AMEA Gəncə Bölməsində bu elm ocağının 2022-ci ildəki fəaliyyəti, onun tədqiqat, nəşr və təşkilati sahələr üzrə illik hesabatı müzakirə olunub.
AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev 2022-ci il ərzində respublikanın ikinci şəhərinin başlıca elm ocağının tərkibində fəaliyyət göstərmiş bütün təsisatların - Bioresurslar, Ekologiya və Təbii Ehtiyatlar, Aqrar Problemlər, Humanitar Tədqiqatlar, Diyarşünaslıq İnstitutlarının, Nizami Gəncəvi Mərkəzinin və Nəbatat Bağının illik hesabatlarının bir müddət əvvəl, ayrı-ayrılıqda dinlənildiyini və qəbul olunduğunu diqqətə çatdırıb. O, hazırkı toplantının yola saldığımız il ərzində AMEA Gəncə Bölməsində, ümumi konseptual baxımdan, qarşıda qoyulan vəzifə və tapşırıqların yerinə yetirilməsinin yekunlarına, həmçinin, qarşıdakı perspektivlərə həsr olunduğunu diqqətə çatdırıb.
Hesabat xarakterli çıxışlar da məhz bu müddəalar üzərində qurulub. Məruzələr və müzakirələr zamanı qeyd olunub ki, fəaliyyətini ölkəmizin ümumi inkişaf strategiyası üzrə mühüm dövlət sənədlərinin tələblərinə müvafiq qurmuş AMEA Gəncə Bölməsində hər zaman olduğu kimi, hesabat ilində də aktual elmi-texniki, iqtisadi, ekoloji məsələlərin həllinə, eləcə də humanitar-istimai mövzuların tədqiqi ilə mənəvi dünyamızın tərəqqisinə xidmət edən əhəmiyyətli işlər aparılıb.
2022-ci ildə AMEA Gəncə Bölməsi tərəfindən keçirilmiş respublika elmi-praktik konfranslarının və digər tədbirlərin əhəmiyyəti də yüksək qiymətləndirilib.
Yığıncağın gedişində AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda təşkil edilən "Müasir şəraitdə rəqəmsal iqtisadiyyat sektorunun formalaşdırılması və idarə edilməsi" mövzusundakı konfrans ilə onlayn bağlantı həyata keçirilib. Konfransa qatılan AMEA-nın Prezidenti, akademik İsa Həbibbəyli ştirakçıları salamlayaraq, onlara öz işlərində uğurlar arzulayıb.
Yığıncaqda AMEA Gəncə Bölməsində, bu elm ocağı üzrə aparılan tədqiqatların keyfiyyətinin yüksəldilməsi, əməkdaşların aktual mövzular üzrə elmi yanaşma tərzlərinin və araşdırma metodlarının səmərəliliyinin artırılması, onların daha fəal elmi mövqeyə təşviqi və bu hədəflərin əldə olunmasının stimullaşdırılması məqsədilə mütəmadi tədbirlərin keçirilməsinin əhəmiyyəti də vurğulanaraq, bu xüsusda Bölmənin Həmkarlar Təşkilatının dəstəyi ilə baş tutan - texniki və ictimai elmlər üzrə "2022-ci il üçün ən yaxşı elmi işçi" müsabiqəsinin yekunları da elan edilib. Müsabiqəyə 70-dən artıq tədqiqat işi təqdim edilib. Onların qiymətləndirilməsi məqsədilə iki elmi istiqamət üzrə komissiya yaradılıb. Komissiyanın qərarı ilə əməkdaşlar arasında 1-ci yerə texniki elmlər üzrə Naftalan neftinin tədqiqatları üzrə işlərinə görə Aişə Həsənova, ictimai elmlər üzrə isə tarixi araşdırmalarına görə Elnur Həsənov layiq görülüblər.
Müsabiqənin ilk yerlərini tutan 6 nəfər tədqiqatçıya fəxri fərmanlar və mükafatlar təqdim edilib.
Zakir MURADOV,
Gəncə
çap et