Otuz ilə yaxın torpaqlarımızı işğalda saxlayan Ermənistan bütün təbii sərvətlərimizi talayıb, ətraf mühitə ölçüyəgəlməz zərər vurub, ekoloji terror törədib. Azərbaycan ərazilərini azad etdikdən sonra ermənilərin törətdikləri bütün cinayətləri, talanları, dağıntıları regiona səfər edən bir çox ölkələrin rəsmiləri, xarici dövlətlərin Bakıdakı səfirləri, diplomatları, ekspertlər, jurnalistlər öz gözləri ilə görüblər. Hər kəs də etiraf edib ki, bu miqyasda dağıntını, təbitə, ekologiyaya qarşı cinayəti ikinci bir yerdə görməyiblər. Təəssüf ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycanın ərazisində eyni talançılıq, ekoterror davam edir. Bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və "AzərGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət qrup əraziyə gedib, ekoloji monitorinqlər aparmaq istəsələr də, sülhməramlıların hərəkətsizliyi nəticəsində monitorinq baş tutmayıb.
Etiraz əlaməti olaraq isə vətəndaş cəmiyyətinin nümayəndələri, ekofəallar, QHT təmsilçiləri Laçın-Şuşa yolunda etiraz aksiyasına başlayıb. Aksiya iştirakçıları dinc şəkildə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarına, ekoloji vəziyyətin gərginləşməsinə etirazlarını bildirir, şüarlar səsləndirirlər. Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovla görüş və qeyri-qanuni istismar olunan Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxılmalarını tələb edirlər.
Ermənilərin törətdiyi ekoloji terror, təbitə, ətraf mühitə qarşı vəhşilik, meşələrin, flora və faunanın məhvi, çayların çirkləndirməsi təkcə Azərbaycana qarşı deyil, bütün dünyaya yönəlmiş bir cinayətdir, çünki nəticədə regionda ekoloji balans pozulub. Bu ekoloji terrorda isə xarici şirkətlərin, xüsusilə Qərb şirkətlərinin iştirakına dair çoxsaylı faktlar mövcuddur. Qızıl yataqlarının, dağ-mədən sənayesinin işlənməsində xarici şirkətlər iştirak ediblər. Ermənilərin ekologiyaya və təbiətə qarşı bu ağır cinayətləri ətraf mühit sahəsində müvafiq konvensiyaların kobud surətdə pozulmasıdır. Azərbaycan Ermənistanın ekoloji terror siyasəti ilə bağlı dəfələrlə müvafiq beynəlxalq təşkilatlara müraciətlər edib. Həmin təşkilatların ermənilərin ekoloji terror siyasətinə hələ də qiymət verməməsi ikili standartların təzahürüdür. Bütün hallarda isə Azərbaycan dövləti Qarabağın təbii sərvətlərinin ermənilər tərəfindən talanmasına və ekologiyamıza ziyan vurulmasına imkan verməyəcək. Guya Azərbaycanın Laçın dəhlizini bağladığına dair səslənən cəfəng iddialar isə heç bir halda həqiqəti əks etdirmir. Həqiqət budur ki, Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri, ekofəallar, QHT nümayəndələri qanunvericilikdə təsbit olunmuş hüquqlarından, xüsusilə sağlam ətraf mühitdə yaşamaq, sərbəst toplaşmaq, sərbəst hərəkət etmək, fikir və söz azadlığı hüquqlarından istifadə edərək hüquqların pozulmasına bilavasitə təsir göstərən ekoloji fəsadlara səbəb olan hallarla bağlı haqlı narazılıqlarını bildirirlər.
Deputat Vüqar Bayramov hesab edir ki, Rusiya sülhməramlılarının QHT nümayəndələrinin, eləcə də digər Azərbaycan vətəndaşlarının müvəqqəti yerləşdiyi əraziyə daxil olmasına imkan verməməsi beynəlxalq hüquqa və ölkənin suverenlik prinsiplərinə ziddidir. Üçtərəfli bəyanatda insanların hərəkəti ilə bağlı da hər hansı məhdudiyyət nəzərdə tutulmayıb: "İkincisi, ətraf mühitin qorunması ilə bağlı etiraz beynəlxalq hüquqa, BMT konvensiyalarına və eləcə də Azərbaycanın ərazi bütövlüyü prinsiplərinə uyğundur. Üçüncüsü, Ağdərə rayonunda yerləşən Qızılbulaq mis-qızıl yatağı Azərbaycanın ən böyük təbii ehtiyatlar ilə zəngin yataqlarından hesab olunur. Ehtiyatları 17,5 ton həcmində qiymətləndirilən yatağın işlənməsi ilə bağlı qərarı yalnız Azərbaycan dövləti ölkə qanunvericiliyi çərçivəsində həyata keçirə bilər. "Base Metals" MMC aldı erməni şirkəti 2013-cü ildən 2020-ci ilədək həmin yatağın mis-qızıl ehtiyatlarınl talayıb. Həmin müddətdə mədəndə hər ay 12 min ton filiz çıxarılıb və saflaşdırma kombinatında emal edilib. Konsentrat Ermənistana aparılıb, orada təkrar emal olunduqdan sonra tərkibində qızıl olan mis Avropa bazarına çıxarılıb. Bu şirkət Avstraliyanın "İnternational Base Metals Limited" şirkətinin törəmə müəssisəsidir və həmin ölkədə yaşayan erməni iş adamı tərəfindən qurulub. Yataqların mənimsənilməsi nəticəsində Azərbaycana dəyən ziyan yüz milyon dollarla ifadə olunur.
Dördüncüsü, son hadisə Zəngəzur dəhlizinin açılması məsələsini daha da aktuallaşdırır və Ermənistan üçtərəfli bəyanatdakı öhdəliyini nə qədər tez yerinə yetirərsə o qədər regionda stabillik daha tez əldə olunar".
"Ekosfera" sosial-ekologiya mərkəzinin əməkdaşı Jalə İsmayılova deyib ki, ekoloji etiraz aksiyasının hədəfləri dəyişməzdir: "Ərazilərimizdə faydalı qazıntı yataqlarının qanunsuz istismarının monitorinqinin keçirilməsini və onların talan edilməsinin qarşısının alınmasını tələb edirik. Bizim məqsədimiz sülhə nail olmaqdır.
Lakin təəssüflər olsun ki, Ermənistan mediasında Azərbaycanın guya bu yolu bağlaması və bununla da yaşayış məntəqələrində vəziyyəti mürəkkəbləşdirməsi kimi yalan məlumat yayılır. Biz təcili yardım maşınlarının və mülki avtomobillərin buradan keçməsinə kömək etməyə hazırıq. Sosial şəbəkələrdə biz bəzi ekofəalların əlaqə nömrələrini qeyd etmişik ki, kömək almaq məqsədilə bizimlə ünsiyyət qura bilsinlər. Lakin indiyədək heç bir müraciət daxil olmayıb".
Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli bildirib ki, QHT-ləri narahat edən və aksiyaya səbəb olan məqam Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazilərimizdə qeyri-qanuni iqtisadi fəaliyyət, konkret olaraq Qızılbulaq qızıl yatağında və Dəmirli mis-molibden yatağında qeyri-qanuni fəaliyyətlərə son qoymaq, eləcə də ətraf mühitə, ekologiyaya dəyən zərərləbağlı monitorinqin aparılmasına nail olmaqdır: "Hesab edirik ki, tələblər yerinə yetirilməyənə qədər etiraz aksiyası davam etməlidir".
Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin sədri Büllur Məmmədova deyib ki, aksiya davam edir, amma tələblər hələ də yerinə yetirilməyib: "Aksiyanın əsas səbəbi ərazimizdə ekoloji terrora son vermək üçündür. Burada QHT rəhbərləri, nümayəndələri və könüllü gənclər səsimizə səs verir. Aksiya iştirakçılarınn sayı hər gün artır. Bizim istəyimiz ondan ibarətdir ki, müvafiq qurumların nümayəndələri öz torpaqlarımızda ekoloji monitorinq aparsın. Bu təmin olunmayana qədər heç yerə gedən deyilik".
çap et