525.Az

Qadının 9 ayda bitməyən çiləsi - Şahanə Müşfiq yazır


 

Qadının 9 ayda bitməyən çiləsi - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

Hamilə qadınların bu dövrdə nə qədər həssas olduqlarını hamımız bilirik. Bətnində yeni bir can daşıma həyəcanı, hormonal dəyişmələr, psixoloji sıxıntılar, doğuş stressi və sair kimi təsirlər hamilə qadının bütün dünyasını dəyişir, duyğularını alt-üst edir. Onların gün ərzindəki duyğu dəyişmələri normal insandan dəfələrlə çoxdur. Xoşbəxt olduğu anda hüznlənə, hüznlüykən sevinə bilərlər. Əsəb gərginlikləri də öz yerində.

Nə yazıq ki, bu dövrdə və doğuşdan sonra qadınların bütün bunlarla yanaşı, məruz qaldıqları başqa stress mənbələri də var ki, bu da ətraf çevrənin sözləri, sualları, yersiz məsləhətləridir. Nə təsadüfdür ki, qarşındakının hamilə və ya yeni ana olduğunu bilən hər kəs başımıza ginekoloq, pediatr, doğuş və uşaq mütəxəssisi kəsilir. Hər kəsin bu mövzudakı sualı, sözü-sovu, məsləhəti bitmir ki, bitmir. Hamiləsinizsə, mütləq hamiləliklə bağlı olmazın versiyalar, təxminlər, suallar eşidəcəksiniz.

"Qarnın yumrudur, qız olacaq" və ya "qarnın dikdir, oğlan olacaq".

"Nar yemə, uşağın alnında ləkə yaranar".

"Təbii doğuş olacaq, ya əməliyyat?"

"Niyə təbii doğuş istəmirsən?"

"Əmizdirəcəksən?"

"Nə boyda olmusan, çox kökəlmisən".

"Çox yoxlanışa getmə, aparatların şüası uşağa ziyandır".

"Bu, hələ xoş günlərindir, uşaq olsun, sən onda görəssən əziyyəti".

"Özünü yuxusuz gecələrə hazırla".

"Filankəsin gəlnində ürəkbulanma olmamışdı".

"Filankəsin qızının ürəyi heçnə istəməmişdi".

"Filankəs uşağını filan həftəsində doğdu".

"Yemək yemirsən, qarnın çox balacadır, uşaqda problem var?"

"Qız olacaq, ya oğlan?"

"Mən hamilə olanda..."

"Onu yemə, bunu içmə, bunu geyinmə, bura getmə, ordan gəlmə" və sair və ilaxır.

Düz doqquz ay bu suallar, bu məsləhətlər, bu öncəgörmələr bitmək bilmir. Ana olmağa hazırlaşan, onsuz da dəyişən vücudunun, psixologiyasının dərdinə qalmağa imkan tapmayan qadın bir də bu təzyiqlərin altında əzildikcə əzilir. Əgər tez təsirə düşəndirsə, ömrünün ən gözəl çağının keyfini çıxarmaq əvəzinə indidən ana olmağın çətinlikləriylə boğuşur, ruhunu qorxular sarır.

Nəhayət, bütün bu keşməkeşli 9 ayı sonda qoyub, övladını dünya gətirməyin sevincinə varmaq istərkən, bu dəfə də başlayır "uşaq mütəxəssislərinin" yeni anaya tövsiyələri, onun analığını sorğulamaqları:

"Doğuş, ya əməliyyat?"

"Niyə normal doğuş etmədin?"

"Süd verirsən?"

"Uşaq ağlayır, bəlkə südün yetmir?"

"Qızdır? Eybi yox, İnşallah, oğlun da olar".

"Gecələr yatır?"

"Çox ağlayır?"

"Özün baxırsan? Baxa bilirsən?"

"Gözlərinin altı çöküb, yorğun görünürsən".

"Filan şeyləri ye, südün olsun".

"Filan şeyləri yemə, uşaqda köp yaradar".

"Uşağın əyni nazikdir, necə anasan?"

"Filankəsin uşağı axşamdan yatırdı, bir də səhər dururdu".

"Mənim uşaqlarım məni heç incitməyiblər".

"Uşaq yatdı, sən də yat".

"Uşaq yatandan sonra işlərini görə bilərsən".

Bu siyahını istədiyiniz qədər uzada bilərəm. Bu və bu kimi suallar, məsləhətlər sanki insanların dilinə yapışıb, başqa heç nə bilmirmiş kimi ya qadını sorğulayır, ya da öz aləmincə məsləhətlərini sıralayır. Kimsə bu qadının nə düşündüyünü, bu suallardan bezib-bezmədiyini fikirləşmir. Kimsə başqasının uşağına süd verib verməməsinin, doğuş, ya əməliyyat keçirməsinin, nə vaxt yatıb, nə vaxt durmasının ona bir dəxli olmadığı fikrini bir anlıq da olsa ağlına gətirmək istəmir. Heç kim bu sualların məhrəmliyini, hamilə qadının, ya da yeni ananın ürəyini incidə biləcəyini düşünmür. Soruşsan, hər kəs pis niyyəti olmadığını, ona kömək etmək istədiyini deyəcək. Amma kaş ki, onlar köməyin bu suallar, məsləhətlər deyil, sadəcə onunla birgə sevincinə sevinmək, qayğılarını paylaşmaq olduğunu bilsələr.

Bir də hər qadının və hər uşağın öz orqanizmi, öz təbiəti, hər anayla da övladı arasında sırf özlərinəməxsus bir bağ var. Kimisə kiməsə misal çəkmək problemin çözümü deyil, əksinə, stress qaynağıdır. Yaxşı olardı ki, vəziyyətə bir də bu tərəfindən baxardınız.

Arzusunda olan hər kəsin bu hissləri çevrənin təzyiqlərindən uzaq yaşaması diləyiylə...

 

 

 





15.12.2022    çap et  çap et