir. Bu bölgə tarixən luvilərin, arzavaların, xetlərin, assuriyalıların, fars və yunanların, selevki, kilikiyalı, romalı və bizanslıların, Abbasilər dövlətinin, səlcuqların, məmlüklərin, ramazanoğullarının, nəhayət, osmanlıların hakimiyyəti altında olmuşdur. Siyahıdan görünür ki, bölgənin başı həmişə qeylü-qalda, həyatı döyüşlərdə keçmişdir. 1922-ci ildə fransızların çəkilib getməsi ilə bölgə öz həqiqi sahibinin - Türkiyə Cümhuriyyətinin torpaqlarına qatılmışdır. 2004-cü ildə 5 ilçə şəhər bələdiyyələri təsis edilərək Adana şəhər inzibati ərazisi xeyli genişləndirilmişdi.

Bəzi məlumatlara görə, Adana toponimi e.ə. XVI-XIV əsrlərdə Hett imperatorluğu dövründə Kiçik Asiyada mövcud olmuş Kizzuvatna krallığına aid Adanya adlı şəhərin adından yaranmışdır. Bir çox mənbələr isə qeyd edir ki, Adana sözü başlağıcını mifologiyadan götürüb. Bizanslı Etienin qeydlərinə görə, şəhər Göy tanrısı Uranın iki oğlu Adan və Sarın Tarsus xalqı ilə müharibələrindən sonra Adanın şərəfinə Adania adlandırılmışdır. Şəhər e.ə. 1650-ci ildə Boğazkənd yazılarında "Uru Adania" olaraq qeyd edilib. E.ə. VIII əsrdə yaşamış yunan şairi Homerin "İliada" poemasında şəhərin adı Adana kimi xatırlanır. Bəzi yazılarda Erdene, Edene, Ezene, Azana və  Batana kimi adlara da rast gəlmək olur. Azərbaycan toponimlərinin lüğətində adana/adına/aduna toponiminin axtalanmış dəvə, at ilxısı, at saxlanan yer mənalı izahına əsasən şəhərin adının ilxı, at saxlanılan yer kimi izahı da vardır. Bir çox toponimlərin etimoloji təhlilindəki müxtəlif versiyalar onların dəqiq izahını verməkdə çətinlik yaradır. Nə cür izah olunmasından asılı olmayaraq, Adana bir türk bölgəsi, dünya gözəli türk şəhəridir və onu sevmək hər bir türk üçün fəxarətdir. Verimli torpaqları, gözəl havası olan və Aralıq dənizinin sahilində yerləşən Adanada yaşamaq isə türklər üçün böyük şansdır.

Çukurova bölgəsi tarixən ən qədimdən insan məskəni olmuşdur. Xet dövlətinə aid kitablara əsasən, buranın tarixi Kizuvatna krallığı ilə başlayır. Adanadan 40 km şərqdə arxeoloji qazıntılar zamanı üzə çıxan məskənin in Kizzuvatna krallığının paytaxtı Kummannı şəhəri olduğu güman edilir. Bu krallıq e.ə. 1335-ci ildə xetlərin himayəsinə keçmiş, Xet dövləti e.ə. 1191-1189-cu illərdə buraya axın edən qərblilər tərəfindən  süqut edildikdən sonra hakimiyyəti Kue krallığı ələ keçirmişdir. Zaman-zaman müxtəlif krallıqların - Assuriya, Kilikiya, Əhəmənilər, Makedoniyalı İsgəndər, Selevkilərin, dəniz quldurlarının hakimiyyəti altına keçən Çuxurova inkişaf dövrünə romalıların hakimiyyəti zamanı qədəm qoymuşdur.

Roma və Bizansın hakimiyyəti dövründə ticarət mərkəzinə çevrilən Adana 704-cü ildə Əməvilər xilafəti tərəfindən işğal edilir. Abbasi xəlifəsi Harun ər-Rəşid Adana qalasını bərpa etdirir və bura IX əsrdə mədəniyyət və ticarət mərkəzinə çevrilir. Bu zaman bölgəni Yazman adlı türk sərkərdəsi idarə edirdi. Bir qədər sonra bölgəni Misirdəki Tulunilər sülaləsi ələ keçirdi. Abbasilərin zəifləməsindən istifadə edən Bizans dövləti X əsrdə Adananı işğal edir. 1071-ci il avqustun 26-da Malazgird döyüşündə bizanslıları darmadağın edən Səlcuq sultanı Alparslan imperator Roman Diogeni əsir alır və bölgəni ələ keçirir. Bu dövrdə Çukurovaya türklər köçürülür və Adananın türkləşməsi o dövrdən sürətlənir. 1097-ci ildə səlib yürüşləri zamanı Adanada Səlcuqların hakimiyyəti sona çatır. XIV əsrdə buranı ələ keçirən Misir Məmlük sultanlığı bögəyə kütləvi şəkildə türkmənləri köçürməyə başlayır.

1352-ci ildə Yüreğir boyundan olan Ramazan bəy Yüreğir paytaxtı Adana olan Ramazanoğulları bəyliyinin əsasını qoyur. 1517-ci ildə Osmanlı sultanı I Səlimin Misir yürüşündə Ramazanoğulları bəyliyi Osmanlıların hakimiyyətini qəbul edir və 1608-ci ilədək buranı idarə edir.

1672-ci ildə Osmanlı imperiyasına qarşı Misirdə üsyan qaldıran Məhəmməd Əli Paşa bölgəni ələ keçirir və Adananı Misir ordusunun qərargahına çevirir. 1840-cı ildə London müqaviləsinə əsasən Adana  Osmanlılara geri qaytarılır. 1886-cı ildə Mersin-Adana dəmir yolunun istifadəyə verilməsi ilə Adananın çiçəklənməsi dövrü başlayır. I Dünya müharibəsi dövründə Tavr və Gavurdağı tunelləri vasitəsilə çəkilən  Bağdad dəmiryolu ilə şəhər İstanbul və Suriya arasında körpü rolunu oynayır.

Adana tarixən bir çox türk bölgələri, dövlətləri kimi qanlı-qadalı döyüşlərin mərkəzinə çevrilmiş, əldən-ələ keçmişdir. Bölgənin əlverişli iqlimi, məhsuldar torpaqları və coğrafi mövqeyi düşmənlərin daim diqqətini çəkmişdir. I Dünya müharibəsi illərində ölkənin bir çox torpaqları düşmənlər tərəfindən işğal edilmişdir. 1918-ci ilin 31 oktyabrında Mustafa Kamal Atatürk alman komandan Liman Ven Sandersin başçılıq etdiyi orduya rəhbərlik etmək üçün Adanaya gəlir. Həmin ilin 23 noyabrında İstanbul hökuməti Adana əhalisindən şəhərin boşaldılmasını istəmiş, lakin yerli əhali buna etiraz etmişdi. 1918-ci ilin 24 dekabrında Mersin limanından Çukurovaya daxil olan işğalçılar Adananı işğal etdilər. Bundan sonra Adana və ətraf bölgələrə mənfur ermənilər köçürülməyə başlandı. Həmin illərdə Adanada yerli türklərə qarşı terror hökm sürürdü. Abdiağa fermasındakı qanlı hadisələr, sərhəddə türklərin kütləvi qırğınları, Daşkörpüdə  türklərin çarmıxa çəkilməsi Türkiyə tarixinin qanlı səhifələri idi. Buna görə Adana və ətraf  bölgələrdə türklər Kilikiya Milli Qüvvələr Təşkilatı yaratdılar. Təşkilat getdikcə güclənərək 1920-ci ilin fevralından düşmən üzərinə hücum edərək Tavr dağlarında fransızları məğlub etməyə başladı. Fransız komandan Mehil əsir alındı. 28 may 1920-ci ildə fransızlar Mersin-Adana xəttinə geri çəkilmiş, Çukurovanın şimalını tərk etmişdilər. Bundan sonra vəhşiləşən erməni vandalları 10 iyun 1920-ci ildə türklərə qarşı soyqırımına başladılar. 5 avqust 1921-ci ildə Mustafa Kamal Paşa, millət vəkilləri Pozantıda konqresə toplaşdılar. Nəhayət, 20 oktyabr 1921-ci ildə Ankarada Fransa Türkiyə ilə sülh müqaviləsi bağlamağa məcbur oldu və TBMM hökumətini rəsmən tanıdı. 5 yanvar 1922-ci ildə fransızlar gətirdikləri vəhşi erməniləri də özləri ilə götürərək Çukurovanı tamamilə tərk edib getdilər. Çukurova əbədi olaraq özünün əzəli-əbədi sakinlərinə miras olaraq qaldı. İndi burada o qanlı olaylardan qalma çoxlu tarixi izlər bölgənin şərəfli tarixindən xəbər verir.

Yazımı bu uzun tarixi hadisələrlə paralel verməkdə məqsədim var: insanların üzərində gəzdikləri torpaqların hansı tarixi keçərək bu günə gəlib çatdığını bilmələri yaxşıdır. Gələndə söz vermişdim ki, Çukurovanın tarixinə nəzər salıb  Azərbaycan oxucusu ilə  anış edəcəyəm.

Bizi Adanada ilk qarşılayan ÇED-in (Çukurova Edebiyyat Derneyi) başqanı Halisə xanım Tekbaş oldu. Civə kimi, qaynar, bir yerdə qərar tutmayan bu xanım çox şərəfli bir işin başlağıcını qoymuşdur: bu qədər ölkələrdən gəlmiş türk yazıçı və şairlərini bir araya gətirmək, onların gəzinti və tədbirlərini təşkil etmək, əlbəttə, o qədər asan iş deyil. Turan birliyi yolunda atılan addımları zamanla daha mətin olan ÇED  getdikcə daha çox şair və yazıçını öz ətrafında birləşdirir. Bu işdə Halisə xanıma Adana valisi Süleyman Elban bəy,  bələdiyyə başqanları, ilçe müdirləri yaxından yardım edirlər. Keçən il hamılıqla qərara almışdıq ki, bu il tədbiri Şuşada keçirəcəyik. Lakin təhlükəsizlik səbəbi ilə bu iş baş tutmadı. Bu günlərdə Qarabağa gedən yolumuzu kəsən "sülhməramlılar"ın özbaşınalığını gördükdə tədbirin Şuşada keçirilməsinin hələ vaxtı çatmadığını anladım. Onu da deyim ki, Adanada Şuşa ilə Adananı qardaşlaşmış şəhər elan etmək təklif olundu. Bu, çox möhtəşəm bir iş olardı.

Adanadakı ilk işimiz Atatürk parkında  Mustafa Kamal Atatürkün xatirəsini yad etmək oldu. Yerli hakimiyyət adamları ilə ilk görüşümüz də burada oldu. Adana valisi Süleyman Elban əfəndi qonaqları  salamlayaraq xoş arzularını bildirdi. Bir şeyə təəssüf etdim: Azərbaycandan gedənlərin sayı keçən ilkinə nisbətən az idi. Bu il Qazaxıstan və Qırğızıstandan gələnlər o biri ölkələrə nisbətən daha çox idi. Qazaxıstan və Türkiyə nümayəndələrinin tərkibində müğənnilər də vardı. Onların çıxışları hər dəfə coşqu ilə, gur alqışlarla qarşılanırdı.

Növbəti səfərimiz Seyhan bələdiyyəsinə oldu. Seyhan bələdiyyə başqan yardımçısı qonaqları salamladıqdan sonra konsert proqramı və türk ölkələrindən gəlmiş şair və yazıçıların çıxışları oldu. Bələdiyyə sədri Akif Kamal Akay qonaqların şərəfinə  böyük ziyafət verdi.

Ertəsi gün səfərimiz Karataş şəhərinə idi. Karataş Adanadan 49 km aralı, Seyhan və Ceyhan çaylarının arasında yerləşir. Qədimdə Ceyhan çayı Karataşın qərbindən dənizə tökülürdü. Sonralar çay məcrasını dəyişib və Bebeli boğazını yararaq İsgəndərun körfəzinə tökülür. Seyhan çayı başlanğıcını Baraj gölü, Ağyatan, Tuzlagölü, Aladağlarındakı Yeddi göllər və bir çox kiçik buzlaq göllərindən götürür.

Karataşa səfəri xüsusi həvəslə gözləyirdim. Çünki keçənilki səfərdə Aralıq dənizini görmədən qayıtmışdım. Şəhər Çukurovanın ən gözəl şəhərlərindən biridir.  Sakit, yaşıllıqlarla dolu, xoş bir bölgədir. Yol boyu geniş sahələrdə əkilmiş sitrus  bağları göz oxşayırdı. Mövsümü olduğu üçün yetişmiş bol meyvələr bağlara əfsanəvi bir gözəllik bəxş edir, narıncı meyvələrlə gəlin kimi bəzənmiş ağacların arası ilə dolaşmaq, o gözəl ətri ciyərlərimə çəkmək istəyimi güclə saxlayırdım. Karataşda  tədbirimiz Aralıq dənizinin sahilində, açıq səma altında hündür və böyük bir ərazidə xüsusi təşkil olunmuş restoranda baş tutdu. Necə gözəl, unudulmaz bir ortam idi. Oradan dənizi seyr etmək, Aralığın uzaq kıyılarına tamaşa etmək, bütün gözəlliklərini gözlərinlə ruhuna yığmaq ecazkar bir duyğu idi. Oxuyanlar, şeir söyləyənlər, tanışlıqlar - hər şey möhtəşəmdi. Tanış olduğumuz yeni  qardaş-bacılarla əməkdaşlıq etmək, gələcəkdə əsərlərimizi qarşılıqlı olaraq o ölkələrdə nəşr etdirmək şansımız çoxalırdı.  Tanışların içərisində Oljas Seleymenovun  nəvəsi, türkoloq-alim Erjan Alaştuqan bəy  daha dərin təəssürat yaratdı. Onun qədim türk dilləri, qazaxların qədim və orta əsrlər tarixi haqda söhbətlərini hamımız maraqla  dinləyirdik.

Karataşa çatan kimi gözdən yayınıb sahilə endim. Arzum vardı: Aralıqda əl-üzümü yudum. Bu, bir adət halını alıb, hansı görmədiyim dənizə, çaya rast gəlsəm,  mütləq əl-üzümü yumağa çalışıram.

Tarixi çox qədimlərə söykənən Karataş  e.ə. X əsrdə önəmli bir liman şəhəri olmuşdur. Şəhərin qədim adı Margasusdur. Buradakı ən qədim tarixi abidələr Afina teatrı və Afina məbədləridir. İki qədim Osmanlı abidəsi də bölgədə mədəniyyətlərin qovuşduğundan xəbər verir. Türkiyə qədim tarixi abidələri göz bəbəyi kimi qoruyur. Burda lap qədimdən tutmuş orta əsrlərəcən ellin mədəniyyətinə, yunan-Roma mədəniyyətinə aid tarixi abidələr qorunub saxlanılır. Karataş e.ə. 1900-cü illərdə Arvaza və Huri krallıqlarının, e.ə. 1530-cu illərdən sonra Hitit krallığının idarəsində olub. E.ə.1200-cü illərdə əvvəlcə Kue, sonra isə Assur krallarının idarəsinə keçən Karataşda tapılan qədim əlyazmaların çoxu Kue krallığına aiddir. Antik zamanlarda  Seyhan çayı boyunca uzanan ərazilərdə salınmış Mopsuhestia, Hemite və Asitavandaya şəhərlərinin qovşağında olan Karataş əlverişli coğrafi mövqeyi ilə fərqlənirdi. Şəhər əvvəlcə romalıların, sonra isə Abbasi xəlifələrinin hakimiyyəti altında olmuş, 1517-ci ildə Osmanlı dövlətinin idarəsinə keçmişdir. I Dünya müharibəsi illərindən sonra bir il burada fransızlar da ağalıq etmiş, amma Mustafa Kamal Atatürkün səyi nəticəsində azadlığına qovuşmuş, indi isə Aralığın sularına söykənib gözəl günlərini yaşayan, nağılvari gözəlliyi ilə göz oxşayan bir türk şəhəri olaraq hamını özünə heyran edir.  

Karataşda Misis körpüsünə səyahət qədim tarixə səyhət kimiydi. Körpü IV əsrdə Roma imperatoru Flavius Julius Konstantinusun zamanında tikilmişdir.  Qədimdə Adanadan Hələbə gedən yolun üzərində olan körpü 9 tağbənddən ibarətdir. Səlcuklular, Bizanslılar və səlib yürüşlərinə şahidlik etmiş körpü Ceyhan çayı kənarında olan, tarixi İpək yolunun üzərində Troyalı Mopsus tərəfindən salınmış əfsanəvi antik şəhər Misisin adını daşıyır.  Ramazanoğulları və Osmanlı dönəmində dəfələrlə şiddətli zəlzələlərə məruz qalsa da, öz möhkəmliyini, gözəlliyini qoruyub saxlamaqdadır. Bu körpü Loğmanın ölümə çarə bulduğu körpü kimi məşhur rəvayətlə bağlıdır. Rəvayətə görə, böyük Loğman ölümsüzlük dərmanını kəşf edir və onu yazdığı kağızı Misis körpüsündən keçəndə əlindən çaya düşürür. Körpü 1998-ci ildə yenidən restavrasiya olunmuş və hal-hazırda istifadədədir.

Ölkəmin, dövlətimin, torpağımn dəlicəsinə vurğunuyam. Bir ovuc torpağını dünyalara dəyişmərəm. Amma bilmədim, buralar niyə mənə belə doğma, munis, lap öz  vətənim kimi mehriban, doğma gəldi. Bəlkə, Aralığın o qumlu sahilləri, yüksəklikdən görünən dəniz mənzərəsi, o sıx şamlıqlar məndə dərin təəssürat oyatdığı üçündür, ya nədəndir, bilmədim. Bax elə bu dəqiqə, bu sətirləri yazan zaman bərk darıxdım o yerlər üçün.     

Karataşda da qonaqları bələdiyyə başqanı cənab Necib Topuz salamladı və qonaqların şərəfinə gözəl bir ziyafət verdi.

 

 





14.12.2022    çap et  çap et