525.Az

"Türk dünyasında ərazi bütövlüyünü bərpa edəcək nöqtə varsa, bu, Güney Azərbaycandır"


 

MƏSUD HARAY: "MÜCADİLƏMİZDƏ QUZEY AZƏRBAYCANIN VARLIĞI ÇOX BÖYÜK TƏSİR VASİTƏSİDİR"

"Türk dünyasında ərazi bütövlüyünü bərpa edəcək nöqtə varsa, bu, Güney Azərbaycandır"<b style="color:red"></b>

"İranda etirazlar 90 günə yaxındır davam edir. Bu aksiya baş örtüsünə görə gənc qadının öldürülməsi, qadın haqlarının təmin edilməsi ilə bağlı başlasa da bir müddət sonra rejimi, hökuməti hədəf aldı. Bu, o deməkdir ki, bəlkə də 100 ildən artıqdır insanları əzmək, əsarət altında saxlamaq,  kimliyini əlindən almaq, assimilyasiyaya məruz qoymaq, İranın coğrafiyasındakı bütün millətləri istismar etmək siyasəti artıq davam edə bilməz. Bu, son illərdə ən uzun müddət davam edən etirazlardır. Bizim müşahidələrimiz budur ki, etirazlar davam edəcək". Bu fikirləri "525"ə müsahibəsində güneyli fəal və yazar Məsud Haray deyib.

Etirazların nə qədər davam edəcəyi və hansı nəticə ilə yekunlaşa biləcəyinə toxunan M.Haray hesab edir ki, rejim günü-gündən daha sərt, onun sonunu yaxınlaşdıran etirazlarla üz-üzədir. Amma ötən üç ay ərzində rejim dəyişikliyə səbəb olacaq heç bir addım atmayıb. Yəni fars molla rejiminin birbaşa öz analitikləri deyirlər ki, bir addım geri atsalar, digər addımları atmağa da məcbur qalacaqlar. Ona görə də əllərində olan bütün güclərdən - silahlardan, məhkəmədən, puldan istifadə edərək milləti tapdalamaqda, öldürməkdə, həbsxanalara salmaqda davam edəcək. Bu diktatorluq daha qanlı faciələrə gətirib çıxaracaq.

 

"Güney azərbaycanlılar arasında edam edilənlərin sayı daha çoxdur"

 

İranda insanların bütün haqları əlindən alınıb. Qadın azadlığı, onların başını örtməyə məcbur edilməsi bunlardan biridir. Bu yaxınlarda iranlı deputatlardan biri dedi ki, baş örtüsünə əməl etməyən xanımların bank hesabları belə bloklanacaq. Onların həyatını, yaşamını, iqtisadi durumunu nəzarətə alacaq addımlar atılacaq. Bunların hamısını nəzərə alsaq, düşünürəm ki, İran rejimi addım-addım dərənin dibinə sürüklənməkdənsə, birbaşa dərənin dibinə yuvarlanmağı seçib. Yəni bəlkə hansısa dəyişikliklərə getsəydi, rejimin ömrünün uzadılması, hökumətin devriləməsi zaman ala bilərdi. Lakin bunlar özləri birbaşa uçurumun zirvəsindən dərənin dibinə düşməyi seçiblər. Bu nə zaman baş verəcək, onu gözləmək lazımdır. Düşünürəm ki, rejim bir günün içində özü-özünü bitirəcək.

Rejim etirazların qarşısını alacaq kifayət qədər gücə malik deyil. Gedişata baxdıqda bunu söyləmək olur. İrandan qaçan insanların sayı günü-gündən artır. Onların arasında hətta rejimin yaxın adamları, təhlükəsizlik qüvvələrinin - SEPAH-ın, Bəsic-in əməkdaşları da var. Biz onların bəzilərinin müxalif mövqeyinə keçməsini də görürük. Ölkədə bir çox tanınmışlar, o cümlədən, sənət adamları, musiqiçilər rejimi tənqid edir. Bu onu göstərir ki, rejim öz içindən parçalanır. Vəziyyət əlbəttə ki, rejimin xeyrinə deyil. Sərvət əldə edənlərin qısa müddətdə ölkədən qaçmaq imkanları olacaq. Bununla belə, onlar əməllərinə görə bir gün cavab verməli olacaqlar. Rejimin yalançı şiə düşüncəsinə inanan bəzi insanlar bunların oduna yanacaqlar.

Dediyim kimi, rejim islahata və ya dəyişikliyə getməyi deyil, etirazçılara qarşı çox sərt davranmağı seçib. Biz buna şahidik. Rejim gücləri edam etməkdən başqa bir çox insanı oğurlayıb gizli yerlərdə öldürürlər. Həmin insanların ölümləri naməlum qalır. Ailələri onları axtarır, hökumətə müraciət edəndə xəbərləri olmadığını deyirlər. Amma bir neçə həftə, bir ay sonra həmin adamların meyiti tapılır. Bədənlərində də işgəncə izləri aşkar edilir. Məsələn, birini qatarın altına atmışdılar. Ailələri etiraz edəndə isə onları qorxudaraq susdururlar. Arxa planda belə dəhşətli hadisələrlə üz-üzəyik. Etirazlar başlayandan hər gün insanları edam edirlər, son rəqəmlərə nəzər saldıqda görürük ki, Güney azərbaycanlılar arasında edam edilənlərin sayı daha çoxdur. Səbəb də güneylilərin çoxluq təşkil etməsi, etiraz gücləri, potensialları ilə yanaşı, onları qorxutmaqdır. Bizim bu edamlarda, təzyiqlərdə, arxa planda həyata keçirilən qətillərdə təəssüf ki, payımız çoxdur.

 

"Mücadiləmizin sonu Güney Azərbaycanın müstəqilliyi və bütöv Azərbaycandır"

 

Güney Azərbaycan milli hərəkatı adı ilə son 30 il ərzində farsların məhvetmə və assimilyasiya siyasətinə qarşı mücadilə başlayıb. Bu mücadilənin ilk illərində, ilk addımlarında dil, kimlik, türklük, tarix, musiqi və s. kimi məsələlərə çox önəm verilirdi. Birbaşa dil məsələsinə xüsusi əhəmiyyət verilirdi ki, dilimiz diri qalsın, ortadan qaldırılmasın, bunların siyasəti nəticəsində farslaşmasın. Eyni zamanda, federal, yaxud demokratik dövlətdən söhbət gedirdi. Bu gün isə biz müstəqil dövlət qurmağı qarşımıza məqsəd qoymuşuq. Eyni zamanda, bütöv Azərbaycan düşüncəsi gündəmdədir. Quzey Azərbaycanda gedən proseslər buna birbaşa təsir etdi. Mərhum Prezident Əbülfəz Elçibəyin, Ümummilli lider Heydər Əliyevin, bu gün isə hörmətli Prezident İlham Əliyevin Güney Azərbaycanı müdafiə etməsi birbaşa Güney Azərbaycan milli hərəkatına böyük təsir etmişdir. Bizim Azərbaycan adlı bir məmləkətimiz, dalğalanan bayrağımız, qardaşımız var. Bu, milli hərəkatda özünəinam yaradıb. Buna görə də bizdə tənhalıq hissi olmayıb. Hər zaman Azərbaycan düşüncəsi bizim içimizdə olub. "Bakı Təbriz" eynidir şüarı hər zaman səsləndirilib. Orda gedən proseslər, Qarabağın işğalda olması Güney Azərbaycanı çox təsirləndirmiş, dərin bir yaraya çevrilmişdir. Bu gün isə Azərbaycan güclü bir dövlətdir. Bu hərəkatın, mücadiləmizin alt qatında Quzey Azərbaycanın varlığı çox böyük bir təsir vasitəsidir. Ona görə də farsların bu qədər zorakılığına, zülmlərinə baxmayaraq mücadiləmiz davam etməkdədr və bunun sonu hər kəsə məlumdur - Güney Azərbaycanın müstəqilliyi və bütöv Azərbaycan qurulması. İran hər zaman Ermənistanı dəstəkləyib bununla da Qarabağ münaqişəsinin daha uzun müddət davam etməsini istəyib. Məni Birinci Qarabağ müharibəsindən sonra həbs etdilər. Sorğu edən dedi ki, tutaq ki, siz röyada Güney Azərbaycanı İrandan ayırdınız. Nə olacaq? Gördünüz ki, onlar müstəqillik dedilər, indi torpaqları ermənilərin əlindədir. Ermənilər orda ev qurub yaşayırlar. Tutaq ki, siz də İrandan ayrıldınız, onda torpaqlarınızı kürdlər ələ keçirəcək. Buna görə də susun və İran coğrafiyasında olmağa razılaşın, üstəlik təşəkkür edin. Bizə bunu aşılayıb, ümidimizi kəsmək istəyirdilər. Ancaq Güney Azərbaycanda da milli mücadilə getdi. Quzey Azərbaycan torpaqlarını azad etdi, İran bundan daha da narahat oldu, zəfər bizdə böyük özünəinam yaratdı. Biz bir millətik, eyni ruhu daşıyırıq, bu birlik, bütövlük davam edir.

Güney Azərbaycan mücadiləsi getdikcə uğurlara nail olur. Bu da bölgədə gedən inkişafla əlaqəlidir. Yəni türk dünyası, Quzey Azərbaycan, Türkiyə, Qarabağ zəfəri hamısı bizdə böyük motivasiyaya səbəb olub.

20 il əvvəl biz Urmiyada küçədə dayanıb insanların hansı dildə danışdığını müşahidə edirdik. Unutmaram ki, Urmiyanın ən mərkəzi küçəsində insanların 90 faizinin farsca danışdığına şahid olduq. Ondan 5-6 il sonra bunun tam tərsini müşahidə etdik. Yəni 95 faizdən çox insan öz dilimizdə - türkcə danışırdı. Milli hərəkatın gedişi ilə türkləşməyə, milli qayıdışa, öz mədəniyyətimizə, dəyərlərimizə sahib çıxmağa şahid olduq. Bu gedişat birbaşa Güney Azərbaycanın müstəqiliyinə və bəlkə də qısa zaman sonra alt qat hazır olarsa, bütöv Azərbaycan ideyasının gerçəkləşməsinə səbəb olacaq.

 

"Prezidentin bəyanatları Güney Azərbaycanda böyük ümid qaynağı oldu"

 

Prezident İlham Əliyevin Güney azərbaycanlıların müdafiəsinə dair bəyanatları, ana dilində təhsil almaq haqları barədə fikirləri Güney Azərbaycanda böyük bir ümid qaynağı oldu. Bilirik ki, cənab Prezident bütün var gücü ilə güneydəki soydaşlarımızı düşünür. Bütöv Azərbaycanın qurulacağına da əmindir. Biz də güneydə bu məsələdə bütün gücümüzlə mübarizə aparıb, canımızı fəda etməyə hazırıq. Prezidentə təşəkkür edirəm. Eyni zamanda, Azərbaycan mediasına bizim səsimizə çevrildiyi üçün təşəkkür edirəm. Azərbaycan türklərini çətin günlər gözləyir, buna görə də Güney istiqamətində çalışan bütün təşkilatları bir platforma altında birləşdirmək yaxşı olardı. Quzey Azərbaycan, bəlkə də Türkiyə bu addımı ata bilər Çünki qardaş dövlətlərin coğrafiyasında bu platformanın gerçəkləşməsi bizim ən böyük arzumuzdur. Avropa və ABŞ-da daha çox güney təşkilatları fəaliyyət göstərir. Onların türk torpaqlarına qayıtmasını, eyni zamanda 24 saat yayında olan televiziyanın olması və bunun Türksatdan yayılması da çox faydalı olardı. Çünki Güney Azərbaycanın ən böyük problemlərindən biri media məsələsidir. Bilirsiniz ki, media, informasiya savaşda əsas cəbhə hesab olunur. Ona görə də meda sahibi olmağımız önəm daşıyır.

 

"Düşmənlərin oyunlarını birlikdə pozmağa gücümüz var"

 

İran coğrafiyasında bir çox supergüclərin planları olduğu hər kəsə məlumdur. Qərbin layihəsi barədə danışırlar. Biz öz torpaqlarımızda müstəqil yaşamaq üçün mübarizə aparmalıyıq. Bu gün türk dünyasında ərazi bütövlüyünü bərpa edəcək nöqtə varsa, bu Güney Azərbaycandır. Ona görə də Türk Dövlətləri Təşkilatında dövlətsiz millətlər içində Güney Azərbaycan görmək bizm arzumuzdur. Bu təşkilatdan, Azərbaycandan, Türkiyədən xahişimiz budur ki, Güney Azərbaycanın səsi olsunlar.

Uzun yolumuz var və bu yolda davam etməliyik. Düşmənlərin bizə qurduqları oyunları birlikdə pozmağa gücümüzün olduğunu düşünürəm".

 

 





15.12.2022    çap et  çap et