525.Az

“Dağın içində nə var?”


 

BAKIDA TÜRK YAZIÇISI AYKUT ƏRTOĞRULUN KİTABI NƏŞR EDİLİB

“Dağın içində nə var?”<b style="color:red"></b>

“Mütərcim” Nəşriyyat və Kitab Evi müasir türk yazıçısı Aykut Ərtoğrulun “Dağın içində nə var?” adlı hekayələr toplusunu çapdan buraxıb.

Kitab Azərbaycan Yazıçılar Birliyi Tərcümə seksiyasının rəhbəri Kamran Nəzirlinin “Müasir Türk Nəsri” Layihəsi çərçivəsində nəşr edilib. Layihənin məsləhətçiləri Bakı Slavyan Universitetinin professoru Telman Vəlixanlı və Azərbaycan Yazıçılar Birliyinin İstanbul təmsilçisi, yazıçı, tərcüməçi İmdat Avşardır. Kitaba toplanmış hekayələri Azərbaycan dilinə Ruslan Abdullayev uyğunlaşdırıb. Nəşriyyat müdiri Rita Müslümovadır. 
“Dağın içində nə var?” müəllifin Azərbaycanda çıxan ilk kitabıdır, buraya Aykut Ərtoğrulun son illər yazdığı 15 hekayəsi daxil edilib.Kitabda müəllifin ən populyar hekayələri, o cümlədən, “Başlanğıcdakı sonsuz xoşbəxtlik”, “Atiyyənin ölüləri”, “Qəhrəmanın sonsuz səyahəti”, “Zəhranın min ikinci gecə nağılı”, “Ay”, “İki dünyanın ustası”, “Əsrin son çıxışı” əsərləri yer alıb. 

Qeyd edək ki, Aykut Ərtoğrul müasir türk nəsrinin postmodernist yazıçılarından hesab olunur. O 2008-ci ildən çeşidli yayınlarda hekayə və məqalələri ilə çıxış edir. “Keyfekader Kahvesi” adlı ilk hekayələr kitabı 2011-ci ildə Ömer Seyfettin Öykü Ödülü’nü alıb. “Mümkün Öykülerin En İyisi” adlı toplusu Türkiyə Yazarlar Birliyi tərəfindən 2013-cü ilin ən yaxşı hekayə kitabı seçilib. O, “Korkut Ata Ne Söyledi”,  “Acaibül Mahlûkat”,  “Seyyahlar ve Kaşifler” adlı kollektiv hekayə kitablarının da müəlliflərindən biridir. 2018-ci ildə “Necip Fazıl Hikaye-Roman Ödülü”nü qazanıb.Hazırda İstanbulda “Post Öykü” dərgisinin rəhbəridir, Zeytunburnu Kültür Sanat Mərkəzi tərəfindən düzənlənən “Türk Dünyası Öykü Festivali”nin kordinatorluğunu və TRT 2-də yayınlanan “Kelimeler ve Şeyler”adlı ədəbiyyat proqramını aparır. 

Kitabın tərtibçisi və redaktoru, filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli bu barədə açıqlamasında deyib:

“Mətbuatdan məlumdur ki, bu ilin yayında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllim başda olmaqla yazıçılarımızdan bir qrupu İstanbulda düzənlənən Zeytunburnu Türk Dünyası Beynəlxalq Öykü Festivalinda iştirak etmişdi. Məhz həmin günlərdə keçirilən bir sıra görüşlərdə ümumi fikir bu oldu ki, ədəbi əlaqələrimizi daha da gücləndirək, türk dünyası yazıçılarını daha geniş auditoriyaya tanıdaq, bu məqsədlə sistemli addımlar ataq. İndi Azərbaycan oxucusuna təqdim edilən kitab da bu addımlardan biridir. Məqsəd Azərbaycan oxucusunu müasir türk nəsri ilə tanış etmək, yeni nəsil postmodernist yazıçıları tanıtmaqdır. Belə layihələr qarşılıqlı olacaq və daha geniş coğrafiyanı əhatə edəcək”.
 

 





14.12.2022    çap et  çap et