525.Az

“Bir mən vardır məndə məndən içəri...” Səadət Əliyeva yazır


 

“Bir mən vardır məndə məndən içəri...”<b style="color:red"> Səadət Əliyeva yazır</b>

Yaşadığı ömür yolunda böyük hörmət-izzət sahibi olan, kamil insan, sədaqətli dost, vətənpərvər ictimai xadim, unudulmaz müəllim və qayğıkeş ailə başçısı kimi yaddaşlarda qalan Fazil Əsəd oğlu Məmmədovun haqq dünyasına qovuşması bizi möhkəm sarsıtdı. Cəmiyyətə xüsusi təqdimata ehtiyacı olmayan bu fədakar  insan cəmi 58 il ömür sürsə də, insanlığın ən yüksək  dəyərlərini öz xarakterində yaşadıb, şəxsiyyətini, mənliyini, ad-sanını və həyat prinsiplərini qoruya bildi...

İnsan xarakterinin formalaşmasında onun doğulub boya-başa çatdığı ailənin, mühitin rolu az deyil.  Hələ uşaqlığından  Fazil müəllimin boya-başa çatdığı halal ailə, əhatə olunduğu saf mühit onu daim haqqa, ədalətə tapınmağa, mübariz olmağa, ömrü ləyaqətlə başa vurmağa yönəltdi.

Fazil Әsәd oğlu Mәmmәdov 28 mart 1964-cü ildә Şamaxı rayonunda məmur ailəsində anadan olub. 1980-ci ildə Şamaxı rayonu C. Cəbrayılbəyli adına 5 nömrəli orta məktəbi əla qiymətlərlə bitirərək D.Bünyadzadә adına Azәrbaycan Xalq Tәsәrrüfatı İnstitutunun Maliyyә və kredit ixtisası üzrə tələbə adını alıb. İnstitutu bitirdikdən sonra, 1985-1987-ci illərdə Ukraynada hərbi xidmətdə olduğu dövrdə “Hərbi xidmətdə fərqlənməyə görə” fəxri döş nişanı ilə təltif olunub.

Fazil müəllim həm də Çernobıl veteranıdır. 1986-cı ildə Kiyev yaxınlığındakı Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzanın nəticələrinin aradan qaldırılmasında könüllü iştirakına və vacib dövlət tapşırıqlarının yerinə yetirilməsində göstərdiyi yüksək şücaətə və fədakarlığa  görə Ukrayna Çernobıl Birliyi tərəfindən  “Çernobıl Xaçı: Cəsarətli, Şərəfli, Humanist” ordeni ilə təltif edilib.

İxtisası üzrə mütəxəssis olmaq ən böyük arzusu idi, gələcəyə böyük ümidlə baxırdı. 1987-89-cu illәrdә Gәncә Sәnaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri vә Bakı Sәnaye-Tikinti Bankının Әmәliyyat İdarәsindә iqtisadçı vәzifәlәrindә böyük həvəslə çalışıb.   Fazil müəllimin pedaqoji ustalığı 1989-cu ildәn 1993-cü ilә qәdәr Maliyyә-Kredit texnikumunda müәllim, kafedra müdiri işlәdiyi müddətdə üzə çıxıb.  Sahib olduğu  peşəkarlıq və dürüstlük kimi keyfiyyətlər onun daha məsul vəzifələrə təyin olunması ilə nəticələnib. Bir-birinin ardınca 1993-cü ildә “Ünsal” Kommersiya Bankı İdarә Heyәtinin sәdri seçilib, 1994-cü ildә Aqrar Sәnaye Bankının Şәmkir şöbәsinin müdiri  vəzifəsində, 1995-1999-cu illәrdә Dövlәt Gömrük Komitәsinin Maliyyә-Tarif vә Valyuta Nәzarәti Baş İdarәsi rәisinin müavini vә rәisi, hәmin sahә üzrә Gömrük Komitәsi sәdrinin müavini vәzifәlərindә çalışıb. Bütün bu məsuliyyətli vəzifələrdə, istər məmur, istərsə də müəllimlik fəaliyyəti dövründə savadı, intellekti, ləyaqəti ilə  seçilən Fazil müəllim hər kəsin hörmətini, rəğbətini qazanıb. Yeni uğurlar, nailiyyətlər əldə edən gənc mütəxəssis qarşısına qoyduğu bütün vəzifələrin öhdəsindən layiqincə gəlib. Əldə etdiyi bütün uğurların  əsasında isə onun sadəliyi, mərdliyi, möhkəm iradəsi və yüksək peşəkarlığı dayanıb...

Nəhayət, Fazil müəllimin öz peşəsinə, çalışdığı məsul vəzifələrə və nəticə etibarilə, dövlətinə, xalqına olan sədaqəti Azәrbaycan Respublikasının Prezidenti Heydər Əliyevin də diqqətindən yayınmayıb. Xalqımızın taleyinin ən çətin və ziddiyyətli dövründə Azərbaycanın xilaskarı, Ulu öndərimizin fәrmanı ilә 1999-cu ildə Baş Dövlәt Vergi Müfәttişliyinin rәisi, 2000-ci il fevral ayının 11-dә isə yeni yaradılmış Azәrbaycan Respublikasının Vergilәr Nazirliyinə  ilk Vergilər naziri tәyin edilib.

2017-ci il tarixinə qədər bu vəzifəni yüksək səviyyədə icra edərək ləyaqəti, peşəkar vicdanı və vətənpərvərliyi ilə milli “mən”i şəxsi “mən”dən hər zaman uca tutub, dövlətə sədaqəti,  özünə hörməti şəxsi iddialarda deyil, uğurlu əməllərdə axtarıb. Bu xüsusiyyətlərinə və uğurlu fəaliyyətinə görə 2015-ci il fevral ayının 9-da Azәrbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsinə layiq görülüb.

Fazil müəllim  yüksək mənəvi keyfiyyətləri, təmənnasızlığı, qayğıkeşliyi, təvazökarlığı, prinsiplərinə sadiqliyi ilə daim ətrafındakıların, birlikdə çalışdığı, ünsiyyətdə olduğu insanların yüksək rəğbətini, ehtiramını qazanıb. Milli-mənəvi dəyərlərə bağlılıq, alicənablıq, kübarlıq, xeyirxahlıq kimi keyfiyyətlər onun ictimai obrazını tamamlayıb. Məhz bu keyfiyyətlərin sayəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  2015-ci ildə onu “Şöhrət ordeni” ilə təltif  edib.

2016-cı ildə  polkovnik hərbi rütbəsinə layiq görülüb.

Fazil müəllim həmçinin 2007-2018-ci illərdə Azərbaycan Güləş Federasiyasının,  2011-2021-ci illərdə  Azərbaycan Velosiped İdmanı Federasiyasının,  2007-2022-ci illərdə isə  Azərbaycan Otüstü Hokkey Federasiyasının prezidenti olub...

Üç övlad atası olan Fazil Məmmədov  ictimai-siyasi, işgüzar fəaliyyəti ilə kamil və yetkin şəxsiyyət olmaqla yanaşı, həm də son dərəcə qayğıkeş və diqqətcil və həssas ailə başçısı idi. O nəinki öz övladlarının, bütöv nəslin, ətrafındakı bütün gənclərin atası, bizim üçün isə el atası idi, bir obanın ağsaqqalı idi...

Onun doğmalarının, onunla ünsiyyətdə olanların, əməkdaşlıq edənlərin hamısı Fazil müəllimi belə tanıyırdı...

Fazil müəllimin daxili mahiyyəti zahirdə göründüyündən daha dərin və zəngin idi. Klassik ədəbiyyata, poeziyaya, müxtəlif elmlərə böyük maraq göstərən Fazil müəllim özü də sufilər kimi daxili aləmini tam açmırdı. Onun xarakterinin bu xüsusiyyətini düşünəndə böyük Yunis İmrənin bu kəlmələri yada düşür: “Bir mən vardır məndə məndən içəri”. Heyf ki, ömür vəfa etmədi, içindəkiləri, daxilindəkiləri tam anlamağa zaman çatmadı...

Lakin onun bizə örnək olan xarakteri, verdiyi öyüdlər, nəsihətlər daim yaddaşlarımızda qalacaq. Ondan dəfələrlə eşitdiyimiz “çalış yaşadığın həyatda şərəfini, ləyaqətini, insanlığını qoru! Dövlətinə, xalqına sədaqətlə, vicdanla qulluq et!” cümlələrinin  indi bizim həyat devizimizə çevrilməsinə heç bir şübhə yoxdur. Fazil Məmmədov şəxsiyyətinin ucalığı indi onun ailəsində və əhatəsində böyüyən, ömür yolunu davam edənlərin əməllərində özünü tapacaqdır.  

Səadət ƏLİYEVA
Azərbaycan Universitetinin rektoru

 





14.12.2022    çap et  çap et